Siyasət

Azərbaycan, İran və Rusiya gömrükçüləri tranzitin yüngülləşdirilməsinə dair razılığa gəliblər

Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycanın İrandakı səfirliyinin məlumatına görə, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov, İran Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin iştirak ediblər.

Danışıqların yekunlarına əsasən yüklərin tranzitinin asanlaşdırılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Bu istiqamətdə işlərin koordinasiysı üçün üç tərəfin nümayəndələrinin iştirakı ilə komitənin yaradılması nəzərdə tutulur.

Əldə edilmiş razılaşma beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd- keçid məntəqələrində gömrük əməliyyatlarının sadələşdirilməsi üçün əlavə imkanlar yaradacaq.

Görüş zamanı qeyd olunub ki, Azərbaycanın azad edilmiş ərazilərində yeni yaradılan yollar və logistika mərkəzləri ölkənin tranzit imkanlarının artmasına təkan verəcək.

Memoranduma əsasən, tərəflər gömrük prosedurlarının asanlaşdırılması üçün elektron informasiya mübadiləsi sistemini daha aktiv tətbiq etməyi planlaşdırırlar. (Turan)

Bənzər yazılar

Back to top button