AnalitikaİqtisadiyyatManşet

Azərbaycanın dünya ticarətində və yeni ittifaqlarda yeri (TƏHLİL)

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan iqtisadiyyatının aktual problemlərini şərh edib.

Dünyada yeni yaranan iqtisadi trendləri dəyərləndirən ekspert problemlərin həll olunması üçün təkliflər verib.

Ekspertin şərhini təqdim edirik:

Azərbaycan üçün iqtisadi anlamda 2021-ci il asan olmayacaq, 2020-ci ilin kölgəsi hələ uzun zaman hiss ediləcək. Problem həm də odur ki, Azərbaycan iqtisadiyyatına tək pandemiya yox, dünyada gedən trendlər də mənfi təsir göstərir-göstərəcək, çünki məmləkətin iqtisadi “anatomiyası” çox primitivdi, çətin dövrə hazır “orqanizm” deyil.
2020-ci ildə 44 günlük Vətən savaşı möhtəşəm hərbi qələbə ilə bitdi, işğaldan azad edilən torpaqlarımız gələcəkdə iqtisadi fürsətlərin artmasına səbəb ola bilər. Həm büdcədən ayrılan investisiya xərcləri, həm də işğaldan azad edilən torpaqlarımızın potensialı iqtisadi aktivliyin artması üçün zəmin yaradır. Lakin ölkədə bərqərar olan idarəetmə sistemi və iqtisadi “oyun qaydaları” bu fürsətlərin reallaşdırılması üçün ciddi əngəldir.

Azərbaycan neft-qaz ölkəsi, xammal ixracı ilə dolanan məmləkətdir. Qeyri-neft iqtisadiyyatının prioritetləri aqrar sektor və turizm elan edilmişdi. İndi işğaldan azad edilən torpaqlarımız üçün də eyni yanaşma var – turizm və aqrar sektor ciddi inkişaf edəcəyi gözləntisi yaranıb. Amma, Vətən Savaşından öncə Azərbaycanın 80% ərazisində bəyəm biz möhtəşəm aqrar sektor, cəlbedici turizm qura bildikmi ki, indi işğaldan azad edilən torpaqlarımızda da bunu bacaraq?! İlkin olaraq gərək bu illər ərzind 80% ərazimizdə bu sahələrin inkişafına nələrin mane olduğunu təsbit edək ki, işğaldan azad edilən torpaqlarda o səhvləri etməyək və rol-model olaraq o torpaqlarda quracağımız sistemi bütün ölkəyə də yaya bilək.

Aqrar sektororun problemləri

1) Aqrar sektora elmi yanaşmanın olmaması – hələ də 10 min il əvvəl insan övladı Mesopatamiyada fəlsəfi olaraq torpağı necə becərirdisə, bizdə də eyni yanaşma var,

2) Aqrar sektorda məhsuldarlığın az olması – bu da elmi yanaşmanın (toxum, gübrə, torpaq analizi və s.) olmamağı ilə yanaşı, hökumətin bu sahəyə ucuz iş yerləri yaranması layihəsi kimi baxmasından doğur. Bizdə əl əməyi öndədir, çoxdur, bu da həm rentabelliyi, həm də məhsuldarlığı aşağı çəkir,

3) Aqrar sahədə yeni bazarlara çıxış konsepsiyasının olmaması – Biz Rusiya bazarından kəskin asılıyıq, bu da Şimal qonşumuza əlavə təzyiq alətləri verir. Yeni bazarlara çıxış üçün ÜTT-yə üzvlük və Avropa Birliyi ilə yeni böyük sazişin imzalanması olmazsa-olmazdır,

4) Resurlardan ədalətli və rasional istifadə edilmir – məmurlar onlarla hektar torpağa sahiblənib, torpaq islahatı bərbad aparılıb, mülkiyyət məsələsi doğru tənzimlənməyib və qorunmur

5) Nəhayət, ən vacibi, yerli İcra Hakimiyyəti orqanları aqrar sektorun qarşısında duran ən böyük əngəldir – deməli, sürətlə idarəetmə islahatları keçirilməli, yerli İcra Hakimiyyəti institutu ləğv edilməlidir. Ümumiyyətlə, bu orqan biznesin qarşınında duran ən böyük əngəllərdən biridir.

