İqtisadiyyat

Biabırçı, bahalı, bahalı, keyfiyyətsiz və fırıldaqçı – Başlı başına buraxılan turizm sektoru…

Turizm indeksi üzrə Azərbaycan hətta Ermənistandan da geridə qalır…

“Bunun günahı birbaşa Turizm Agentliyindədir, turist şikayətini deməyə yer tapmır”

Yay turizm mövsümünün başa çatmasına artıq sayılı günlər qalıb. Bu il də ölkənin quru sərhədlərinin bağlı qalması yay mövsümündə əhalinin böyük hissəsini yerli turizm obyektlərinə üz tutmağa məcbur etdi. Əslində, quru sərhədlərinin uzun müddət bağlı olması vətəndaşların səyahət imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də bir çoxlarının daxili turizm sektorunda olan biabırçı vəziyyəti daha aydın şəkildə görməsinə yardımçı oldu.

Belə ki, bölgələrə üz tutan vətəndaşların əksəriyyəti hotellərdə, istirahət mərkəzlərində göstərilən xidmətin keyfiyyətindən və qiymətlərin çox baha olmasından şikayətlənirlər. Qiymətlər orta statistik azərbaycanlının imkanlarını dəfələrlə üstələyir və əksər hallarda bazar iqtisadiyyatı qanunları, tələb və təklif əsasında deyil, süni şəkildə şişirdilir. Eyni münasibət təkcə yerli turistlər deyil, əcnəbilərə də aiddir. Özü də daha əcaib və biabırçı formada…

Belə ki, bir çox populyar istirahət mərkəzlərinə üz tutan xarici turistlərin “ikili menyu siyasəti” ilə aldadılması halları kifayət qədər çoxdur. Xarici turistin məlumatsızlığından sui-istifadə edən bu istirahət mərkəzləri eyni məhsulu və xidməti yerli vətəndaşlara satdığı qiymətdən dəfələrlə bahasına xaricilərə təklif edirlər. Hətta bəzi yerlərdə “üçlü menyu” tətbiq edilərək Bakıdan, başqa rayonlardan gələnlərlə və yerli rayon camaatına fərqli qiymətlər “oxunur”. Bu yolla haqsız qazanc əldə edən istirahət mərkəzləri həm xarici turistləri narazı salırlar həm də dövlət və xalq olaraq Azərbaycanın imicinə, strateji maraqlarına ağır zərbə vurmuş olurlar.

“5 manatlıq xidməti turistə 100 manata sırıyırlar”

Bu yaxınlarda Qəbələ rayonuna istirahətə yollanan vətəndaşlarımızdan biri – Nurlan Hüseynov “AzPolitika.info”-ya bildirib ki, böyük həvəslə getdiyi istirahət mərkəzində qarşılaşdığı mənzərə onu şoka salıb: “Qəbələdə 3 gün 2 gecə istirahətdə oldum. Bu müddət ərzində təkcə 3 nəfər qaldığımız evin kirayəsi üçün 1000 manat pul ödədim. 3 gün ərzində yemək üçün ödədiyim xərc isə 500 manata yaxın idi. Qəbələdən sonra digər bölgələrə səfər etməyi planlaşdırsam da, pulum bitdiyindən 3 günün sonunda Bakıya qayıtmağa məcbur oldum”.

Paytaxt sakini Teymur İsayev isə Qəbələdə yerləşən istirahət mərkəzlərində bir çaynik çayın 10 manata təklif olunduğunu bildirir: “Əksər istirahət guşələrində vətəndaşlara adi çay verilmir. Çay dəzgahla birlikdə təklif olunur ki, onun da qiyməti 30-50 manat arası dəyişir ”.

Asəf Qurbanlı Şamaxıya 8-9 saatlıq (gecələmə olmadan) səfərin bir ailə üçün 250 manata başa gəldiyini bildirir: “Bu xərc aşağı-yuxarı bütün ölkə üzrə eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecələmə də daxildirsə, əlavə olaraq 100-150 manat xərciniz çıxacaq”.

