İqtisadiyyat

“Rusiya istehsallı mallar ucuzlaşmalı olsa da, bu, baş verməyəcək, çünki…”

Son günlər Rusiyada rublun ucuzlaşması davam edib. Hətta bu həftənin əvvəlində 1000 rubl 17 manatdan da aşağı düşmüşdü. Hərçənd, son gündə rubl bir qədər bahalaşıb (1000 rubl hazırda 17 manatdan yüksəkdir).

Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi son illər artmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin birinci yarısında 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 592.3 milyon dollar və ya 37.7 faiz çoxdur. Həmin dövrdə Azərbaycan Rusiyadan 1.5 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 621.1 milyon dollara bərabər olub.

Bütün bunları nəzərə alaraq, rublun dəyərdən kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Üstəlik, Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşları ölkələrinə pul göndərir.

Qızı Sankt-Peterburqda aşpaz işləyən, özü isə Bakıda yaşayan Sürəyya Novruzova ( ad və soyad şərtidir) AzadlıqRadiosuna bildirib ki, əvvəl qızı ayda ona 600 dollar ekvivalentində pul göndərirdisə, indi bu, 450-yə düşüb: “İş var, amma əvvəl 600 dollar 36 min rubl edirdisə, indi 60 min rubl edir. Qızım maaşını rublla alır deyə, artıq əvvəlki kimi göndərə bilmir”.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri iki dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Ölkədən xaricə köçürmələrin isə 40.2 faiz və ya 215.5 milyon manat azaldığı bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Turana bildirib ki, rublun ucuzlaşması Azərbaycana ciddi təsir etməyəcək: “Bu ilin ilk yarısında Azərbaycanın 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Bu isə o deməkdir ki, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb”.

Lakin, deputatın sözlərinə görə də, rublun dəyərdən kəskin düşməsi Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcminə təsirsiz ötüşməyəcək: “Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən vəsaitlərin həcminin azalda bilər. Digər tərəfdən, rublun və bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir, bu da Azərbaycanın qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər”.

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna bildirib ki, rublun dəyərdən düşməsi Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə görə ona Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla bağlıdır: “Bu proses davam edəcək və rubl dəyərdən düşməyə davam edəcək”.

Onun sözlərinə görə, rubl dəyərdən nə qədər düşəcəksə, Azərbaycana Rusiyadan idxal edilən ərzaqlar ucuzlaşmalıdır: “Azərbaycan bu məsələdən qazanacaq, çünki rubl dollara nisbətdə ucuzlaşır. Azərbaycan isə Rusiyadan malları dollarla alır. Əslində marketlərdə satılacaq Rusiya istehsallı mallar ucuzlaşmalı olsa da, bu, baş verməyəcək, çünki bu vəziyyətdən ancaq idxalçılar qazanacaq”.

Onun fikrincə, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarını ixrac edənlər isə çətinliklərlə üzləşəcək: “Həmin mallar bahalaşacaq və Rusiya bazarındakı qiymətlərə uyğun olmayacaq. Bununla da bizim ixracatçılarımız itirəcək”.

Z.İsmayıl vurğulayır ki, Rusiyada işləyən Azərbaycan vətəndaşları ölkəyə ciddi vəsaitlər göndərirlər: “Təbii ki, onlar üçün də çətinliklər yaranacaq. Rublun dəyərdən düşməsi o deməkdir ki, onlar Azərbaycana daha az pul göndərəcəklər. Rubl ucuzlaşdıqca Rusiyada işləyən azərbaycanlı biznesmenlər daha çox itirəcək”.

Hələlik, Azərbaycanın ticarət şəbəkələrində Rusiya istehsalı olan məhsullarda ucuzlaşma müşahidə edilmir.

Bənzər yazılar

Back to top button