Digər

Əli Həsənovdan qalma Bəxtiyarlı, İxtiyarlı “Azərbaycan”

Dövlətin rəsmi qəzeti dövlət ideologiyasının lokomotivi olmaq əvəzinə arabanın “beşinci” təkərinə necə çevrilib?
Mətbuatın əasas gücü onun sözünə inamdır. Qələm jurnalistin əlindədir, deməli etimadı da jurnalist özü qazanmalıdır. Bəs bu düstur bizdə necə işləyir? Xalq Cümhuriyyətinin mirası, Üzeyir Hacıbəylinin mətbu irsi olan “Azərbaycan” qəzetinin timsalında biz bu etimadın qazanılmasının yox, necə itirilməsinin, alt-üst edilməsinin şahidi ola bilərik.

Dövlətimizin adını daşıyan qəzetin milli, dövlətçi simasını itirməsi prosesinin isə iki onilliyi aşan tarixçəsi vardır. Kolxoz təsərrüfatlarında südçülüyn inkişafı və sovet kəndində sosializm yarışları barədə oçerklər yazmaqda ixtisaslaşmış Bəxtiyar Sadıqov kimi kənd təsərrüfatı jurnalistinin 20 illik baş redaktorluğu dövründə “Azərbaycan” qəzeti elə kolxoz təfəkkürü ilə idarə olunmuş və birmənalı Mehdiyev-Həsənov cütlüyünün şəxsi maraqlarına xidmət etmişdir. Cümhuriyyət hara, Hacıbəyli hara, kolxoz hara, Sadıqov hara…

Bu gün qəzet oxuyan varmı sualını əldə bayraq edib dövlətin üzərinə getməkdənsə, başqa bir sual ətrafında düşünək – siz nə vaxt yaxşı qəzet buraxdınız və ya buna cəhd etdiniz ki, onu oxuyan olmadı?
Mehdiyevin mirzəliyini eləməkdə ad çıxarmış Bəxtiyarlı “Azərbaycan”ın “boz kardinalı” İxtiyar Hüseynli həmişə özünü qəzetin əsil sahibi kimi apararaq dövlət orqanlarını; icra hakimiyyətlərini, nazirlik və komitələri “hesaba” otuzdurmuşdu. “Ramiz Mehdiyevin təzə kitabı çıxıb, kişi məsləhət gördü ki, sizin rayonda təqdimat keçirək, iki səhifə yazı verəcəyik, səhifənin hesabı da bu qədər”,- Bəxtiyarın İxtiyarının belə telefon zəngləri, “reket”vari hədələri hələ də çoxlarının yadındadır. İndi zaman dəyişilib, artıq o məmurlar yoxdur, dövlət aparatı dövlət qəzetlərində gizlənən “reket”lərin həmləsini zərərsizləşdirib, könhə bulaqlar quruyub. Bazar bağlandığı üçün dövlətin qəzetində kölgələnənlər indi dövlətdən narazı düşüb, “Azərbaycan” Nəşriyyatının dəhlizlərini onların pıçhapıçları başına götürüb.

Bir vaxtlar Əli Həsənovun böyük himayəsi altında olan və abunə maxinasiyaları ilə milyonlar qazandığı dövlət qəzetlərinin bir çoxunun redaksiyalarında sağlam ab-havanın olmadığı media cameəsinə yaxşı məlumdur. Onda sual yaranır dövlət bu “köçür-yapışdır” maklaturasını niyə saxlayır? Bəlkə hər şey təbii axarına buraxılıb xəbərimiz yoxdur! Belə ki, Bəxtiyar da bundan sonra hələ bir 20 il də dövran sürməlidir rəhmətlik Teymur Əhmədov kimi 90 yaşına çatanda təbii dəyişiklik baş versin və 2001-ci ilin avqustunda Ulu öndər Heydər Əliyevi söydüyünə görə işlədiyi “Yeni Azərbaycan” qəzetindən qovulan (!!!) perspektivli “nurçu əmiri” gəlib baş redaktor olsun. Yəni hər şey Allahın ümidinə buraxılıbsa, xub, sözümüz yox. Lakin ölkədə media islahatları gedir və dövlət bu sahənin düzəlməsini istəyir. Qanun qəbul edilib, reyestr yaranacaq, bütün “reket”lərin beli qırılacaq, nəhayət media mühitimiz sağlamlaşacaq.

Yeri gəlmişkən onu da xüsusi vurğulayaq ki, ulu öndərin şəxsiyyətinə və xatirəsinə münasibətdə Bəxtiyar Sadıqovun mövqeyi, rəhbərlik etdiyi redaksiyanın mövqeyi ilə yumuşaq desək, heç vaxt üst-üstə düşməyib. Müstəqil Azərbaycan dövlətinin qurucusuna münasibətdə Sadıqovun şəxsiyyətnini ikiləşməsninin isə özünəməxsus tarixi vardır. Belə ki, “Kommunist” qəzetində işləyərkən Moskvanın və onun anti-milli əlaltısı Vəzirovun körüklədiyi Heydər Əliyevə qarşı aparılan qara-piar kampaniyasında Bəxtiyar Sadıqovun da qələmi öz “töhfə”lərini vermişdir, ulu öndərin sovet vaxtı Azərbaycanın tərəqqisinə yönəlmiş tarixi fəaliyyətini “durğunluq dövrü” adlandıraraq ləkələməklə məşğul olmuşdur. Başqa bir fraqmanet – elə bu il Milli Mətbuat Günü ölkə mediasına məsuliyyət daşıyan rəsmi şəxslər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən Sadıqov gözə dəyməyib. Necə ola bilər ki, dövlət tərəfindən maliyələşən 4 dövlət qəzetinin 3-nün baş redaktoru rəsmi tədbirə qatılır, biri yox? Ölkə mediasının yazdığına görə, B.Sadıqov Fəxri Xiyabana gəlməkdən imtina edibmiş və nümayişkəranə sürətdə gəlməyəcəyini deyibmiş. Milli Məclisin orqanı olan qəzetin baş redaktorunun bu addımını müxtəlif amillərlə izah etmək olar, amma görünən odur ki, B.Sadıqov Mətbuat Günündə ulu öndərə qarşı açıq hörmətsizlik nümayiş etdirib və qeyd etdiyimiz kimi genetik kökləri olan bu hörmətsizlik birinci dəfə deyil. Belə əxlaqa sahib şəxsin Heydər Əliyevi söydüyünə görə işlədiyi “Yeni Azərbaycan” qəzetindən qovulan adamı qanadı altına alıb redaksiyada özünün varisi elan etməsi heç də qəribə deyildir.

Amma və lakin jurnalistin sözünə cəmiyyətdə inam yaranmalıdır, yoxsa islahatlar özü sual altına düşə bilər. İslahat Azərbaycan mətbuatını əhatə etdiyi kimi çoxdandır naftalin iyi verməyə başlamış, Zərdabinin, Hacıbəylinin yox, Əli Həsənovun mətbu irsi olan “Azərbaycan” qəzeti də daxil bütünlükdə dövlət mediasını da əhatə etməlidir. Yoxsa islahatlar yarımçıq görünəcək, çünki bəxtiyarlı, ixtiyarlı şəbəkə heç vaxt medianın düzəlməsini istəməyəcək, vəziyyətin belə çarəsiz qalması üçün əllərindən gələni “beş qaba” çəkməkdə davam edəcəklər. Ümid edək ki, hər şey taleyin ümidinə buraxılmayıb.

Nazim Əlizadə

Bənzər yazılar

Back to top button