Siyasət

Azərbaycan-Hindistan siyasi məsləhətləşmələri

Dünən Yeni Dehlidə Azərbaycan və Hindistan XİN arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib, xəbəri Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, Ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Məmmədov post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyəti barədə məlumatlandırıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi məsləhətləşmələr son vaxtlar Hindistanın Ermənistana silah tədarük etməsi haqqında yayılan məlumatlar, habelə BMT-də Ermənistan-Azərbaycan sərhədində gərginliyin müzakirəsi zamanı Hindistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışları fonunda baş tutub.

Bənzər yazılar

Back to top button