Siyasət

Siyasi partiyalara qarşı selektiv yanaşma…

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib. Daxili və xarici etirazlara baxmayaraq, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını Reyestrdən keçirmək üçün Ədliyyə nazirliyinə təqdim edib. 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 59 siyasi partiyadan 30-dan çoxu isə “Siyasi Partiyalar haqqında” qüvvəyə mindikdən sonra özünü buraxdığını elan edib. Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi Partiyadan isə yalnız biri- hakim Yeni Azərbaycan Partiyasına Ədliyyə Nazirliyi yaşıl işıq yandırıb. Digər partiyalara Ədliyyə Nazirliyi mənfi cavab verib və siyahılarını yeniləmək üçün hər birinə bir ay vaxt verib.

Baş verənlərlə bağlı Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Bəşir bəy, indiyə qədər partiya üzvlərinin siyahısını nazirliyə təqdim edən 27 siyasi partiyadan yalnız hakim Yeni Azərbaycan Partiyasına yaşıl işıq yandırılıb. Bu tendensiya hara gedir?

Cavab: Bu üzun illərdir davam edən siyasi yanaşmanın dəyişməyən formasıdır. Əvvəllər seçkidə, referendumda, qanunvericilik təşəbbüslərində və s. proseslərdə hakimiyyətin təklifləri müzakirəsiz, yoxlanılmadan, sürətli keçirildiyi kimi indi də eyni şeyi edirlər. Seçkilər dövründə biz hakim partiyanın, ona yaxın şəxslərin və qurumların namizədlərin imza vərəqələrində bircə dəfə səhvin olduğuna rast gəlmədik.

YAP-ın Ədliyyə Nazirliyində üzvlərinin sayı ilə bağlı heç bir məlumat verilmədən qeydiyyata alınması həmin proseslərin tərkib hissəsidir. Bu yalnız partiya ilə bağlı deyil. Selektiv yanaşma media, QHT, hətta iqtisadi münasibətlərdə də var. Xatırlayırsınızsa, media reyestrində hökümətyönlülər reyestrdən tez keçdiyi halda müstəqil olanları yubadırdılar. Bu açıq mesajdır; kim mənimlədir, hakimiyyətin maraqlarına xidmət edir, ona hər yerdə yaşıl işiqdır.

Sual: Digər partiyaların heç birini nazirlik reyestrdən keçirməməklə nə etmək istəyirlər?

Cavab: Mənim fikrimcə burda reaksiyaları öyrənməyə çalışırlar. Həm ictimaiyyətin, həm də partiyaların bağlı olduğu siyasi çevrələrin. Çünki hakimiyyət nə qədər monolit olduğunu göstərməyə çalışsa da, ayrı-ayrı qrupların maraqlarına xidmət edən siyasi partiyalar olduğu sirr deyil. Hətta bu partiyalar parlamentdə təmsil olunurlar. Bunun da gələcəkdə hər hansı çətinliklər yaradacağından sığortası yoxdur. Buna görə də reaksiyaları öyrənmək üçün test etmək lazım idi. Hakmiyyət üçün ‘’problem’’ yalnız müxalifətlə bağlı deyil. Əsas narahatverici qüvvə oliqarxiyaya bağlı partiyalardır ki, onların kifayət qədər maddi gücü var. Dünyada da son illər baş verən proseslər onu göstərir ki, maddi güc faktoru önəmlidir. İnsanlar gələcəyə yönəlik vədlərdən daha çox, real göstəriciyə inanır. Belə desək, daha praqmatik olublar. Düzdür, əksi olanlar da var. Məsələn, Ukraynada, Ermənistanda. Amma məsələn, Ukraynada Yuşenkodan sonra Yanukoviç ona işləməyə imkan vermədi. Baxmayaraq ki, Yuşenko demokratik seçki ilə hakmiyyətə gəlmişdi. Amma məsələn, Gürcüstanda İvanaşvili variantı da var. Gürcü xalqı demokratiyanın gətirdiyi avantajdan bir müddət sonra pulu olan İvanaşvilini seçdi.

