GündəmManşetSiyasət

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın xeyrinə casusluqda ittiham olunan bloger İşxan Verdyan məhkəmədə təqsirsiz olduğunu sübut etməyə hazırdır, bu barədə ailəsi ilə birlikdə İstanbulda yaşayan Verdyan Turan Agentliyinə müsahibəsində bildirib.

“Mən ictimai çıxışlarımda, heç bir postumda Ermənistan qanunvericiliyini bir dəfə belə pozmamışam, Azərbaycan qanunvericiliyini də, məhkəmədə təqsirsiz olduğumu sübut etməyə hazıram. Hakim məni, tutaq ki, beş illik birnəfərlik kameraya göndərsə də orada beş kitab yazaram, indi olduğu kimi zavodda işləyərək ailəmi dolandırmaq məcburiyyətində qalmaram”, deyə İ.Verdyan bildirib.

Bloger ötən ilə qədər Yerevanda yaşayırdı, amma müalicəsi üçün Ermənistanda pul qazanmağın qeyri-mümkün olduğu xəstəliyi ilə əlaqədar ailəsi ilə birlikdə İstanbula köçməli olub. Burada o, fabrikdə işləyir.

“Bu ittihamlarda mənim tam adım yoxdur, İ.V. inisialları yazılıb, mənim fotoşəklim yoxdur və təqsirləndirilən şəxsin İstanbulda yaşadığı, azərbaycanlılarla ünsiyyətdə olduğu və siyasi sığınacaq istədiyi deyilir. Hüquqi olaraq ittiham mətnində mənim adım çəkilmir ki, ittiham tərəfi geri addım ata bilsin və başqa adamı nəzərdə tutduğunu deyə bilsin. Amma onlar dediklərində israr edəcək qədər axmaqdırlarsa, mən bunun sırf siyasi təqib olduğunu sübut edəcəyəm. Dövlət mənim həyatım üçün zəmanət verirsə, söz verirəm ki, məhkəməmdə iştirak etmək üçün Ermənistana gələcəyəm və sübut edəcəyəm ki, CM-də mənim düşmən tərəfinə keçdiyimi göstərən heç bir maddə yoxdur”, deyə İ.Verdyan izah edib.

“Mənim məqalələrimdə qanunazidd heç nə tapmaq olmaz. Onlar real olaraq siyasi təqibə əl atır və hakim ələ alınmış olsa belə, bunu məhkəmədə sübut etmək olar. Bu məhkəmə prosesi tarixdə qalacaq”, deyə Yerevanın təqib etdiyi bloger əlavə edib.

İki Ermənistan vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işləri açılıb. Təqsirləndirilənlərdən biri bir müddət əvvəl Gürcüstana qaçıb və Azərbaycandan sığınacaq istəyib, digəri isə Türkiyəyə qaçıb, bu barədə avqustun 12-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Onlardan biri məşhur bloger İşxan Verdyandır, digəri isə Vaqe Qambaryan adlı şəxsdir. Ermənistan prokurorluğu Qambaryanın 2017-ci ildə Azərbaycan kəşfiyyatı tərəfindən “erməni dövlətinə qarşı təxribatçılıq fəaliyyəti həyata keçirmək üçün cəlb edildiyini və daim Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əlaqədə olduğunu” bildirib.

Bu ilin iyununda o, Gürcüstan ərazisinə keçib, avqustun əvvəlində isə videomüraciət yayaraq, Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.

İşxan Verdyana gəlincə, o, Türkiyədə, İstanbulda yaşayırdı, Ermənistan prokurorluğunun iddiasına görə, o da xarici kəşfiyyat tərəfindən cəlb olunub. O da Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib və Xankəndində yaşamaq istəyib.

“Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində cinayət işləri açılıb”, deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button