HadisəManşet

Əli Həsənovun villası gözətçiyə qalıb

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun uzun müddətdən bəri kölgəyə çəkilməsi səbəbsiz deyil.

Yenisabah.az keçmiş məmurun ölkənin ictimai-siyasi həyatından təcrid edilməsinin səbəblərini öyrənib. Məlum olub ki, Əli Həsənov karyerası ilə bağlı hər hansı ümidverici məqamın olmadığına tam əmin olandan sonra qeyri-müəyyən müddətə gözə görünməməyə qərar verib.

Məlumatlı şəxsin dediyinə görə, sabiq məmur “vurulmasıyla” uzun müddət barışmaq istəməyib. Onun Azərbaycan Dövlət İdarəçilik Akademiyasındakı kiçik kabinetindən tez-tez paylaşımlar etməsi, aidiyyatı oldu-olmadı bütün məsələlərə münasibət bildirməsi də bununla bağlı olub. Amma heç bir halda bağışlanmayacığına əmin olandan sonra siyasi iddialarının üstündən birdəfəlik xətt çəkmək məcburiyyətində qalıb.

“Əli Həsənov ümid edirdi ki, bir gün onu Prezident Administrasiyasına çağırıb təcrübəsindən yararlanmaq istəyəcəklərini bildirəcəklər. Amma zaman keçdikcə əmin oldu ki, onun iş təcrübəsi heç kimə lazım deyil”, – deyə məlumatlı şəxs bildirib.

Mənbənin dediyinə görə, sabiq məmur hazırda Bakının Əhmədli qəsəbəsindəki darısqal mənzilində yaşayır. Oğlu Şamxal Həsənovun ABŞ-a köçməsindən sonra o, gözə görünməməyə qərar verib. Bu səbəbdən də mərkəzdən uzaqlaşaraq, xanımı ilə birlikdə Əhmədliyə köçüb. Əli Həsənovun ciddi-cəhdlə yeni qonşuları ilə təmasdan yayındığı bildirilir.

Mənbə deyib ki, Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olan və Bakının Nərimanov rayonunda yerləşən dördmərtəbəli villa hazırda gözətçinin ümidinə qalıb. Şamxal Həsənov ailə üzvləriylə birlikdə ABŞ-a köçdüyü üçün villada indi qoca gözətçi və sahibsiz göyərçinlər yuva salıb.

Aldığımız başqa bir məlumata görə, sabiq məmur yay tətilini Bakıda keçirib. O, qızmar yay günlərində Xızı rayonunda yerləşən dəbdəbəli bağ evinə getməkdən də imtina edib.

Bənzər yazılar

Back to top button