İqtisadiyyat

Ekspert: “Pirşağı dəmir yolunun açılışı əlamətdar hadisədir”

“Bakı-Sumqayıt dairəvi dəmir yolu xəttinin üzərində yerləşən “Pirşağı stansiyası”nın yenidən qurularaq vətəndaşların istifadəsinə verilməsi əlamətdar hadisə sayılır və sərnişindaşımanın inkişafına xidmət edir”.

Bunu “Finans.az”a açıqlamasında dəmir yolu üzrə ekspert Yasin Mustafayev bildirib.

Onun sözlərinə görə, tezliklə Bakı və Sumqayıt arasında hərəkət edən qatarlar bu stansiyadan da keçəcəklər ki, bu da Pirşağıda və yaxın ətrafda yaşayan minlərlə insanın nəqliyyat işini asanlaşdıracaq.

Y.Mustafayev onu da qeyd edib ki, Azərbaycan hökuməti dəmir yolu nəqliyyatının təkmilləşdirilməsi ilə bağlı qarşısına quyduğu həfədlərin hamısına tədricən çatmaqdadır: “Əvvəllər avtomobil yollarında inkişaf dəmir yollarını üstələyirdi, lakin son zamanlar bunu əksi baş verir. Pirşağı dəmir yolu stansiyasının açılması bu inkişafın tərkib hissəsidir.

Ümumiyyətlə, Bakı dairəvi dəmir yolu xəttinin sosial əhəmiyyəti böyükdür. Çünki avtomobil yollarında tıxaclar olur, odur ki, dəmir yolları sərnişindaşımada böyük əhəmiyyətə malikdir. Məsələn, Bakı-Sumqayıt yolu sıxlığın müşahidə edildiyi əsas yollardandır. İki şəhər arasında məsafəni qatarla qət etmək rahatlıq və təhlükəsizlik deməkdir. Bakı dairəvi dəmir yolu xətti tam işə düşdükdən sonra bu inkişaf böyük rəqəmlərlə ölçüləcək, dəmir yoluna daha çox üstünlük veriləcək, avtomobil yollarındakı sıxlıq tədricən aradan qalxacaq, həmçinin yol qəzaları azalacaq”.

Xatırladaq ki, noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı dairəvi dəmir yolu xəttinin Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub. Dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Bakı dairəvi dəmir yolunun uzunluğu yan yollarla birlikdə 200 kilometrə yaxındır: “Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Bu dəmir yolunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80%-i, elektrik, rabitə və işarəvermə işlərinin isə 70%-i yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70%-ə qədərini yerinə yetirmişik. Birinci hissə, Abşeron dairəsini – yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol bu ilin sonuna qədər tamamlanacaq”.

Bənzər yazılar

Back to top button