Turizm sektorunun problemləri

1) Dünya trendələrini tuta bilmədik – hökumətin “qlamur” turizm amlayışı ölkədə bahalı otellərin yaranmasına səbəb oldu, dünyada isə yeni turist profili yaranıb, gecə yatmaq üçün baha ödəniş etmək istəyənlərin sayı kəskin azalıb. Dünyada artıq fərqli, ucuz və rahat gecələmə konsepsiyasına keçid baş verib – biz bu trenddən çox geridəyik,

2) AZAL-ın inhisarçılığı – bu turizm üçün böyük əngəldir, ölkədə bir çox rayonda Hava Limanları olsa da, onlar normal çalışmır, “low-cost airline” anlayışı yox dərəcəsindədir, rəqabət yox, xarici şirkətlərin bazara girişi mümkün deyil, ya da çox çətindir,

3) Turizmdə “hekayə” quruculuğunun olmaması – Bizim hökumət elə bilir ki, turist aclıqdan çıxıb, ancaq “lülə-kabab” yeməyə gəlir, bu illər ərzində cəlbedici, bəzən isə sözün yaxşı mənasında uydudulmuş hekayələr qura bilmədik. Məsələn, qonşu Gürcüstanda 10-15 il öncə “qızıl dəri” hekəyəsini uydurdular, Yunan mifalogiyasındakı Kolxida və “qızıl dəri” hekayəsini, mifini pula çevirdilər – güya, həmin məkanı tapdılar və elə hekayə qurdular ki, ayrıca “Kolxidaya” ildə 400-500 min turist cəlb etdilər,

4) Son zamanlar turizm qarşısında olan inzibati əngəllərin bir çoxu götürülüb, bu müsbət addımdır, amma yetərli deyil – AB, ABŞ, Yaponiya, Çin ilə vizalar tamamən ləğv edilməlidir, bu turizmə təkan verən amilə çevrilə bilər,

5) Turizmlə bağlı uzunmüddətli konsepsiyanın olmamağı – Bizdə bu sahə böyük, institutsional biznesə çevrilməyib deyə, vətəndaşlar da turistə “birdəfəlik” qazanc kimi baxırlar, bu isə turizmin inkişafına mane olan amilə çevrilib.

Bir sözlə, Azərbaycanın ənənəvi iqtisadi təməli – neft məsələsi tarixə qovuşur, hasilat azalır, dünyada neftin önəmi “ölür”, yeni “yaşıl iqtisadiyyat” konsepsiyası neftin yanacaq kimi istifadəsinin sonunu gətirir. Bu sahədə neft-kimya komplekslərinin qurulması, gələcəkdə xam neftin ixracının tamamən dayandırıb ancaq neft-kimyaya köklənmək ən doğru çıxış yolu ola bilər. Qeyri-neft sektoru isə zəifdir, institutlaşması və inkişafı üçün həm zaman, həm də idarəetmə islahatlarına ehtiyac var.

Yerdə nə qalır?!

Bəli, ticarət – məmləkət insanının ən yaxşı bacardığı biznes növü, bundan utanmaq lazım deyil, bəli, biz alveri bacaran millətik, bu işi ən yaxşı bacaran ingilislər və yahudilər qədər bacarıqlıyıq. Deməli bu sahənin önü açılmalı, Azərbaycanın coğrafi və logistik üstünlüyünü ticarət üstünlüyünə çevirməliyik. Bunun üçün bütün ətraf ölkələrlə minimum rüsumlarla, və ya tam rüsumsuz ticarət anlaşmaları bağlamalı, Gömrüyün rolunun minimuma endirib ayrıca bir qurum kimi ləğv edərək İqtisadiyyat Nazirliyində kiçik, statistik bir departamentə çevirməliyik. Təbii ki, yeni ticarət anlaşmaları imzalamalı, Britaniya və Türkiyə ilə birgə dünya ticarətində rol almağı bacarmalıyıq. AB ilə saziş imzalamalı, amma MDB məkanını da unutmamalı, bu ölkələrə Britaniya və Türkiyə ticarət konsepsiyasının təmsilçisinə çevrilməliyik.

Dünyada yeni ticarət dönəmi başlayır, bu işi yaxşı bacarırıq, süni əngəllər, hökumətin maneələri olmasa, azərbaycanlılar dünyada ticarət məkanında öz yerini mütləq tutacaq – başqa heç bir millətin “yumurtadan yun qırxan”, “daşdan pul çıxardan” kimi deyimləri yoxdur, hətta ingilislərin də…

Bənzər yazılar

Back to top button