AnalitikaDünya

Vaşinqton Tehranın “kompensasiya” şərtini qəbul edəcəkmi?

İran nüvə sazişi ilə bağlı Avropa İttifaqı vasitəsilə ABŞ-a əsas təklifini göndərib. Təklifin mahiyyəti belədir ki, əgər ABŞ İranla imzalayacağı nüvə sazişindən yenə çıxarsa, buna görə Vaşinqton İrana kompensasiya ödəməlidir. Bununla Tehran özünü sığortalamaq istəyir. Çünki, ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla nüvə sazişi imzalamışdı, Donald Tramp Ağ Evə gəldikdən sonra həmin sazişdən imtina etdi. Görünür, Tehranda düşünürlər ki, Ağ Evin sahibi dəyişərsə, yeni prezident Tramp kimi yenə sazişdən imtina edə bilər.

ABŞ prezidenti Cozef Bayden İranla nüvə sazişi imzalamaq istəyir, ancaq Ağ Ev sahibi çətin ki, Tehranın “kompensasiya” şərtini qəbul etsin. Buna baxmayaraq, hiss olunur ki, Ağ Evlə Tehran razılığa gəlmək istəyirlər. “Wall Street Journal” dərgisinin yazdığına görə, danışıqlarda iştirak edən üçüncü tərəf – Brüssel də bəzi güzəştlərə hazırdır. Misal üçün Brüssel İranda nüvə elementləri aşkar edilən mərkəzlərdə beynəlxalq araşdırma aparılmasında israr etmir. Brüssel nüvə sazişinin qısa müddətdə imzalanmasını istəyir. Çünki Brüssel də Tehran kimi hiss edir ki, əgər Baydendən sonra Ağ Evə respublikaçı prezident gələrsə nüvə sazişinin imzalanması yenə təxirə salınacaq. Bu isə beynəlxalq aləmdə gərginliyin davamına şərait yaradacaq. Digər tərəfdən Avropa İttifaqı Ukraynada işğalçı müharibə fonunda Rusiya qazından və neftindən imtina halda alternativ enerji mənbələrinə ehtiyacı var. İran nefti və qazı işə yaraya bilər. Ancaq bunun üçün nüvə sazişi imzalanmalıdır.

Nüvə sazişinin imzalanması üçün Tehran da bir məsələdə güzəştə gedib. Tehran sazişin imzalanması üçün İslam Keçikçiləri Korpusunu ABŞ-ın elan etdiyi terrorçu təşkilatlar siyahısından çıxarılmasını tələb edirdi. Vaşinqton bu tələbi yersiz sayıb. Tehran sazişin imzalanması üçün bu tələbindən imtina edib.

Buna baxmayaraq, Vaşinqtonda Tehranın siyasəti ilə bağlı nikbinlik azdır. Təsadüfi deyil ki, İran kəşfiyyatına bağlı şəxslərin Amerikada keçmiş administrasiyanın tanınmış simalarını izləmələri barədə xəbərlər yayılıb. Bu xəbərlərin fonunda Cozef Baydenin Tehranla nüvə sazişi imzalaması Ağ Ev sahibinin zəifliyi kimi qiymətləndirilə bilər. ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrail də nüvə sazişinin əleyhinədir. İsrail hesab edir ki, İran nüvə sazişini imzalayacaq, sanksiyalardan qurtulacaq və əldə etdiyi pulları İsraili hədəf alan müxtəlif silahlı qruplara hərbi dəstək üçün istifadə edəcək.

İran prezidenti İbrahim Rəisi mühafizəkarlığı ilə tanınsa da, ölkədəki ağır iqtisadi və sosial vəziyyət onu nüvə sazişini imzalamağa həvəsləndirə bilər. Ancaq İran mühafizəkarları içərisində fərqli düşünənlər də var. Misal üçün İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Ələ Əkbər Vilayəti nüvə sazişi olmadan da ölkəsinin keçinəcəyi qənaətindədir. Vilayəti Rusiya və Çinlə strateji əlaqələrin tərəfdarıdır. Çini İranın hətta strateji müttəfiqi adlandıran Vilayəti Tehranla Pekin arasında indikindən də sıx əlaqələrin qurulmasını istəyir. Vilayəti Çinin İrandakı səfiri Canq Xua ilə görüşdə İranın Çinin kommunikasiya layihələrində iştirakının vacib olduğunu bildirib: “İranın Rusiya və Çinlə keçirdiyi birgə hərbi təlimlər bölgənin təhlükəsizliyinə böyük töhvə verir”.

Beləliklə, Tehran Vaşinqtonla nüvə sazişini imzalamağa həvəsli görünür. Moskva və Pekin sözdə nüvə sazişinin imzalanmasını dəstəkləsələr də, əməldə Tehranın xarici və təhlükəsizlik siyasətinin dəyişməsini istəmirlər. Çünki nüvə sazişi imzalanarsa İran sanksiyalardan qurtulacaq və neft satışından milyard dollar qazanacaq, müxtəlif dövlətlərin banklarında dondurulmuş pullarını geri ala biləcək. Bu halda İranın Rusiya və Çindən asılılığı azalacaq. Moskva və Pekin isə İranın onlardan asılılığının azalmasını istəmirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button