İdman

“Napoli”nin atası Azərbaycan vətəndaşı olan “yeni Maradona”sı… – Dosye + Fotolar

Gürcüstanlı gənc vunderkind Xviça Kvaratsxeliya bu ilin yayında “Napoli”yə transfer olduqdan sonra sezona fırtına kimi başladı. Elə buna görə də artıq italyan azarkeşlər ona Dieqo Armando Maradonanın şərəfinə “Kvaradona” ləqəbini veriblər.

AzToday.az Teleqraf.com-a istinadla xəbər verir ki, 21 yaşındakı gürcü oyunçu 2022-ci ilin iyul ayında “Dinamo Batumi” klubundan İtalyanın “Napoli” klubuna keçmişdi. Napoli prezidenti Aureliyo Di Laurentis bu transfer üçün qarşı tərəfə 10 milyon avro ödəməli oldu. Artıq komanda daxilindəki şəxslər və azarkeşlər bu məbləğin çox az olduğunu və “Kvaradona”nı digər Avropa nəhənglərindən” oğurladıqlarını” söyləyirlər.

Kvaratsxeliya 2019-cu ildən Gürcüstan milli komandasına çağırılır və baş məşqçi Temuri Ketsbayanın rəhbərliyi altında 19 oyuna 10 qol vurmağı bacarıb.

Xviçanın Azərbaycanla da əlaqəsi var. Atası Badri Kvaratsxeliya Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır: O, 1997-98-də “Kəpəz”in, 1998-2005-ci illərdə isə “Şəmkir”in heyətində çıxış edib. Badri Azərbaycana gəlmiş ən güclü legionerlərdən biri hesab olunur. Ölkəmizdə olduğunu illər ərzində “Kəpəz” və “Şəmkir”in heyətində 3 dəfə çempionluq yaşayıb, bu oyunlarda ümumilikdə 71 qol vurub. “Çempionlar Liqası”da ilk dəfə mərhələ adlayan komandamız “Şəmkir”in heyətində Latviyanın “Skonto” komandasına qarşı Bakıda 3 qol vuran Badri, bu uğurun qazanılmasında böyük pay sahibi olur.

O, 2008-2009-cu illərdə Sumqayıtın keçmiş komandası “Standard”da köməkçi məşqçi və baş məşqçi kimi çalışıb. Daha sonra vətəninə qayıdan Badri 2012-ci ildən 2015-ci ilə qədər Azərbaycanda müxtəlif klublarda qısamüddətli fəaliyyət göstərib. Maraq üçün qeyd edək ki, Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək 3 dəfə millimizin formasını geyinib.

Badri mətbuata verdiyi müsahibələrdə oğlunun futbolu çox sevdiyini və daim futbolla yaşadığını vurğulayır: “Şəmkirlə Tiflis arasında cəmi 180 km məsafə var idi, ona görə də tez-tez Gürcüstana gedirdim. Azərbaycana köçməzdən bir il öncə evləndim. Həyat yoldaşım da futbolu çox sevir və uşaqlarımızın futbola maraq göstərməsində böyük payı var. “Şəmkir”də oynadığım vaxtlarda ortancıl oğlum Xviça dünyaya gəldi. (12 fevral, 2001-ci il) Onu da özümlə birlikdə Şəmkirə gətirmişdim. Futbolu da orda öyrəndi: tez-tez məhəllədə uşaqlarla oynayırdı”.

Atasından fərqli olaraq Xviçanın daha uğurlu karyeraya sahib olacağını indidən demək mümkündür. O, peşəkar karyerasına 2017-ci ildə “Dinamo Tibilisi”də başlayanda cəmi 16 yaşı var idi. 2018-ci ildə ölkəsinin digər klubu “Rustavi”yə keçir və orda yavaş-yavaş adından söz etdirir.

2019-cu ildə “Lokomotiv Moskva” klubuna icarə əsasına keçsə də ruslar nədənsə onu qalıcı olaraq heyətlərinə qatmaq istəmir. Komandanın o vaxtkı məşqçisi Yuri Syomin “bu dərəcədə istedadlı gənci əldə saxlaya bilməmək məni çox üzdü” deyə yerli mətbuata öz narazılığını bildirir.

Lakin, Lokomotivdən fəqli olaraq Rusiyanın digər klubu “Rubin” 500 min avro qarşılığda onu transfer etməyi bacarır.
2019-da Leonid Slutski “Rubin”ə gəldikdən sonra Xviçanın karyerası yüksəlişə keçdi. Gürcü hücumçu onun rəhbərliyi altında heyətdə yerini möhkəmləndirdi və komandanın liderinə çevrildi.

“Rubin”dəki ilk məşqin artıq 5-ci dəqiqəsində onun necə istedadlı olduğunu hiss etdim. Lakin, bəzi çatışmayan cəhətləri var idi: texnikasını necə istifadə edəcəyini bilmirdi və ikili mübarizələrdən qaçmağa çalışırdı, ağrıya dözümü yox idi” – Slutski mətbuata açıqlamasında onun haqqında bu sözləri demişdi.