Tural Rəhimovun sözlərinə görə, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində hotelin bir günlük qiyməti 200 manatdan başlayır: “3 nəfərlik bir ailənin günlük yemək xərci minumum 300 manata başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manatdır. Həmçinin, bu istirahət mərkəzinə giriş adambaşına 20 manatdır”.

Zahid Əliyev isə Qəbələdə yerləşən istirahət mərkəzlərindən birində xarici turistlərə qarşı demək olar ki, soyğunçuluq edildiyinin şahidi olub: “Qəbələdəki istirahət mərkəzində adi suyu belə xarici turistə dəfələrlə baha qiymətə satırlar. 5 manatlıq xidməti turistə 100 manata sırıyırlar. Bu cür istirahət mərkəzlərində menyu təqdim olunmadığından, sahibkarlar müştərilərdən istədikləri məbləğləri tələb edə bilirlər”.

“Azərbaycana gələn turistlərin 15 faizi ölkəni narazı tərk edib”

Dövlət Statistika Komitəsinin(DSK) cari ilin ilk 4 ayına nəzərən açıqladığı məlumatlara görə, turizm sektorundan ən çox narazı qalanlar ərəb turistlər, avropalılar, ruslar və britaniyalılardır. Məlumatda bildirilir ki, ilk 4 ay ərzində Azərbaycana gələn 220 min turistdən 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalsa da, 32,5 min nəfər göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8 faiz təşkil edib. Turistlərin narazı qaldıqları sahələr isə nəqliyyat, yerləşmə, restoranlardakı vəziyyət və bələdçi xidməti olub. Araşdırmalara görə, avtobus xidmətindən ümumilikdə 4800 nəfər narazı qalıb. Bu xidmət üzrə ən çox narazı qalanlar Rusiya vətəndaşlarıdır (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukraynadan (126 nəfər) olan turistlər də avtobusların işindən narazıdırlar.

Taksi xidmətindən ən çox türk turistlər narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etməyib. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) qərarlaşıb.

Qeyd edək ki, turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub – ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin kefini restoranlar korlayıb. Bu sahədə sayca ən çox narazı olanlar – Rusiya (2000), Türkiyə (1800) və İrandan (1 142) olan turistlərdir. Restoranlardakı xidmət ukraynalı turistlərin də ürəyincə olmayıb (239 narazı turist). Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırasındadır.

Qeyd edək ki, bunlar DSK-nın rəsmi açıqlamaları olsa da, bu statistikanın necə, hansı şəraitdə aparıldığı məlum deyil. Odur ki, onun obyektivliyi ciddi şübhə doğurur. Çünki yerlərdəki vəziyyət turizm sektorundan narazılığın dəfələrlə artıq olduğunu deməyə əsas verir.

Turizm üzrə mütəxəssis Vüqar Quliyev yerli mediaya açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı olması ölkəyə gələn turist axınına ciddi maneə törətmir: “Sərhəd açılanda insanların çoxu Türkiyə və Gürcüstana üz tutur. Xaricilər isə Azərbaycana gələndə çox keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Birincisi, nəzarət yoxdur, qiymətlər çox fərqlidir, bəzi turistlər bu sarıdan problem yaşayır. İkincisi, otelləri yoxlamadan pul alıb, ulduz verirlər. Dünya ölkələrindən fərqli olaraq, bizdə könüllü şəkildə bələdçilik etmək istəyənlərə şərait yaradılmır. Turizm Assosiasiyası bələdçidən sertifikat üçün ayda 100 manat alır. Bir növ rüşvət kimi. İstedadlı, savadlı, ölkə tarixini bilən bələdçilər var, amma onlara şərait yaradılmır”.

