Bizim seçimHadisə

İki oğlu bankir tərəfindən öldürülən ana hansı sirləri açdı?

Niyar Rəhimova: “Övladlarımı qətlə yetirən Zaur Tərlanov nəyi var satıb, qoyub ora”; “Hakim Qail Məmmədov qatilin ömürlük cəzasını müddətli həbslə əvəz edib, haqq-ədalətə yox, haqsızlığa qol qoyub…”

2015-ci il yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimov qardaşlarının anası Niyar Rəhimova Bakı Apelyasiya Məhkəməsinin verdiyi qərardan narazıdır. Deyir ki, oğlanları xüsusi amansızlıqla qətlə yetirilib. Oğlanlarını öldürən “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Tərlanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum olunub. İş Ali Məhkəməyə qədər uzanıb və Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

“Zaur Tərlanov faktiki olaraq bizə qarşı soyqırım törədib”

“İyulun 23-də Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə işə baxıldı. Qail Məmmədov mənim 2 oğlumu odlu silahla qətlə yetirən, faktiki olaraq nəslimizi kəsən Zaur Tərlanovun barəsindəki ömürlük həbs cəzasını müddətli cəza ilə əvəzlədi. Zaur Tərlanlov faktiki olaraq bizə qarşı soyqırım törədib. 2 oğlum vardı, hər ikisini 1 günün içində odlu silahdan atdı, öldürdü. Mənim oğlanlarım əliyalın olublar. Hakim Qail Məmmədov haqq-ədalətə yox, haqsızlığa qol qoyub. Mən ölkə başçısından, 1-ci vitse-prezidentdən dönə-dönə xahiş edirəm, Zaur Tərlanovun barəsindəki ömürlük həbs cəzası bərpa olunsun”.

“Hakim niyə bizə zülm edir?”

Gözüyaşlı ana deyir ki, 2 övladı öldürülüb, hakimlər isə onların ailəsinin əsəblərini tarıma çəkib: “Hakim niyə bizə zülm edir? Niyə imkan vermirlər oğlumun yetimlərini, 3 yetimini saxlayım? Məndən nə istəyirlər? Zaur Tərlanov nəyi var satıb, qoyub ora. Komissiya təşkil etsinlər, yoxlasınlar. Mən Bakı Ağır Cinayətlər Məhkəməsindəki 29 prosesdə iştirak etmişəm. 3 dəfə məni məhkəmədən ”skorı” aparıb. Sonrakı proseslərdə iştirak edə bilməmişəm. Özümdə güc tapıb gedib iştirak edə bilməmişəm. Bakı Ağır Cinayətlər Məhkəməsində Mail Bayramov və Əflatun Qasımov işi araşdırdılar, gördülər ki, mənim oğlanlarım əliyalın olublar, xüsusi amansızlıqla qətlə yetiriliblər. Ona görə də ömürlük həbs cəzası verdilər. Qarşı tərəf də şikayət verdi. İş getdi çıxdı Ali Məhkəməyə. Ali Məhkəmədə Telman Kazımov işi Bakı Apelyasiya Məhkəməsinə göndərdi. Qail Məmmədov da götürüb ləğv elədi”.

İki oğlu öldürülən ana həbsxanadan məktub alıb

Niyar Rəhimova deyir ki, Zaur Tərlanov həbsxanadan ona məktub yazıb: “Məktubunda yazır ki, sənin düşmənin mən deyiləm, düşmənin Xanımdır. Mənimlə düşmənçilik etməyin. Xanım Aslanova özünün qeyri-qanuni yaşadığı qadındır. Məhkəmədə dedilər ki, guya Xanım Aslanovanın mənim balaca oğlum Cavidlə ay yarım yazışması olub. Məhkəmədə oxuyanda dedilər ki, dostluq zəminində olub. Mən bilmirəm ki, o dostluğun içində nə var? Əgər mənim oğlumu Xanımla yazışmaya görə vurubsa, elə gedib Xanımı vurardı. Yəni bu, qeyrət məsələsi olsaydı, belə etməli idi. Zaur 2014-cü il sentyabrın 5-də oğlumu aldadıb qayınatasının evindən küçəyə çağırmışdı. 2 maşınla oğlumu aparıb vəhşicəsinə döymüşdülər. Böyük oğlum Cahid həmin vaxt rayonda idi. Zaur və onun 10-12 nəfər dostu Cavidi beşbarmaqla vurmuşdular, sinəsinə 2 bıçaq yarası yetirmişdilər. Cavid evə gəldi, biz onun durumunu görüb polisə şikayət etmək istədik. Qoymadı, əlimi tutub dedi ki, sən mənim ölmüşüm, bir hadisədir olub, səhvini başa düşüb gəlib üzr istəyər”.

