ManşetSiyasət

“Dərinləşən media islahatları”nın əsas hədəfi: Saytlar bloklanacaq, yüzlərlə media qeydiyyata alınmayacaq…

Azərbaycanda yüz, ya da yüzdən bir qədər artıq sayt olacaq…

Bu ilin axırında Azərbaycan onlayn media platformasında ciddi təlatümün olacağı gözlənilir. AzToday.az-ın əldə etdiyi məlumata görə, Medianın İnkişafı Agentliyinin rəhbərliyində “böyük senzura” üçün layihə hazırlanıb.

Əldə etdiyimiz səhih məlumata görə MEDİA Agentliyinin rəhbərliyi mətbuatla bağlı bütün “problemləri” bir “atışla” həll etməyin yolunu tapıb. Ancaq Əhməd İsmayılov mətbuatı tamamilə “cilovlamaq” üçün heç də uzun axtarışlar etməyib, elə sələfi Əli Həsənovun getdiyi yoldan gedib və “problemin” həllini Stalinin məşhur “adam yoxdursa, problem də yoxdur” prinsipi ilə həll edib. Əslində bu ideya heç də MEDİA Agentliyinə sədr təyin olunana qədər mətbuatla yaxından uzaqdan təması və əlaqəsi olmayan,  “Gəmiçilik sahəsində xidmətlərə görə” medalla təltif olunan Əhməd İsmayılova aid deyi. İdeya Əli Həsənovun “qızıl fondunda” yer alan və hazırda MEDİA Agentliyini de-fakto idarə edən Natiq Məmmədlidən gəlib və o da təbii ki, bu idayanı Əli Həsənovdan əxz edib.

Keçək əsas məsələyə. Məlumatlara görə bu ilin sonlarında “Media haqqında qanun”a əsasən Nazirlər Kabineti MEDİA reyestrini təsdiqləyəcək və bundan sonra mətbu orqanların və onlayn internet resurlarının MEDİA Agentliyinin reyestrində qeydiyyatı başlayacaq. Əhməd İsmayılovun və Natiq Məmmədlinin də mətbuatla bağlı bütün “problemləri” bir “atışla” həll etmə planı bundan sonra işə düşəcək. Artıq bununla bağlı Əhməd İsmayılovun maliyyə dəstəyi göstərdiyi saytların rəhbərlərinə xəbərdarlıq etdiyi bildirilir. Bu ona görə edilir ki, dövlətdən maliyyə dəstəyi alan həmin saytlar Əhməd İsmayılovun və Natiq Məmmədlinin qeydiyyatdan keçmək üçün hazırladıqları yeni şərtlərə uyğunlasınlar. Çünki bu saytların çoxusu həmin kriteriyalara cavab vermir.

Bəs bu kriteriyalar nədən ibarətdir?

İlk növbədə reyestrdən keçən saytlar güçlü SEO-ya sahib olmalıdırlar və bu yerdə müəyyən qədər haqqlıdırlar. Məsələ ondadır ki, Əhməd İsmayılovun “müsabiqə keçirib” pul verdiyi saytların çoxusunda SEO problemi var və buna görə də Əhməd İsmayılov həmin sayt rəhbərləri ilə görüşüb onları “yol üstünə qoyur”.

Bundan başqa qeydiyyata alınacaq saytlar vətəndaş şikayətlərini və sosial problemləri qaldırmamalıdırlar. Bu problemləri qabardan saytlar sistemdən kənar elan olunacaq və qeydiyyata alınmayacaqlar. Söhbət senzuranın özünü tormozlamasının ən yüksək səviyyəyə qaldırılmasından gedir.

Digər bir tələb isə odur ki, qeydiyyata alınan saytlar qarşı tərəfin mövqeyi olmadan hansısa məlumatı dərc edə bilməzlər və burda da MEDİA Agentliyi yeni qanuna əsaslanır. Burda məqsəd “reket mətbuatı” ortadan qaldırmaqdır. Burda da iki problem var. Birincisi məmurlar sorğulara və edilən zənglərə normal cavab vermirlər və əsasən də bu sorğu və zəngləri “şantaj” kimi qəbul edirlər. Ədalət naminə deməliyik ki, belə hallar olur. Lakin Azərbaycan məmurları həm bunu kütləvi şəkildə qəbul edirlər, həm də kütləvi şəkildə qanun pozuntularına yol verirlər. Buna ən adi misalı isə məmurların irili-xırdalı əksəriyyətinin ölkə xaricində biznesə sahib olmalarını və faktlarla sübut olunan bu qanun pozuntusuna dövlət qurumlarının səssiz qalmasını göstərmək olar. Yəni ölkədə şəffaflıq və qanunun məmurlar üçün də aliliyi təmin olunmadan “reket” adlandırılan mətbuatın ortadan qaldırılması sadəcə mümkün deyil. Çünki “reket mətbuat” sadəcə sistemin bir parçası olaraq fəaliyyət göstərir.

