Bizim seçimDünya

Putin referendumu Leninin ad gününə təyin etdi – Kommunistlər etiraz edir

Səsvermə tarixinin seçilməsində 24 apreldə müqəddəs Ramazan ayının başlanması da mühüm rol oynayıb

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cari ilin yanvar ayının sonlarında ölkə Konstitusiyasına dəyişikliklər təklifi ilə çıxış edərək Rusiya Dövlət Dumasına bununla bağlı qanun layihəsi təqdim edib. Qanunverici orqanının aşağı palatası Konstitusiya quruluşunun əsaslarını, insan hüquq və azadlıqlarını möhkəmləndirən müddəaları inkişaf etdirməyə yönələn layihəni ilk oxunuşda qəbul edib. Sonrakı proseslərin həlli üçün işçi qrupu da yaradılıb. Dövlət başçısı V.Putinin sözlərinə görə, artıq Konstitusiyaya dəyişikliklərlə bağlı 900-ə yaxın təklif alıb. Prezident, həmçinin Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına səsverməyə hazırlıq işlərini təşkil etməyi tapşırıb. Artıq Konstitusiyaya ediləcək dəyişikliklərə dair referndum tarixi də bəlli olub: səsvermə 22 aprel 2020-də keçiriləcək. Lakin bu tarixin seçilməsi ölkədə birmənalı qarşılanmayıb.

AzToday.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Konstitusiyaya ediləcək dəyişikliklərə dair ümumrusiya səsvermə tarixinin 22 aprelə təyin edilməsini Vladimir Leninin doğum günü ilə əlaqəli olmadığını söyləyib. “Klişas dünən, mənim fikrimcə, işçi qrupunun iclasında bəzi dəlillər gətirdi. Əslində prezident bu arqumentlə razılaşdı. Təbii ki, bunun Leninin doğum günü ilə əlaqəsi yoxdur. Bir tərəfdən, Böyük oruc sona çatacaq, digər tərəfdən Ramazan ayından əvvələ təsadüf edəcək”, – deyə Vladimir Putinin mətbuat katibi bildirib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin rəhbəri Pavel Kraşeninnikov jurnalistlərə açıqlamasında dəyişikliklər üzrə referendumun aprelin 22-də keçiriləcəyini, bu rəsmi ödənişli istirahət günü olacağını söyləyib.

Bu tarix prezidentə Konstitusiya Komissiyasının həmsədri Andrey Klişas tərəfindən təklif edilib. A.Klişas bu tarixin seçimini belə izah edib ki, aprelin 19-da pravoslav orucu başa çatır, aprelin 24-də isə müsəlmanların müqəddəs Ramazan ayı başlayır.

Kommunist Partiyası fraksiyasının lideri Gennadi Züqanov da öz növbəsində 22 apreldə səsvermə keçirilməməli olduğunu söyləyib. Onun sözlərinə görə, həmin gün kommunistlər Leninin anadan olmasının 150 illiyi qeyd edəcəklər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button