Hakimiyyət də keçmişdə bütün baş verənləri, regionda gedən geosiysı çəkişmələri analiz edərək gələcəkdə yarana biləcək narahatlıqlarla qarşılaşmaq istəmir.

Sual: Ümumiyyətlə məqsəd nədir? Partiyalara verilən bir aylıq mqddət də bitmək üzrədir. İndi necə olacaq? Digər partiyalar reyestrdən keçə bilməsələr, Azərbaycan bir partiya ilə yoluna davam edəcək?

Cavab: Bir partiya olmayacaq. Əvvəlki sualda buna qismən cavab verdim. Reaksiyaları öyrənib ona uyğun addımlarını müəyyən edəcəklər. Burda həm də partiyalarla danışıqları aparıb onları özündən asılı duruma salmaq istəyirlər. Yəni istəməsək səni reyestrə salmazdıq. Necə ki, ‘’x’’ partiyaları qeydə almadıq. Bu sizə qarşı bizim hörmətimizdi, jestimizdi. Siz də bu jesti dəyərləndirin. Özünüzü ‘’yaxşı aparın’’.

Reyestrdən keçə bilməyən partiyalar nə edəcək ki?! Sərbəst toplaşmaq azadlığı yox, digər fundamental azadlıqlar məhdudlaşdıırıb. Bir müddət sosial şəbəkələrdə etirazlar olacaq. Ola bilər ki, bir-iki icazəsiz aksiya da olsun. Ancaq həmişəki kimi polis dağıdacaq. Adamlar həbs olunacaq. Onsuz da siyasi məhbus problemi həll edilmir. Olmasın 100 nəfər, olsun 120 nəfər.

Mən pessimistlik yaymaq istəmirəm. Amma hazırda bölgədə olan geosiyasi vəziyyət hakimiyyətin əlini möhkəmlədib. Xüsusən də alternativ siyasi qüvvələrin sıradan çıxarılması az qala normal qarşılanır. Gürcüstanda eks prezident Saakaşvilinin həbs olunması və zəhərlənməsi buna bir misaldır. Prezident özü Ermənistanda müxalifətin təqib və həbs olunmasını dəfələrlə çıxışlarında vurğulayaraq beynəlxalq təşkilatları buna tolerant yanaşmaqda qınayıb.

Təbii ki, bizim bölgədə fundamental azadlıqların boğulmasına qarşı ‘’tolerant’’ durum hazırki zaman üçün keçərlidir. Rusiya-Ukrayna münaqişəsi aydınlanan kimi, vəziyyət dəyişəcək. Zatən siyasi hakimiyyət də post-münaqişə dövrü üçün hazırlıqlar görür.

Sual: Məsələnin maraqlı tərəfi odur ki, əsas müxalifət partiyaları ilə yanaşı, parlamentdə təmsil olunan, hakimiyyətlə dialoqda olan, hətta hakimiyyətyönlü partiyaların da siyahıları da nazirlik tərəfindən geri qaytarılıb. Bunun alt qatında nələr ola bilər?

Cavab: Qeyd etdiyim kimi, burda məqsəd müəyyən oliqarxiyaya, ayrı qruplara bağlı olan partiyaların bir çətir altında birləşdirilməsidir. Hansılar ki, birləşəcək, onlar qalacaq. Azca da olsa narahatlıq yaradan partiyaları qeydə almayacaqlar. Burda istisna bir neçə müxalifət partiyası ilə bağlı ola bilər. Onları da milli maraqlar, müstəqilliyimizə təhdidlər, bölgədəki geopoltik gərginlik, Qarabağ, Zəngəzur dəhlizi söhbətləri ilə yola verəcəklər.

Sual: Yəqin söhbətləri siz də eşitmisiz: Referendum, proporsional seçki, ardınca parlament seçkisi. Sizcə, hakimiyyət bütün bunları neçə partiya ilə etmək niyyətindədir?

