Hadisə

Elmar Vəliyevin qardaşı “Dövlət Məşğulluq Agentliyi”ni məhkəməyə verdi – 3,6 milyon manatlıq mübahisə

“Rusel” şirkətinin “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas oktyabr ayının 1-nə təyin olunub.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, məhkəmə iclasına Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova sədrlik edəcək.

Məhkəmə iddiası “Rusel” şirkəti ilə “Dövlət Məşğulluq Agentliyi” arasında bağlanan müqavilənin ləğv olunması ilə əlaqədardır.

Məlumat üçün bildirək ki, bu ilin mart ayında “Dövlət Məşğulluq Agentliyi”nin keçirdiyi tender müsabiqəsinin qalibi “Rusel” şirkəti (VÖEN- 1600133861) olub. Tenderin şərtlərinə görə, “Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün “Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcəkdi. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilirdi. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün “Dövlət Məşğulluq Agentliyi”nin “Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcəyi qeyd olunurdu.
Məlumat üçün bildirək ki, “Rusel” şirkəti 23.06.1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, “Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin və Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin prezidentidir.

Bənzər yazılar

Back to top button