AnalitikaDünyaManşet

45+45 dəqiqənin hikmətləri

Türkiyə dövlət başçısının Lvova 4-5 saatlıq səfərini səhər açılmadan “vasitəçilik” kimi xarakterizə etməyə çalışanlar, şübhəsiz ki, bu işi təlimatla görürlər. Çünki Rusiyanın Ukraynaya hücumuyla başlayan savaşın hal-hazırkı mərhələsində nəinki Türkiyənin, heç bir ölkənin “vasitəçiliyindən“ söhbət gedə bilməyəcəini hamıdan yaxşı cənab Erdoğan bilir. Başda ABŞ və NATO olmaqla, Yaponiyadan Yeni Zelandiyaya qədər təxminən 50 ölkənin işğalçıya qarşı cəbhə aldığı vaxtda 70 ildən bəri NATO üzvü olan Türkiyənin tək başına `vasitəçilik` təşəbbüsüylə çıxış etməsi mümkündürmü? Lvov səfərinin proqramına baxsaydılar: Ukrayna prezidentiylə 45 dəqiqə təktəbətək görüş, daha sonra BMT Baş katibinin də iştirakıyla 45 dəqiqəlik üçtərəfli görüşün nəzərdə tutulduğunu görəcəkdilər.

Mərhum ilahiyyat professoru Yaşar Nuri Öztürkün tez-tez təkrarladığı “Allah ağıl verib, beyin verib”- sözlərinə istinad etsək, Allah ağıl-beyin veribsə, 45 dəqiqədə(vaxtın yarısının tərcüməyə gedəcəyini hesaba qatanda maksimum 25 dəqiqə olur) Türkiyə dövlət başçısı Ukrayna prezidentinə “Vasitəçiniz mənəm, bu təkliflərlə gəlmişəm, bunları qəbul et, vasitəçi kimi bir neçə gün içində Rusiya dövlət başçısıyla görüşəcəyəm”- deyəcəkdi, eləmi?

Yoxsa hər şey əvvəlcədən hazır idi, cənab Erdoğan Ankaradan Polşaya uçaraq, oradan quru yoluyla 2.5 saata Lvova varıb Zelenskiylə çay-qəhvə içəndən sonra otağa BMT Baş katibi gəlib o da 1 fincan qəhvə içdi və hərə öz evinə getdi? Vasitəçilik bu qədər asan iş imiş demək.

Xatırlatmaq lazım gəlsə – 1998-ci ildə BMT Baş katibi Kofi Annan İraq diktatoru Səddam Hüseynə vasitəçilik təklif etmək üçün Bağdada gedəndə bağlı qapılar arxasında düz 10 saat tər tökdüyünü Səddam təklifləri qəbul etmədiyini örnək kimi göstərə bilərik…

Türkiyə dövlət başçısının 3-4 saatlıq Lvov səyahətinin bir neçə məqsədi vardı ki, bunların başında mart ayından bəri Qərbdən yüksələn tənqidlərə cavab vermə niyyəti gəlirdi. Bəli, martın 29-da Rusiya və Ukrayna heyətləri İstanbulda görüşəndə cənab Erdoğanın Rusiya heyətinə hərarətli münasibət nümayiş etdirərək işin əvvəlindən Türkiyəni “vasitəçi” kimi göstərmək istəməsi başda Vaşinqton olmaqla, Qərbin bəzi paytaxtlarında “donquldamalara” səbəb olmuş və işin əvvəlində alçaq səslə dilə gətirilən etirazlar Putin ilə Erdoğan arasındakı təkbətək, heyətlərarası görüşlərin və telefon danışıqlarının sayı artdıqca önəmli media qurumlarından və analiz mərkəzlərindən yüksələn etirazlardakı tənqidin dozası da artmışdı. Təkcə Türkiyənin dövlət idarəçiliyində deyil, beynəlxalq münasibətlər sahəsində də böyük təcrübə qazanmış cənab Erdoğan indiki durumda media və analiz mərkəzrləri tərəfindən edilən bu xəbərdarlıqların qısa müddət içində dövlətlərdən də gələ biləcəyini sezdiyinə görə, Lvova gedib-qayıtmağı qərarlaşdırdı.

Səfərin birinci məqsədi “Ukrayna ilə də görüşürük”- mesajını vermək idi. Bir neçə saatlıq Lvov səfəri Qərbdən yüksələ biləcək tənqidi səslərin qabağını ala biləcəkmi? Bunu Rusiya ilə münasibətlərin yaxın gələcəkdəki durumu müəyyənləşdirəcək. Əgər bir neçə saatlıq Lvov səfərinin məqsədi “Baxın, Ukraynaya da gedib-gəldik” – mesajını Qərbə çatdırmaqdan ibarət deyildisə, onda Ankara ilə Kiyev arasındakı münasibətlərin dərinləşdirilməsi prosesi yaxın müşahidə altına alacaq (təbii ki, Ankaranın dərinləşdirmə həmlələri olacaqsa). Bir neçə saatlıq Lvov səfərinin başqa bir məqsədi də Ankaranın Moskvadan daha çox güzəşt qoparmaq niyyətidir və əlinə fürsətlər keçməsi halında cənab Erdoğanın bundan məharətlə istifadə edəcəyinə heç kimin şübhəsi olmamalıdır.

Ancaq hər şeyə rəğmən sualı veriib cavabının alınması lazım olan üç məsələ var:

Vasitəçiliyi sizdən istəyən varmı? (söhbət konkret Türkiyədən getmir)
Vasitəçiliyin şərtlərini yerinə yetirməyə nə qədər gücünüz var?
Mövcud durumun ən güclü aktorları bu vasitəçiliyə hərarətli baxırmı?

Türkiyə 2000-ci illərin əvvəllərindən İsrail-Fələstin problemini “həll etmək üçün” Ahmet Davutoğlunun təşəbbüsüylə “vasitəçiliyə” başlayanda Hamas təşkilatını sistemə inteqrasiya edib İsrail ilə barışdırmağı hədəfləyirdi. Təşəbbüsün nəticəsi Yerusəlimin paytaxt olması və tanınmasıdır. 1 may 2009-cu ildə xarici işlər naziri olan Davutoğlu “Qonşularla sıfır problem” siyasətini həyata keçirəcəyini bəyan etmişdi. O siyasətin nəticəsini də hamı gördü…

“Yandaş” medianın biçdiyi “vasitəçilik” missiyasını yaxından izləmək peşə borcumuzdur.

Mayis Əlizadə

Mənbə: Turan

Bənzər yazılar

Back to top button