Hadisə

Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxundu: 17 il 6 ay həbs

Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə elan edilib.

Hökmə əsasən o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

Məlum olub ki, A.Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanıb və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb. (report.az)

Bənzər yazılar

Back to top button