Dünya

Daha bir erməni general səhlənkarlıqda ittiham olunur

Hazırda Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinə rəhbərlik edən general-leytenant Cəlal Arutyunyanın səlahiyyətləri dayandırılıb.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni müstəntiqlərin fikrincə, 44 günlük müharibə zamanı, 2020-ci il oktyabrın 6-da Arutyunyan əks hücuma keçmək qərarına gəlib.

Lakin o, Azərbaycan ordusunun vəziyyətini, yerini və tərkibini öyrənmədən, ona tapşırılan döyüş tapşırığının qrafikinə əməl etmədən, həm də say üstünlüyünə malik olmadan bu qərarı verib. Əks-hücumda iştirak edən erməni silahlı bölmələri ayrı-ayrılıqda hərəkət edib, bəziləri dəstəksiz hücuma keçib.

Nəticədə erməni birləşmələri böyük itki verib: 20 hərbçi həlak olub, 44 tankdan 19-u, 29 piyada döyüş maşınından 3-ü sıradan çıxarılıb.

Oktyabrın 8-də hücum təxirə salınıb. Nəticədə Azərbaycan Ordusunun artilleriya bölmələrinin erməni hərbi və texnikasını atəşə tutması yeni itkilərə səbəb olub.

İstintaq müəyyən edib ki, Arutyunyan Varanda diviziya komandirinə erməni mövqelərinə yaxınlaşan bölmənin ermənilərdən ibarət olması barədə yanlış məlumat verib. Buna görə də atəş gec açılıb. Döyüşdə 20 erməni əsgəri həlak olub, 7-si yaralanıb, biri hələ də itkin düşmüş hesab olunur.

Artilleriya batalyonunun komanda məntəqəsi və atəş mövqeləri, o cümlədən 8 top, 4 “Ural” markalı yük maşını, döyüş sursatı, məxfi sənədlər Azərbaycan Ordusunun nəzarətinə keçib.

Xatırladaq ki, daha əvvəl Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olan general-leytenant Mikael Arzumanyan 44 günlük Vətən müharibəsində “Şuşanın müdafiəsi”nin təşkilində etdiyi səhlənkarlığa görə həbs edilib.

Bənzər yazılar

Back to top button