Dünya

ABŞ Lavrova və nümayəndə heyətinə BMT-yə səfər üçün viza vermədi

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun nümayəndə heyətinin sentyabrda keçiriləcək BMT-nin dünya liderlərinin illik toplantısına Nyu Yorka getməsi üçün ABŞ-dan 56 viza istəyib, lakin hələlik heç birini də almayıb.

Bu barədə Qaynarinfo “Reuters”ə istinadən xəbər verir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza BMT-nin Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda bunun “narahatedici” olduğunu, çünki son bir neçə ay ərzində Vaşinqtonun bir sıra Rusiya vətəndaşlarına, BMT-nin digər tədbirlərinin nümayəndələrinə “giriş vizalarını davamlı olaraq rədd etdiyini” bildirib.

Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, ABŞ BMT-yə ev sahibliyi edən ölkə kimi öz öhdəliklərinə ciddi yanaşır və əlavə edib ki, viza qeydləri məxfidir, ona görə də ABŞ ayrı-ayrı hallara münasibət bildirə bilməz.

Dövlət Departamentinin rəsmisi deyib ki, “hər il biz Rusiya Federasiyasının BMT-nin tədbirlərində iştirak edən nümayəndələri üçün yüzlərlə viza rəsmiləşdiririk”.

O, həmçinin qeyd edib ki, müraciətlərə vaxtında baxılması üçün müraciət mümkün qədər tez təqdim edilməlidir. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının ABŞ-ın Rusiyadakı səfirliyinə qarşı əsassız hərəkətləri, o cümlədən Moskvadakı diplomatların qovulması ilə əlaqədar xüsusilə vacibdir.

Nümayəndə qeyd edib ki, Rusiya Federasiyası “səfitliyin ştatını ciddi azaldıb və bununla da vizaların rəsmiləşdirilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Xatırladaq ki, BMT Baş Assambleyasının Nyu Yorkda yüksək səviyyəli iclası sentyabrın 20-də keçiriləcək.

Bənzər yazılar

Back to top button