ManşetSiyasət

Azərbaycan və Rusiya xüsusi xidmət torları

Rusiyanın dossier.center saytında Yerevandan “saqqal” və Bakıda yumşaq güc adlı məqalə dərc edilib. Rusiyanın xüsusi xidmət orqanları üçün maraqlı olan 76 nəfər Azərbaycan vətəndaşının siyahısını dərc edən bu sayt, həm də humanitar və mədəni tədbirlər, təşkilatlar adı altında Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşlarının “yumşaq güc”dən istifadə edilməsini göstərib.

Məqalədə göstərilən maraqlı məqamlar və eləcə də siyahı barədə politoloq Ərəstun Oruclu ASTNA-nın suallarına cavab verib.

***

– Ərəstun bəy, dossier.center saytının dərc elədiyi Azərbaycandakı Rusiya agentlərinin bir hissəsinin siyahısı barədə yəqin ki, xəbərdarsınız. Belə bir siyahının məhz indi yayılması çox maraqlıdır. Sizcə, nə baş verir? Belə bir siyahının indi yayılması təsadüfdürmü?

Əlbəttə, siyahı haqda məlumatım var və ona münasibətimi sosial şəbəkələrdə artıq bildirmişəm. Öncə onu deyim ki, həmin siyahı ən yumşaq şəkildə ifadə etsək, nə bu sahədəki reallığı, nə də ki Rusiya xüsusi xidmətlərinin Azərbaycandakı fəaliyyətinin miqyasını əks etdirir. Onun indi üzə çıxarılması isə heç də təsadüfən bu gün – Azərbaycanla Rusiya arasında münasibətlərin soyuduğu bir dövrdə baş verməyib. Bəli, mən heç də təsadüfən “üzə çıxarılması” demədim. Çünki zənnimcə, həmin siyahı hər şeydən əvvəl mesaj xarakteri daşıyır və elə bu məqsədlə də ortaya atılıb. Sadəcə, bütün bunların inandırıcı görünməsi üçün Xodorkovskiyə məxsus olduğu

iddia edilən dossier.center saytından istifadə olunub. Çox güman ki, siyahı Rusiya xüsusi xidmətlərinin özləri tərəfindən ya hansısa kanallarla sızdırılıb, ya da elə birbaşa sayta təqdim olunub. Bu, xüsusi xidmət orqanlarının ənənəvi iş metodlarından biridir.

– Həmin siyahılarda adı olan adamların əksəriyyəti ictimaiyyət arasında prezidentin keçmiş köməkçisi Əli Həsənova yaxınlığı olan şəxslər kimi tanınır. Əli Həsənovun vurulduğu, hətta bəzi versiyalara görə, həbsinə hazırlıq getdiyi bir dönəmdə bu siyahı yayılır. Sizcə, bu, Əli Həsənova qarşı addım ola bilərmi? Və ya bəlkə Əli Həsənov tərəfindən bu siyahı yayılmaqla kimlərəsə hansısa mesaj verilir?

– Siyahıda ilk növbədə diqqət çəkən məqamlardan biri adı çəkilən şəxslərin mütləq əksəriyyətinin hakimiyyətə yaxın və ya ona birbaşa bağlı şəxslər olmasıdır ki, elə bu da təsadüf kimi dəyərləndirilməməlidir. Doğrudanmı Azərbaycandakı müxalifət partiyalarının və ya vətəndaş cəmiyyəti qurumlarının sıralarında Rusiya agenturası yoxdur? Əlbəttə ki, var, özü də yetərincə. Elə son bir ayda baş verən hadisələri diqqətlə izləmək kifayət edərdi ki, belələrinin nəinki olmasını, hətta unison fəaliyyət göstərməsini müşahidə edəsən. Məntiqlə, Rusiya hakimiyyətinə müxalif mövqedən çıxış edən sayt ilk növbədə elə onları ifşa eləməli idi. Amma dediyim kimi, bunun tam əksini görürük. Üstəlik də söhbət əsasən cəmiyyətdə, ictimai-siyasi həyatda xüsusi rolu olmayan şəxslərdən gedir. Doğrudanmı Rusiya boyda dövlətin dünyanı lərzəyə gətirən, ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələrdə siyasi təlatümlər yaradan kəşfiyyat qurumları Azərbaycanda belə bir kəsimlə əməkdaşlıq qurub? Belə iddialar əlbəttə ki, gülünc, hətta absurddur. Çox güman ki, siyahının açıqlanması mesajdan başqa, həm də hansısa çoxmərhələli əməliyyatın bir hissəsidir. Qaldı Əli Həsənova, məncə, məsələ heç də fərd olaraq onunla bağlı deyil. Sadəcə, ictimai-siyasi sektoru uzun illər ərzində o, kurasiya edib. Elə buna görə də bütün şübhə və mülahizələr onunla əlaqələndirilir. Yeri gəlmişkən, mənə elə gəlir ki, həmin olduqca müəmmalı siyahıda adı çəkilən insanları birmənalı Rusiya agenti kimi qəbul və ya təqdim etmək də tamamilə yanlış yanaşmadır. Çünki buna nə hüquqi, nə də faktoloji əsas var. Bu, adi bir dezinformasiya da ola bilər. Unutmayaq ki, söhbət casusluq və dövlətə xəyanət kimi ağır cinayətlərdən gedir.

