Cəmiyyət

“Bu gün hərbi qulluqçuların bütün növ hüquqi təminatları qorunur” – Hüquqşünas

Hərbi qulluqçular Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin hərbi qulluq nəzərdə tutulan digər dövlət orqanlarında xidmət edirlər. Onlar xidmət etdikləri qurumun güc simvolu hesab olunurlar.

Bəs onların statusu nədən ibarətdir və necə qorunur?

Mövzunu Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hüquqşünas Rahim Abıyev ilə araşdırmağa çalışdıq.

Hüquqşünas “MediaPost”a açıqlamasında hərbi qulluqçuların vəzifələrinin, hərbi xidmətin şəraiti və xarakterinin “Hərbi qulluqçuların statusu haqqında” qanunla tənzimləndiyini deyib:

“Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir.

Hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulan başqa dövlət qurumlarında müddətli və müddətdən artıq hərbi xidmətdə olan ölkə vətəndaşları və başqa dövlətlərin vətəndaşları və toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Zabit heyəti, müddətindən artıq xidmət hərbi qulluqçuları, hərbi tədris müəssisələrinin kursantları, müddətli xidmət çavuş, əsgər və matrosları hərbi qulluqçular hesab olunurlar”.

Rahim Abıyev bildirib ki, ölkə vətəndaşı olan hərbi qulluqçular seçkili dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrində və səsvermələrində (referendumlarda) iştirak etmək hüququna malikdirlər:

“Bu gün hərbi qulluqçuların bütün növ hüquqi təminatları qorunur. Əmək hüququndan tutmuş pul təminatı, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ, istirahət və s. hüquqlara kimi. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyil”.

Bənzər yazılar

Back to top button