İqtisadiyyat

KİV: “BTQ dəmir yolu xətti Transxəzər marşrutunun Avropa istiqamətində davamlılığını təmin edir”

“Azərbaycan və Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə fəaliyyətlərini aktivləşdirib”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Müəllif qeyd edib ki, Çinin “Bir kəmər, bir yol layihəsi” layihəsi çərçivəsində dəmir yolu marşrutu Avropaya məhsulların çatdırılması üçün vacibdir: “Bu baxımdan Mərkəzi Asiya ölkələri, eləcə də regiondakı geopolitik mövqeyinə görə Azərbaycan sözügedən marşrut üçün mühüm əhəmiyyət kəsb edir”.

Məqalədə vurğulanır ki, rəsmi Bakı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna böyük önəm verir, çünki bu layihə Çinlə ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli hesab edilir: “3 500 kilometrlik bu marşrut həmçinin Qazaxıstan Dostık şəhəri ilə Azərbaycanın paytaxtı Bakı şəhərini birləşdirir”.

Məqalədə 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyəti xüsusi olaraq vurğulanır, bu yolun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunın Avropa istiqamətində davamlılığını təmin etdiyi qeyd olunur. Müəllif hətta Mərmərə dənizindən keçməklə Çindən Avropaya göndəriləcək ilk yük qatarının dekabrın 5-də İstanbula çatacağını bildirir.

Bundan başqa, yazıda deyilir ki, Çindən başlayaraq Qazaxıstan Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanacaq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ümumilikdə 4 766 kilometr olacaq: “Yüklərin 508 km məsafədə dənizlə daşınması nəzərdə tutulur. Qazaxıstana göndəriləcək məhsullar Xəzər dənizi vasitəsilə gəmilərlə Azərbaycana çatdırılacaq. Analizlərə əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam fəaliyyətindən sonra üzv ölkələr ilk ildə 1 milyard dollar gəlir əldə edəcəklər”.

Yeri gəlmişkən, bu ilin I rübündə Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) ilə daşınan yüklərin hesabına 156,468 milyon manat gəlir əldə edib.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları marşruta qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. Bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə daşınır.

Bənzər yazılar

Back to top button