İqtisadiyyat

Rüsumdan əlavə vətəndaşdan “xidmət haqqı” alına bilərmi?

Ayrı-ayrı dövlət qurumlarının vətəndaşlara göstərdiyi xidmət qarşılığında həm rüsum, həm də xidmət haqqı alması insanlar tərəfindən birmənalı qarşılanmır.

Yeniavaz.com xəbər verir ki, rüsum və xidmət haqqının vətəndaşların gəlirlərinə adekvat olmaması da narazılıq yaradan əsas məqamlardan biridir.

Bugünlərdə Mingəçevir “ASAN Xidmət” Mərkəzində vətəndaşdan daşınmaz əmlakla bağlı xidmət üçün 800 manatdan çox xidmət haqqı istənilib. Vətəndaş da bu qədər yüksək məbləğdə xidmət haqqından narazılıq edir.

Bəs görəsən, vətəndaşdan eyni xidmət üçün həm rüsum, həm də xidmət haqqı almaq nə dərəcədə qanuni və məntiqlidir?

“Dövlət rüsumu haqqında” Qanunun elə 1-ci maddəsində “Dövlət rüsumu”nun nə oduğu izah edilib. Qanunda yazılır ki, dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Qanunda yazılanlar açıq şəkildə göstərir ki, rüsum dövlət qurumlarının göstərdiyi xidmətə görə alınan haqdır.
Rüsumlardan fərqli olaraq dövlət qurumlarının aldığı xidmət haqqını Tarif Şurası müəyyən edir. Tarif Şurasından bildirilir ki, qiymətləri Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq müəyyən edirlər.

Nazirlər Kabinetinin adıkeçən Qərarında göstərilir ki, Tarif Şurası xidmət haqlarını müəyyən edərkən göstərilən xidmətlərin maya dəyərini nəzərə almalıdır. Maya dəyərinə xammal-material, enerjidaşıyıcıları, əmək haqqı, avadanlıqların, binaların istismarı və saxlanması kimi xərclər daxildir.

Aydın məsələdir ki, dövlət qurumları dövlət büdcəsindən maliyyələşdiyi üçün onlar tərəfindən təqdim olunan xidmətlərin maya dəyərinə daxil olan bütün xərclər də büdcədən ödənilir. Üstəlik, “Dövlət rüsumu haqqında” Qanunun tələbinə əsasən göstərilən xidmətlərin qarşılığında rüsum da alınır.

Belə olan halda vətəndaş haqlı olaraq narazılıq edir ki, dövlət qurumları göstərdiyi xidmətə görə rüsumdan əlavə niyə xidmət haqqı da alır?

Qeyd etdiyimiz kimi ən çox narazılıq olunan məsələ isə odur ki, Tarif Şurası niyə bu qədər yükəsək məbləğdə xidmət haqqı müəyyən edir?

Məsələn, 600 kv. metr sahəsi olan obyektin texniki sənədlərini (pasport və plan ölçü) almaq üçün 75 manat dövlət rüsumu müəyyən olunub. Amma, bu xidmət üçün 1 120 manat xidmət haqqı alınır (sahəsi 100 kv. m-dək olduqda 240 manat, sahəsi 100 kv. m-dən 500 kv. m-dək olduqda 100 kv. m-dən çox olan hər əlavə 1 kv. m. üçün 1,85 manat, sahəsi 500 kv. m-dən 1000 kv. m-dək olduqda 500 kv. m-dən çox olan hər əlavə 1 kv. m. üçün 1,40 manat).
Yaxud, sahəsi 150 kv. metr olan mənzilin texniki sənədlərini (pasport və plan ölçü) almaq üçün 75 manat dövlət rüsumu müəyyən olunub. Amma, bu xidmət üçün əlavə olaraq 55 manat xidmət haqqı alınır (sahəsi 50 kv. m-dək olduqda 20 manat, sahəsi 50 kv. m-dən çox olduqda hər əlavə 1 kv. m. üçün 0,33 manat).

Yuxarıdakı nümunələrdən də gördüyünüz kimi, istər obyekt, istərsə də mənzilin texniki sənədlərinin hazırlanması üçün bənzər proseslər (sahənin ölçülməsi, planın hazırlanması, sənədlərin çapı və s.) həyata keçirilir. Elə bu səbədən də həm obyekt, həm də mənzil üçün müəyyən edilən dövlət rüsumunun məbləği 75 manat təşkil edir. Amma, Tarif Şurasının obyekt və mənzil üçün müəyyən etdiyi xidmət haqqı arasında kəskin fərq var. Buradan belə nəticəyə gəlmək olur ki, Tarif Şurası xidmət haqqını müəyyən edərkən Nazirlər Kabinetinin Qaydalarında nəzərdə tutulan xidmətin maya dəyərini deyil, vətəndaşın sahib olduğu daşınmaz əmlakın növünü nəzərə alır. Tarif Şurasında qərar verən şəxslər hesab edir ki, obyekt üçün müraciət edən vətəndaşdan daha çox, mənzil üçün müraciət edən vətəndaşdan daha az xidmət haqqı almaq lazımdır. Halbuki, həm obyekt, həm də mənzil daşınmaz əmlakdır və dövlət qurumu onu qeydiyyata alarkən, ya da texniki sənədlərini hazırlayarkən bənzər xidmətləri həyata keçirir.

Tarif Şurası qərar qəbul edərkən nəzərə almalıdır ki, dövlət qurumu və vətəndaş arasındakı münasibətlər işgüzar xarakter daşımır. Dövlət qurumu biznes subyekti olmadığı kimi, vətəndaş da müştəri deyil. Bu səbəbdən də pulu çox olandan (obyekt sahibi) çox, pulu az olandan (mənzil sahibi) daha az xidmət haqqının alınması məntiqsiz olduğu kimi, qanunvericiliyin tələblərinə də ziddir.

Bənzər yazılar

Back to top button