“Turist Bakı ilə müqayisədə görür ki, qiymət Qəbələdə bahadır, aldadıldığını başa düşür. Bu isə turistdə Azərbaycan haqqında yanlış məlumat formalaşmasına səbəb olur. Bunun günahı birbaşa Turizm Agentliyindədir. Kiçik turizm şirkətlərini düzgün məlumatlandırmaq, onlara lisenziyaları düzgün şəkildə təyin etmək, sığortalamaq lazımdır. Gürcüstanda turizm şirkətlərinə çox böyük dəstək var. Azərbaycanda isə bunu görmürük. Turla bölgələrə gedən turist restorandan narazı qalırsa, ya da turizm şirkəti ilə problem yaşayırsa, şikayətini deməyə yer tapmır. Şikayət etsə belə, ortada heç bir nəticə olmur. Turisti görüb avtomatik qiyməti qaldırırlar. Turist də narazı qalır. Yadınızdadırsa, hindistanlı turist Hava Limanından Bakının mərkəzinə taksi ilə 800 manata gəlmişdi. Belə şeylərə də Agentlik nəzarət etməlidir”,-deyə ekspert bildirib.

Dünya reytinqində 63-cü, Cənubi Qafqazda sonuncu

Dünya İqtisadi Forumu (WEF) Səyahət və Turizmin İnkişafı İndeksininin açıqladığı məlumatlara görə, 2021-ci ildə Azərbaycan turizmi daha 4 pillə geriləyərək, 63-cü sırada qərarlaşıb. Qeyd edək ki, 117 ölkənin yer aldığı dünya reytinqində ilk beşliyi – Yaponiya, ABŞ, İspaniya, Fransa və Almaniya tutub. Hesabatda əsas diqqət çəkən məqam isə odur ki, Azərbaycan turizm sahəsində Cənubi Qafqaz regionunda sonuncu yerdə qərarlaşıb. Müvafiq sıralamada Ermənistan 61-ci, Gürcüstan isə 44-cü yeri tutur. Gürcüstanda turizmin az-çox inkişaf etdiyi məlumdur. Ancaq turizm indeksi üzrə Azərbaycanın Ermənistandan geridə qalması qəbulolunmaz və biabırçı haldır.

İqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, turizm sahəsində baş verən problemlərin bir neçə səbəbi var: “Əslində, bu sahədəki problemin kökü inhisarçılıqla bağlı deyil. Bəli, dövlətin özünün maliyyələşdirdiyi və məmurlara məxsus 5 ulduzlu hotellər var və onların bir çoxunun ziyanla işlədiyi hər kəsə məlumdur. Ancaq hər kəs bölgələrdə hotel aça və ya öz evini hotelə çevirə bilər. Əsas məsələ bu sahədə rəqabətsiz bir mühitin olmasıdır. Turizmin inkişafı adına atılacaq ilk addım quru sərhədlərinin açılması ola bilər. Gediş-gəliş rahatlaşmalı, AZAL-ın bilet qiymətləri ucuzlaşmalıdır ki, ölkəyə gələn turistlərin sayında artım baş versin. Ölkəyə gələn turistlərin sayı artdıqca tələb-təklif qanunu işə düşəcək. Kiçik hotellərin sayı artacaq və rəqabətli bir mühit formalaşacaq”.

İqtisadçı bildirib ki, turizm sektorunda qiymətlər hansısa formada tənzimlənmir: “Xarici ölkələrdə də turizm sektoru bu formadadır. Məsələn, yanaşı hotellərin birində təklif olunan otağın qiymət 100 manatdır, digərində isə 5 manat. Bunu sahibkar özü müəyyənləşdirməlidir. Azərbaycanda da dövlətin hansısa formada qiymətlərə təsir etmək mexanizmi yoxdur. Ancaq dövlətin borcudur ki, bu sahədə rəqabətli bir mühit yaratsın. Hesab edirəm ki, atılacaq addımlar daha çox idarəetmə və rəqabətli mühitin formalaşmağına xidmət etməlidir”.