– İllərdir hakimiyyətdə və ölkə daxilində Rusiyanın 5-ci kolonunun fəaliyyət göstərdiyi deyilir. Bu siyahıda adları olanlar isə elə də böyük adamlar deyil. Yəni, bu, çox güman aysberqin görünən tərəfidir. Amma aysberqin görünməyən, su altında qalan böyük hissəsi hələ də naməlumdur. Aysberqin görünməyən böyük hissəsindəki adamları necə müəyyənləşdirmək olar? Onların adı çəkilmədən belə bir siyahının yayılmasında məqsəd nədir?

– 200 il ərzində öncə Rusiya imperiyasının, ardınca isə SSRİ-nin tərkib hissəsi olmuş ölkələrdə, o cümlədən də Azərbaycanda Rusiya 5-ci kolonunun olması tamamilə təbiidir və elə mən özüm də dəfələrlə bu barədə danışmışam, yazmışam. Amma sizin də dediyiniz kimi, həmin siyahıda olanların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatına təsiri son dərəcə cüzidir. Belə olduğu halda da onları 5-ci kolon və ya onun bir hissəsi hesab etmək yalnız özünü aldatmaq olardı. Rusiya 5-ci kolonu Azərbaycanda bütün sahələri hörümçək toru kimi əhatə edərək təxribatlar, sabotajlar və digər pozucu əməllər həyata keçirməkdə və ölkənin inkişafının qarşısını almaqdadır. Bu gün isə tam məsuliyyətlə deyirəm ki, ölkədə çevriliş və ya ən azı vətəndaş qarşıdurması həyata keçirməyə hazırlaşır. Bunun bütün əlamətləri günü-gündən özünü daha qabarıq şəkildə göstərməkdədir. Bəlkə elə məqsədlərdən biri də həmin ərəfədə belə siyahı ilə baş qatmaq, diqqəti ciddi gücə, imkanlara malik olan agentura şəbəkəsindən yayındırmaqdır. Odur ki, mən bu məsələdə diqqətli və təmkinli olmağın tərəfdarıyam, çünki olduqca kövrək vəziyyətdə və ziddiyyətli dönəmdə olan bir ölkə üçün yanlış müzakirələr ən gözlənilməz fəsadlara yol aça bilər. Aysberq isə var, əlbəttə, amma onun özünü, ya da kiçik bir parçasını bizə göstərən deyillər. Onu tapmaq və zərərsizləşdirmək Azərbaycanın xüsusi xidmət orqanlarının vəzifəsidir.

– Son vaxtlar ölkə gündəmində Ramiz Mehdiyev, Eldar Həsənov, Əli Həsənov, hətta Nəcməddin Sadıqovun adları tez-tez hallanır. Və bu şəxslərin Rusiyaya bağlı olduğu barədə fikirlər səsləndirilir. Bunu əsas tutaraq, cəmiyyətdə Rusiyanın destruktiv siyasəti mövzusunun gündəmdə saxlanması nədən xəbər verir? Ola bilərmi ki, bu mövzunun gündəmdə saxlanması hansısa siyasət dəyişikliyinə hesablanıb. Çünki son vaxtlar Türkiyə ilə daha da yaxınlaşma mövzusu da gündəmdədir. Yəni ola bilərmi, “böyük qardaş” siyasətində hansısa dəyişiklik olsun, Rusiyanı Türkiyə əvəzləsin?

