İqtisadiyyat

“Paşa Bank” “Az-Mep Group”u məhkəməyə verdi – Şirkətin 2,6 milyon vergi borcu da var

Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC “Az-Mep Group” MMC və bu şirkətin qanuni təmsilçisi Sinan Duman, həmçinin Ağayeva Çinarə Tofiq qızı barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.

İddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırılıb.

Məlumat üçün bildirək ki, “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı “Az-Mep Group” MMC (VÖEN-1303256901) 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mətbuat pr, ev 46, m. 3-də yerləşən MMC-nin nizamnamə kapitalı 600 min 200 manat təşkil edir.

Şirkətin rəsmi saytında qeyd olunur ki, “Az-Mep Group” MMC elektrik və mexaniki sistemlərə yönəlmiş və daha çox kiçik və orta miqyaslı inşaat layihələrində işləyən şirkətdir.

Şirkətin müştəriləri arasında bir sıra dövlət qurumları da yer alır. “Az-Mep Group” MMC Heydər Əliyev prospektində inşa olunan “Azərsu” ASC-nin yeni inzibati binasının podratçısı kimi bütün tikinti, elektrik və mexaniki işləri həyata keçirib. Bundan başqa şirkət Bakı Boks Federasiyasının, Bakı Su İdman Sarayının, Hilton Baku Hotelin və s. bu kimi məşhur obyektlərin elektrik işlərini həyata keçirib.

Qeyd edək ki, Sinan Dumanın rəhbərlik etdiyi daha bir şirkət “Az-Mep Construction” MMC (VÖEN – 1303379321) adlanır. Nizamnamə kapitalı 500 manat olan bu şirkət də 2013-cü ildə təsis olunub və hüquqi ünvanı Yasamal rayonu Əhməd Cəmil, ev 51, m. 48-də yerləşir.

Onu da bildirək ki, “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı “Az-Mep Group” MMC-nin hazırda dövlət büdcəsinə 2 milyon 637 min 937 manat 87 qəpik vergi borcu var.

Bənzər yazılar

Back to top button