“Zaur Tərlanov mənim 2 oğlumu xüsusi amansızlıqla öldürüb”

Niyar Rəhimova deyir ki, Zaur Tərlanovu bankdan tanıyıblar: “Bankdan kredit götürmüşdük. Zaur həbsdən yazdığı məktubunda Cavidlə çörək kəsdiyini qeyd edir, bu tərəfdən də oğlum haqda saytlara yalan məlumatlar verir, guya oğlumun kriminal aləmdə tanınan biri olmasını çatdırır. Barəmizdə böhtan qalmır yazır. Bizi kriminal adlandırır. Zaur 4 il əvvəl mənim 2 cavan oğlumu 1 günün içində öldürüb. Əgər biz kriminal olsaydıq, onu həbsdə ikən öldürtdürərdik. Axı belə bir şey yoxdur. Övladlarımı öldürüb, özümüzə də şər atır. Məktubunun başqa bir yerində də yazır ki, məni kənardan öyrətdilər, bu cinayətə yönəltdilər. Əslində isə özü gedib silah alıb, silahın lüləsini və qundağını kəsib. Zaur oğlanlarıma qarşı törətdiyi cinayətə əvvəldən hazırlaşıb. Zaur Tərlanov mənim 2 oğlumu xüsusi amansızlıqla öldürüb. Silahı maşının arxa şüşəsinə dirəyib və Cavidi vurub. Cahid maşından düşmək istəyəndə onun ayağından atəş açıb. Cahid maşına minib, qapını bağlayıb. Zaur Tərlanov onun böyründən, döş qəfəsindən atəş açıb. Onun niyyəti mənim hər 2 övladımı öldürmək olub, öldürüb də. Zaur Tərlanov xüsusi amansızlıq edib. Yalandan deyirlər ki, guya mənim övladlarımın üzərində tapança olub. Yoxladılar, məlum oldu ki, bu da yalandır. Bizdə ümumiyyətlə silah olmayıb. Hadisədən sonra ora polislər gəlib, uşaqlarımın üzərində, maşında axtarış aparıblar. Silah olsaydı tapılardı. Xahiş edirəm, bu məsələyə ədalətlə baxılsın. Niyə bizi məcbur edirlər ki, özümüzə qəsd edək? Niyə bizi məcbur edirlər ki, arada başqa qanlar tökülsün? Mən 2 oğlumu amansızcasına öldürmüş Zaur Tərlanovun ömürlük həbsə məhkum edilməsini tələb edirəm. Zaur Tərlanovun pulu var deyə, onu layiq olduğu cəzadan azad etməlidirlər? Yalandan deyirlər ki, guya mənim oğlanlarımı öldürüb və gedib polisə təslim olub. Yalandır! Onu tərk-silah edən polislər gəlib məhkəmədə dedilər ki, Zaur Tərlanov silahlı müqavimət göstərib, onu qorxudublar, başının üstündən atəş açıblar, təslim olmağa məcbur ediblər. Buna görə 2 polis əməkdaşı mükafatlandırılıb. Mənim nəvəmi 5 aylığında yetim qoyan adam niyə pul verib canını qurtarmalıdır? Gəlinim psixoloji sarsıntı keçirib, 4 ildir xəstəxanalardadır. Bu hakimlər Tahir Kazımov, Qail Məmmədov məndən nə istəyirlər? Bu qədər haqsızlıq olar?”

“… Gedib özümü məhkəmənin qapısında yandıracağam”

Niyar Rəhimova hədələndiklərini də açıqlayıb: “Zaur Tərlanovun adamları mənə anonim zənglər vurublar. Qapımıza gətirib məktub qoyublar. 102-yə zəng eləyib demişəm. Bundan sonra gəlib bizi pulla ələ almağa çalışdılar. Tələb edirlər ki, bu işdən geri çəkilim. Onu əfv edim. Zaur Tərlanov mənim 2 oğlumu amansızcasına öldürüb, mən onu əfv etməyəcəyəm. Xahiş edirəm, Zaur Tərlanovun barəsindəki müddətli həbs cəzası haqda qərar ləğv olunsun, onu ömürlük həbsə məhkum etsinlər. Etməsələr gedib özümü məhkəmənin qapısında yandıracağam. Mənim həyatım alt-üst olub. Mən yaşaya bilmirəm. 2015-ci il yanvarın 8-dən mən yaşamıram. Zaur Tərlanov evlərini, əmlaklarını satıb. Həmin pulları kimə verib? Qail Məmmədov, Tahir Kazımov niyə haqsızlıq edirsiz?”

Yeni Müsavat

Bənzər yazılar

Back to top button