Cavab: Bu söhbətlər də siyasi hakimiyyətin kluarlarından dövriyyəyə buraxıldı. Yenə də cəmiyyətin reaksiyalarını öyrənmək, beynəlxalq təşkilatlarda hərəkətliliyi müşahidə etmək vacib idi. Eyni zamanda alternativlərin, digər siyasi partiyaların yanaşmasını, ictimai müzakirələrdə cəmiyyətin mövqeyini analiz etmək lazım idi.

Paralel olaraq da hakimiyyət bəzi texniki addımlar atmaqla referendumdan sonrakı idarəemənin müsbət və mənfi tərəflərini öyrənməyə çalışdı. Məsələn, Prezidentin Xüsusi nümayəndəsi vəzifəsi yaradıldı. İlk dəfə Qarabağda tətbiq olunan bu vəzifədə icra hakimiyyəti kənarda qalıb və bütün sosial-iqtisadi layihələri bu Xüsusi nümayəndəliyin administrasiyası həyata keçirir.

Görünür ki, Referenduma getmək, daha sonra parlament seçkisinə hazırlaşmaq üçün hakimiyyət siyasi partiyaların sayını süni surətdə azaltmağa çalışır. Əvvəl düşünürdüm ki, 20 partiya saxlaya bilərlər. Amma indi görürəm ki, daha az partiyanın qalması üçün iş gedir. Yəqin vəziyyət dəyişib.

Sual: Partiyalar etiraz etmirlər, əksinə siyahılarını yeniləməklə məşğuldurlar. Sizcə, belə olmalı idimi?

Cavab: Partiyalar etiraz etməkdə gecikdilər. Daha doğrusu etirazlar çox kiçik və dişsiz oldu. Etiraz qanun qəbul edilərkən olmalı idi. Bütün yerli və beynəlxalq resurslar cəlb olunmalı, ortaya vahid mövqe qoyulmalı idi. Amma bu baş vermədi.

Hazırda siyahını yeniləmək sadəcə son çabalardır. Heç kim açıq mövqe qoymur ki, əgər qeydiyyata alınmasalar nə edəcəklər?! Addımlar nə olacaq?! Səhv etmirəmsə, yalnız REAL Partiyası Erkin Qədirlinin parlamentdən imtina etməsi ilə bağlı açıqlama verib. Bunun da reaksiya doğuracağına inanmıram. Onsuzda referendumdan sonra parlamenti buraxacaqlarsa, bu nəyi dəyişəcək hakimiyyət üçün?

Sual: Sizin təklifləriniz nədir? Ölkədə siyasi plüralizmin olması üçün hansı addımlar atılmalıdır?

Cavab: Bunun üçün azad mühit, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası olmalıdır. Hakimiyyət vətəndaşların fundamental azadlıqlarına hörmətlə yanaşmalıdır. Alternativ fikirlərə, tənqidlərə dözümlü olmalıdır. Əks təqdirdə, biz sivil dünyadan tədricən təcrid olunacağıq. Daxili auditoriyaya işləyən propaqanda ilə uzağa getmək olmaz. Dünya surətlə qloballaşır. Online idarəetmə bütün cəmiyyəti əhatə edir. İnsanların sosial şəbəkələrdən istifadə ənənələri artır. Buna görə də hakimiyyət qapatmalarla problemi həll etmək əvəzinə sağlam cəmiyyətin formalaşmasında maraqlı olmalıdır. Yaxşı idarəçiliyin, müstəqil məhkəmənin olmasına çalışmalıdır. Vətəndaşların rifahını yüksəltmək üçün gerçək layihələr ortaya qoyulmalıdır.

Unutmaq olmaz ki, tezliklə sülh müqaviləsi imzalana və erməni icması ilə birgə yaşaya bilərik. Bax həmin dövr üçün bizim sağlam idaraetməmiz olmalı, dövlət institutlarımız beynəlxalq hüquqa cavab verməlidir. Əks təqdirdə biz özümüzü yeni bir problemlərlə üz-üzə qoyacağıq.

Bənzər yazılar

Back to top button