Hadisə

Yüksək vəzifələrdə çalışan qadınların sayı niyə azdır? – Hüquq müdafiəçisi açıqlayır

“Vəzifədə olan xanımlar bəzən qadın hüquqlarına diqqət göstərmirlər. Bu da başqa qadınların vəzifələrə gəlməsinə əngəl törədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Mehriban Zeynalova Azərbaycanda dövlət vəzifələrində çalışan qadınların sayının az olmasının səbəblərini açıqlayarkən deyib.

Mehriban Zeynalova bildirib ki, Azərbaycanda kifayət qədər bacarıqlı qadınlar var:

“Lakin onların irəli çəkilməsində səylər göstərilmir. Qadınların tapılması, təqdimatı, vəzifəyə gətirilməsində elə də ciddi hərəkət görünmür. Bu da bir çox hallarda qadın problemləri ilə bağlı qərar qəbul etmədə iştiraklarını tam təmin edə bilmir”.

Həmsöhbətimizin fikirincə, burada bir lobbiçilik işi getməlidir:

“Dəstək, hərəkat lazımdır. Yaxşı qadın kadrlarını aşkarlamaq, namizədliklərini irəli sürmək kimi proseslər hələ kifayət qədər yoxdur. Bir çox hallarda vəzifədə olan qadınlar haqqında anti-təbliğatlar aparılır. Guya onlar vəzifələrinin öhdəsindən gələ bilmirlər, etimadı doğrultmurlar və s. Bəzi hallarda hətta onların daha çox korrupsiyada iştirakı qabardılır. Bu da qadınlar haqqında bacarıqsızlıq, idarəçilik keyfiyyətlərinin yüksək olmadığı təbliğatına söykənir. Buna görə də proses sürətlənmir”.

Qeyd edək ki, Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransı çərçivəsində Uqanda Respublikasının Qeyri-hökumət təşkilatları ilə birlikdə “Qadınların hüquqları və səlahiyyətləndirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır:

“Bundan əlavə, 8 nazir müavini, 2 komitə sədri, 1 icra başçısı, 68 icra başçısının müavini də qadındır. Son illər ölkədə qadın hakimlərin sayında da artım var. Bələdiyyələrdə çalışanların 38 faizini qadınlar təşkil edir”.

Bənzər yazılar

Back to top button