İqtisadiyyat

Çörəyin qiyməti 1 manat ola bilər – Ekspert

Azərbaycanda un və un məmulatlarının qiyməti kəskin bahalaşacaq.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, hazırda regionlarda 50 kiloqramlıq un kisələrinin qiyməti 38 manatdan 43 manata qədər bahalaşıb: “Artıq 3 gündür ki, rayonlarda un bu qiymətə satılır. Hətta bəzi rayonlarda, məsələn, Goranboyda, Şəki, Zaqatala bölgəsində 45 manata satılır. Regionlarda ümumi ölkə üzrə unun qiymətində 13-15% arasında bahalaşma var. Belə olan da ola bilməz ki, çörəyin qiyməti qalxmasın. 50 qəpiklik çörəyin qiyməti 5 qəpik artacaq. Bunun özü də böyük rəqəmdir. Çörəyin qiymətinin 5 qəpik artmasını deyirlərsə, bu ən ucuz satılan çörəyin qiymətinə şamil olunur. Unu baha alan sahibkar inanmıram ki, çörəyi ucuz satsın”.

Vahid Məhərrəmov deyir ki, əgər unun qiyməti 13-15% bahalaşıbsa, deməli, çörək də ən azı bu qədər bahalaşacaq:

“Bir neçə un satan sahibkarlarla danışdım. Onlara deyiblər ki, bu gün 50 qəpiyə satılan çörək bundan sonra 60 qəpiyə satılacaq. Əvəllər 30 qəpik idi. Bir il ərzində çörəyin qiyməti 100% bahalaşıb”.

Ekspert artımın son olmadığını vurğulayıb: “Bahalaşma davam edəcək. Qonşu ölkədə, Rusiyada buğda istehsalında çox ciddi azalma gözlənilir. Azərbaycan da Rusiydan buğda idxal etdiyi üçün ölkədə buğda ilə bağlı problem olacaq. Hazırda kəndlilərdən buğdanın kiloqramını 70-75 qəpiyə alırlar. Əksəriyyəti də satmaq istəmir ki, ilin sonuna qədər 1 manata qədər bahalaşacaq”.

Bənzər yazılar

Back to top button