Cəmiyyət

Oqtay Gülalıyevin son durumu: həkim daha ümidli danışır

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika müşahidə olunur. Son sutkalar o daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb. Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva bildirib.

Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika onun bu durumdan çıxacağına ümid yaradır.

“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirdi ki, normal bədən temperaturunun yaranması müsbətə doğru irəliləyişdir: “Temperatura da nəzarət etmək lazımdır. Əgər normadan aşağı düşürsəc bu, prosesin daha da dərinləşməsinə gətirib çıxara bilər. Temperatur normallaşırsac bu, artıq irəliləyişdən xəbər verir. Ümumiyyətlə, temperaturun olması elə beyinlə əlaqədar haldır. İnfeksiyanın olması buna səbəbdir. Ancaq normal bədən temperaturunun yaranması yaxın zamanda komadan çıxacaq anlamını vermir. Komadan çıxacağı ilə bağlı danışmaq hələ tezdir. Ümid edirik ki, hər şey qaydasına düşəcək”.

Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirmişdi ki, Oqtay Gülalıyevin komada qalması beyin travmasının dərinliyindən asılıdır: “Əslində alınan bu travma çox ağırdır. Ola bilər ki, komadan ayılma məsələsi uzun müddət davam etsin. Komadan ayılandan sonra beyinin hansı itkilərlə çıxacağı da hələ sual altındadır. Çünki beynin funksiya imkanları nə qədər qalacaqsa, o qədər də insan həmin funksiyalarla özünü idarə edə biləcək. Burada nitq, analiz qabiliyyətləri var. Bu məsələlərdə nə dərəcədə zədələnmələrin olacağını indidən demək çətindir”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerika xəstəxanası”na (Amerikan Hastanesi) köçürülüb. Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Bənzər yazılar

Back to top button