“Reket mətbuat” məsələsində ikinci problemli məsələ də odur ki, MEDİA Agentliyinin maliyyə dəstəyi verdiyi saytların çoxusu “reketlik etməklə” məşğul olur. Çünki yuxarıda da qeyd etdiyimiz kimi onlar ümumi sistemin bir parçasıdırlar. Bundan başqa ölkədə azad və rəqabət qanunlarına uyğunlaşdırılan reklam bazarının da olmaması vəziyyəti həddindən artıq mürəkkəbləşdirir.

Əhməd müəllimlə Natiq müəllimin qeydiyyat üçün bundan əvvəlki tələbləri də öz yerində qalacaq. Bu tələbləri isə , MEDİA Agentliyinin maliyyə dəstəyi ilə bağlı elan etdiyi müsabiqədən bilirik.

Azərbaycanda yüz, ya da yüzdən bir qədər artıq sayt olacaq

Əslində Əhməd və Natiq müəllimlərin planına görə Azərbaycanda 100, ya da 100-dən bir qədər artıq sayt olacaq. Onlara görə bu sayda saytın olması Azərbaycan xalqı üçün yetərlidir. Yerdə qalan saytlar isə yuxarıda göstərilən tələblərə cavab verilməməsi səbəbi ilə ölkə ərazisində fəaliyyəti məhdudlaşdırılacaq. Təbii ki, bu məhdudlaşdırmalar qanunzuz olacaq. Halbuki MEDİA Agentliyi bütün proseslərdə qanunun tələblərini qoruduğunu hər addımda gözə soxur…

Doğrudanmı Azərbaycan üçün yüz sayt yetərlidir?

Ola bilsin ki, yetərli olsun. Amma əgər bütün bu saytlar ancaq təbliğat ruporuna çevrilib eyni şeyləri cəmiyyətə çatdırcaqlarsa, o zaman heç yüz sayta da ehtiyac yoxdur. Bir sayt da yetərlidir.

Azərbaycanda söz azadlığı, plüaralizmi birdəfəlik və birmənalı olaraq dəfn etmək istəyirlərsə, onda doğrudan da yüz sayta belə ehtiyac yoxdur. Əgər bir baş redaktor bir vətəndaşın şikayətini, sosial problemini belə işıqlandıra bilməyəcəksə, onda doğrudan da bir media qurumun, ya da yüz media qurumunun olmasının heç bir əhəmiyyəti yoxdur. Məmur özbaşınalıqlarının və zorakılıqlarının yerli mediada işıqlandırılmaması isə siyasi hakimiyyəti birbaşa hədəfə çevirməklə yanaşı ölkədə passiv narazılıq tendensiyasını aktiv fazaya keçməsini şərtləndirəcək.

Yeni şərtlər reallaşarsa, hakimiyyətə yaxın “media holdinq”lərin də fəaliyyətində ciddi məhdudiyyətlərin olacağına şübhə yoxdur.

Əhməd və Natiq müəllimlərin təklifi keçərsə, nələr ola bilər?

Hər şeydən əvvəl qeyd edək ki, Əhməd İsmayılovun və Natiq Məmmədlinin mətbuatı birdəfəlik və birmənalı olaraq cilovlamaq haqda layihəsi hakimiyyət koridorlarında birmənalı olaraq qarşılanmayıb. Mətbuatla bağlı çalışmalarda rolu olan bəzi yüksək səlahiyyətli məmurların bəziləri yeni “qısıtlamalar” və saytların bloklanmasının verəcəyi dolayı effektlərin fərqindədir. Amma bu prosesə qarşı çıxmağın əhəmiyyətsiz olduğunu düşünürlər. Əsas məsələ isə bu “islahatlar” Azərbaycanın xaricdəki imicinə ağır zərbə vura bilər ki, bu da siyasi hakimiyyət üçün ciddi nəticələr doğura bilər. Hazırda Azərbaycanla Avropa Birliyi yeni tərəfdaşlıq yoluna qədəm qoyub, Əhməd və Natiq müəllimlərin təklif etdikləri “islahatlar” bu tərəfdaşlığı birbaşa şübhə altına alır…

Elmidar Əliyev

Bənzər yazılar

Back to top button