Azərbaycana 6 ayda gələn turist sayı Gürcüstana bir ayda gəlir
Dövlət Turizm Agentliyinin məlumatına görə,cari ilin ilk 6 ayı ərzində Azərbaycana 832186 min əcnəbi gəlib. Bu rəqəmləri Gürcüstanın statistik göstəriciləri ilə müqayisə etdikdə Azərbaycanın turizm sektorunda qonşu ölkədən nə qədər geri qaldığını görmək mümkündür. Belə ki, statistik məlumatlara əsasən, təkcə iyul ayında Gürcüstana 714 minə yaxın turist səfər edib. Bu rəqəm Azərbaycanda həmin turizm ayı üzrə heç 200 min nəfərə çatmır. Ölkəyə gələnlərin təxminən 60,2 min nəfəri Rusiyadan gələnlərdir. Səudiyyə Ərəbistanından 26,9 min,Türkiyədən 22,6 min, İrandan 13,5 min və Pakistandan 7,3 min nəfər ölkəmizə səfər edib.

İqtisadçı-ekspet Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, bu sahəyə Dövlət Turizm Agentliyi nəzarət etsə də, problemlərin həlli konkret bir strukturun tənzimləmələri ilə müəyyənləşə bilməz: “Buradakı problemlərin həlli ilə dövlət ümumi şəkildə məşğul olmalıdır. Turizm ölkəyə giriş-çıxışdan, təyyarə qiymətlərindən, quru sərhədlərindən, ölkədə turizmə dəstək verən yan xidmətlərin inkişafından, cəmiyyətin bu məsələyə yanaşma tərzindən asılıdır. Turizm paralel olaraq yan sahələrə təsir edir və bundan özü də təsirlənir. Ona görə də turizm sektoruna hökumətin kompleks yanaşması vacibdir. Təkcə hotel, restoran tikməklə ölkəyə turist cəlb edəcəyimizi düşünməməliyik. Çünki ölkəyə gələn turist öz marşurut xəttini müəyyənləşdirərkən, gedəcəyi ölkədə sərnişindaşıma, hotel, iaşə obyektlərindəki vəziyyəti, cəmiyyətin turistə münasibətini və turistlərə verilən azadlığı da nəzərə alır”.

“Biz Gürcüstanla Azərbaycan turizmini müqayisə edərkən nəzərə almalıyıq ki, Gürcüstan turizmi daha azad bir mühit üzərində qurulub. Gürcüstanda turistin bir çox azadlıqları var. Məsələn, Gürcüstanda kazinoların fəaliyyətinə icazə var, həmçinin narkotik vasitələrin müəyyən formlarından da istifadə mümkündür. Bu cür əyləncə məkanlarında istirahət azadlığının təmin olunduğu ölkələr hər zaman turistlərin marağına səbəb olur. Məhdudlaşdırıcı vasitələr tətbiq olunan zaman turist təbii ki, ölkəyə gəlməyəcək. Bu gün qlobal turizm bazarında ciddi rəqabət mühiti formalaşıb. Azərbacan təbiətinə görə nə Türkiyədən nə də Gürcüstandan gözəldir. Düşünürəm ki, kifayət qədər problemlərin olduğu turizm sektorunda müəyyən məsələlər öz həllini taparsa, bu, turizmin inkişafına müsbət təsir göstərə bilər”,-deyə ekspert bildirib.

Sonda qeyd edək ki, bu cür qiymət siyasətinin və keyfiyyətsiz xidmətin ölkəyə turist axınını kəskin azaldacağı və Azərbaycanda turizm sektoruna böyük zərbə vuracağı şübhə doğurmur. Bunun qarşısını almaq üçün müvafiq dövlət orqanlarının təsirli addımlar atması vacibdir. Turizm obyektlərində vaxtaşırı monitorinqlərin həyata keçirilməsi, turistlərin şikayətlərini dinləmək üçün “Qaynar xətt”in yaradılması və sair belə tədbirlər bu sahədəki özbaşınalığın və soyğunçuluğun qismən də olsa qarşısını ala bilər…

Elvin Bəyməmmədli (AzPolitika.info)

Bənzər yazılar

Back to top button