– Adını çəkdiyiniz şəxslər hər zaman Rusiyaya loyallığı ilə tanınıblar və bu mənada onların mövqeyində heç bir sürpriz görmürəm. Bəli, dəfələrlə yazmışam və demişəm ki, Azərbaycanda Rusiyanın nəhəng 5-ci kolonu mövcuddur və ölkə həyatının bütün sahələrini əhatə edir. Bir çoxlarını isə tam nəzarətdə saxlayır. Onlar ölkənin iqtisadi inkişafına maneələr yaradırlar, elm, təhsil və səhiyyə sistemini dağıdırlar, orduya qarşı açıq-aşkar cinayətlər törədirlər. Amma bütün bunlar dövlət başçısının susqun reaksiyası fonunda baş verir. Bəzən isə həmin təxribatçılar hətta mükafatlandırılaraq yeni cinayətlər törətməyə də ruhlandırılırlar. Buradan da təbii sual ortaya çıxır ki, yəni, İlham Əliyev və onun hakimiyyəti Rusiyadan bu qədərmi çəkinir ki, onun dövlətə, xalqa qarşı cinayətlər törədən casusları üçün belə imkanlar yaratmağa məcbur olub? Təəssüf ki, bu sualın cavabını mən bilmirəm və belə davranışın məntiqini də tutmağa çətinlik çəkirəm. Sağlam məntiq deyir ki, onların hamısını da olmasa, əsas hissəsini qətiyyətlə zərərsizləşdirmək lazımdır. Bunun da ən optimal yolu törətdikləri cinayətlərə görə həbs edib, Azərbaycan Respublikasına qarşı törətdikləri cinayətlərin sifarişçiləri haqda ifadələrini almaq və sonra da bəlli sxem üzrə davam etməkdir. Amma gördüyümüz kimi, hələlik onların yeni cinayətlərə ruhlandırılması baş verir. Odur ki, mən hansısa Rusiya 5-ci kolonunun sıradan çıxarılmasını və ya Rusiyanın “böyük qardaş” rolunda Türkiyə ilə əvəzlənməsini deməyə heç bir əsas görmürəm. Daha çox görünən budur ki, hakimiyyət Türkiyəyə doğru reveranslar etməklə Rusiyadan loyallıq qazanmağa çalışır. Problem isə ondadır ki, Rusiya özü Əliyevlərlə tərəfdaşlığa çox da meylli görünmür. Çünki Kremldə düşünürlər ki, Rusiyanın Azərbaycanda daha etibarlı tərəfdaşları var. Bütün baş verənlər fikrimcə, hakimiyyətdaxili konstruksiyanın dəyişdirilməsinə, yəni hakimiyyətin ailə daxilində rotasiyasına hesablanıb. Amma zaman keçdikcə bunun mümkün olacağı daha az inandırıcı görünür. Başqa sözlərlə, zaman İlham və Mehriban Əliyevlərin əksinə işləyir, üstəlik də bir-birinin ardınca kobud səhvlərə yol verilir ki, bu da həmin rotasiyanı daha da çətinləşdirir.

– Ümumiyyətlə, baş verənləri ölkəni çalxalamaq istəyi kimi qiymətləndirənlər var. Siz son baş verənləri necə qiymətləndirirsiniz? Doğrudanmı ölkəni kimlərsə daxildən və ya xaricdən çalxalamağa çalışır? Əgər belədirsə, bu çalxalanmanın nəticəsi nə ola bilər? Ümumiyyətlə, yaxın vaxtlarda Azərbaycanda və regionda hansı proseslər baş verə bilər?

– Mən dəfələrlə demişəm ki, son dövrlər baş verənlər ölkəni uçuruma aparır və həmin prosesin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bir daha deyirəm ki, bəli, istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda Azərbaycana qarşı hansısa məkrli bir planın həyata keçirilməsinə hazırlığın getdiyi hiss olunur. Belə bir hadisə baş verərsə, ölkə uzunmüddətli xaosa, hətta vətəndaş qarşıdurmasına sürüklənə bilər ki, bu da nəinki müstəqilliyi və suverenliyi, hətta ölkənin fiziki mövcudluğunu belə sual altına qoya bilər. Unutmayaq ki, bütün danışdıqlarımız Azərbaycan və region uğrunda gedən ağır geosiyasi çəkişmələr fonunda baş verir ki, belə mübarizələrdə planlar son nəticədə ölkələrin daxilinə təsir etməklə reallaşdırılır. Elə həmin səbəbdən də bu gün daxili sabitlik əvvəlki dövrlərdən daha önəmlidir. Amma bunu zorakılıq, şərləmələr, təqiblər, həbslər və s. bu kimi yollarla həyata keçirməyə çalışmaq həmin dağıdıcı prosesi bir qədər də sürətləndirə və dərinləşdirə bilər. Ən azı ona görə ki, yuxarıda dediyim kimi, 5-ci kolon var və o, iş başındadır. Bu gün ölkədə hakimiyyət-xalq anlaşmasına ehtiyac var və bu, vəziyyətdən çıxmağın bir tək optimal görünən yoludur. Bu, olacaqmı? Bilmirəm, çünki hələlik olacağının əlamətlərini görmürəm.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button