Təcrübəli mütəxəssis Xviçanın müsbət və mənfi cəhətlərini çox yaxşı analiz etmişdi və çatışmazlıqları aradan qaldırmaq üçün daim ona kömək edir. Taktika dərsləri, səbr, zədələr, xarakter, ağrıya dözüm… Slutski iki il onunla fərdi şəkildə məşğul olur, onun üçün fitness məşqçisi ayırır və futbolçu bu müddət ərzində xeyli inkişaf edir.

Xviça 2021-ci ilin fevralında “Lekip” nəşri tərəfindən 2001-ci il təvəllüdlü gənclər arasında ən yaxşı 34-cü oyunçu seçilir. O həm də Rusiya Premyer Liqasından o siyahı düşməyi bacaran tək futbolçu idi.

Rusiyanın Ukraynanı işğal etməsindən sonra FİFA bu ölkələrdəki əcnəbi oyunçuların müqavilələrini 30 iyun 2022-ci ilə qədər dondura biləcəyi barədə qərar verir. Bundan sonra “Dinamo Batumi”yə icarə yollanan Kvaratsxeliya bu komanda ilə Gürcüstan çempiyonatının qalibi olur.

Bütün Avropa ondan danışır

Sezon bitdikdən sonra onunla bir çok top klub maraqlanırdı. Lakin bunlar arasında “Napoli” digərlərini qabaqladı.
Transfer olduqdan sonrakı ilk mətbuat konfransında Xviça “mən bura bura İnsinyeni əvəz etməyə gəlməmişəm, mən Xviça olduğum üçün burdayam” deyə açıqlama vermişdi. Lakin sezona gözləniləndən daha yaxşı başlayan gürcü hücumçu azarkeşlər tərəfindən “Kvaradona” ləqəbinə layiq görülür.

İtaliyadakı karyerasına uğurlu başlasa da baş məşqçi Luçano Spaletti ondan daha artığını gözləyir: “O, mükəmməl istedada sahib oyunçudu, rəqiblərini texnikası ilə asanlıqla keçə bilir. Həm sağ həm də sol ayağı ilə qol vurmağı bacarır lakin, üzərində böyük təyziq var və hələ də inkişaf etməlidir”.

Kvaratsxeliyanın özü isə Maradona ilə müqayisə olunmağın hələ tez olduğunu düşünür: ” Açığı Kvaradona ləqəbi xoşuma gəlir amma Maradona ilə müqayisə oluna bilmərəm, o, klub tarixinə adını yazdırmış böyük bir oyunçudu, mən də “Napoli”nin uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm”.

Xviça meydanda qol vurmaqdan əlavə vurduğu qolları qeyri-adi və özünə məxsus şəkildə qeyd edir.

Stefen Karri tərzində “Night Night” sevinci

Kvaratsxeliya NBA-in (Amerika Basketbol Assosiasiyası) böyük heyranıdır. Açıqlamalarında “Qolden Steyt”in fanatı olduğunu və boş vaxtlarında futboldan əlavə basketbol oynadığını söyləyir. “Seriya A”da ilk qolunu vurduqdan sonra əllərini yastıq formasında birləşdirərək üzünün altında qoyur. Bu “Qolden Steyt”in basketbolçusu Stefen Karrinin ənənəvi hərəkətidir və onun adı ilə məhşurlaşıb. Xviça da bununla ona olan sevgisini və hörmətini göstərir.

Sevgilisini unutmur

Daha bir məhşur qol sevinci isə sol əli ilə sağ ovcunda baş və işarət barmaqlarını birləşdirərək gürcü əlifbasındakı ნ (N) hərfini göstərməsidir. N – əslində Xviçanın sevgilisinin baş hərfidir. Hal-hazırda sevgilisi işləri ilə əlaqədar Gürcüstandadır.
Kvaratsxeliya isə İtaliyada yaşadığından və boş vaxtı demək olar ki, olmadığından onunla tez-tez əlaqə saxlaya bilmir. Amma vurduğu qollarla onu yada salmağı unutmur.

“Napoli”nin uğurları fonunda Kvaradona

“Napoli” bu mövsüm çox uğurlu çıxışı ilə diqqətləri cəlb etməyi bacarır. Komanda “Çempiyonlar Liqası”da keçirdiyi 4 oyundan maksimum nəticə əldə edib. 12 xal toplayan Spalettinin yetirmələri bu oyunlarda rəqib qapılarından 17 top keçirib. Daxili çempionatda isə 10 oyuna 8 qələbə 2 heç-heçə edən neapollular turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Xviçanın bu uğurlarda böyük payı var. Gənc oyunçu artıq 14 oyuna (bütün turnirlər daxil olmaqla) 7 qol 7 məhsuldar ötürmə ilə yadda qalıb və belə davam edəcəyi təqdirdə sezon sonunda onu komandada saxlamaq çox çətin olacaq.

Bənzər yazılar

Back to top button