Cəmiyyət

“”JEK”lər qanunsuz ödənişləri İcra hakimiyyətlərinin göstərişilə yığır”

“Mətbuatda JEK-lərin (Mənzil İstismar Sahələri – red.) artırılmış tariflə əhalidən mənzil haqqı yığmağa başlaması barədə xəbərlər yer alıb. Artım onunla əsaslandırılıb ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib”.

Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Samir Əliyevin sözlərinə görə, əhali JEK-lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbindən, ödədikləri pulların qarşılığında heç nə istəmirdilər:

“İlk baxışdan hər şey qaydasında olmuş kimi görünür. Həqiqətən, qeyd edilən tarixə qədər köhnə binalarda (müstəqillik dövründə tikilən yeni tikililər xaric) mənzil haqlarının tarifi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il tarixli, 40 saylı Qərarı ilə tənzimlənirdi. Həmin Qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindəki evlər üçün isə ayda 2 qəpik tarif müəyyən edilmişdi. JEK-lər bu Qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı yığırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim insafsızcasına aşağı idi. Müqayisə üçün qeyd edim ki, yeni tikililərdə ən aşağı tarif 20 qəpikdir. Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtı-vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi. Əhali JEK-lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbində ödədiklərin pulların qarşılığında heç nə istəmirdilər. Çünki onları yeni tikililərin yüksək tarif təcrübəsi qorxudurdu”.

İqtisadçı bildirib ki, özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində JEK adında qurumun adı çəkilmir:
“İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb. Bəs qaydasında olmayan nədir? Qısaca onu qeyd edim ki, Azərbaycanda mənzil idarəçiliyinin Konstitusiyası olan Mənzil Məcəlləsi JEK-lərin mənzil idarəçiliyində iştirakını istisna edir. Özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində JEK adında qurumun adı çəkilmir, bu məsələnin əsas tərəfi. İkinci tərəfi isə ondan ibarətdir ki, əhalidən artırılmış tariflə pul yığan JEK istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 13-cü maddəsi ilə yanaşı 14-cü maddəyə də diqqət etsə, yaxşı olar. Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərə ancaq müqavilə ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, JEK-lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. JEK-lər, daha doğrusu onların tabe olduqları rayon/şəhər İcra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar”.

O qeyd edib ki, əhalinin JEK-lərə mənzil haqqı verməməyə tam haqqı var:

“Bir daha qeyd edirəm, əhalinin tam hüququ var ki, JEK-lərə mənzil haqqı verməsin. JEK-lər zəhmət çəksin özəlləşdirilməyən evlərə xidmət göstərib haqlarını alsınlar. Özəl mülkiyyətə isə əvvəla müqaviləsiz yaxın dura bilməz, ikincisi isə hətta müqavilə ilə də yaxın dura bilməz. Mənzil Məcəlləsinə görə, həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq”.

S. Əliyev fikirlərini bu şəkildə yekunlaşdırıb:

“Yaranmış vəziyyətin əsas günahkarı hökumətdir. Məhz hökumətin öz qanunlarına hörmət etməməsinin nəticəsidir ki, JEK-lər əhali, MTK-lar sahə mülkiyyətçiləri ilə üz-üzə qalıblar. Ölkədə mənzil siyasətinə məsul olan İqtisadiyyat Nazirliyi isə 2019-cu ildə prosesdən kənarlaşdırılıb. Nəzarət qalıb İcra Hakimiyyətlərinin əlində. O İcra Hakimiyyətləri ki, JEK-lər vasitəsilə əhalidən qanunsuz pul yığmağı davam etdirilər”.

Bənzər yazılar

Back to top button