Hadisə

Axirət üçün yarım milyonluq rüşvət – “İmam Mehdi işi”

Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, zərərçəkmiş qismində ilk olaraq Anar Aslanov dindiirilib.

İttihama görə, Aqil Babayev zərərçəkmiş Anar Aslanova axirət dünyasında savab qazanacağına kömək edəcəyini vəd verib, cəmiyyət içərisində gizli saxlanıldığına, lazım gələcəyi vaxt zühur edəcəyinə inandırıb və 585 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmiş ifadəsində Bakı Dövlət Universitetinin hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirdiyini deyib. İfadəsində Aqil Babayevi 2004-cü ilin dekabrında tanıdığını, onun kənd Əhmədlidə yerləşən evində keçirilən dini məclislərdə iştirak etdiyini açıqlayıb: “Həmin söhbətlərdə dindən, islamın şərtlərindən, zəkatdan danışırdı. Deyirdi ki, islamın əsas şərtlərindən biri zəkat verməkdir. 2006-cı ildə isə evindəki dini məclislərin birində ona Allah tərəfindən şəhadət verildiyini elan etdi”.

Zərərçəkmişin ifadəsinə görə, Aqil Babayevə həddindən çox inanıb, ona “qardaş”, “siz” deyə müraciət edib:”Özünə “Sahib ağa” deyirdi, biz ona”qardaş” deyərdik. O, gəlməsə heç bir toy-nişan mərasimləri, məclisləri başlamırdı”.

Zərərçəkmiş ifadəsinin davamında deyib ki, ümumilikdə Aqil Babayevə 585 min manat pul verib. 2021-ci ilin iyulunda Aqil Babayevin onları aldatmasından şübhələniblər. Bu barədə onunla Buzovnadakı bağ evində söhbətləşiblər:”Həmin vaxt Aqildən pulumu geri tələb etdim. Aqil də dedi ki, get Əhmədlidəki evdən götür. Mən də gecə saatlarında oraya getdim. Evdəki iş otağından içərisində bir hissəsi dollar olmaqla 525 min manat götürdüm”.

Anar Aslanov deyir ki, evdən götürdüyü torbanın içərisində sonradan qızıl da olduğunu görüb:”Qızılları sonradan Vüqar vasitəsilə qaytardım”.

Zərərçəkmiş həmin vaxt Aqil Babayevə məxsus mənzildə təxminən 2 saata yaxın qalmasını gecə saatlarında həm də hamam otağındakı su kranını təmir etməsi ilə izah edib.

Məhkəmə prosesi avqustun 30-da davam edəcək.

Aqil Babayev 2007-2020-ci illər ərzində Bakıda və Buzovnadakı bağ evlərində insanların etibarından sui- istifadə edərək özünü 12-ci imam qələmə verərək ətrafındakı şəxsləri ilahi gücün yalnız ona məxsus olduğuna inandırıb. Onlardan xeyriyyə işləri adı altında zəkat qismində külli miqdarda pul toplayıb.

Zərərçəkmiş şəxslərə dəymiş ziyan ümumilkdə 2 milyon 500 min manat təşkil edib.

Aqil Babayev isə ittihamları qəbul etmir.

Bənzər yazılar

Back to top button