Analitikaİqtisadiyyat

Vəziyyət daha da ağırlaşıb – idxal ciddi artır, ixrac isə azalır

Vahid Məhərrəmov, ekspert

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,99% çox olmuşdur. Belə ki, 2022-ci ilin 7 ayı ərzində ölkəyə 1 milyard 190 milyon 423  min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 181,5 milyon dollar çoxdur.

Bu ilin yanvar-iyul aylarında əvvəlki illərin göstəricilərindən fərqli olaraq bir sıra yeyinti məhsullarının idxal dəyərində ciddi artım olduğunu görürük. Misal üçün, 2022-ci ilin yanvar-iyul aylarında ölkəyə idxal edilən bitki və heyvan mənşəli yağlarının idxal dəyəri 2021-ci ilin 7 ayı ilə müqayisədə 13,5%, çayın idxal dəyəri 14,1%, buğdanın idxal dəyəri 49%, meyvə-tərəvəzin idxal dəyəri 10,7%, düyünün 34,8% artmışdır.

Bu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas heyvandarlı məhsulları həm fiziki çəkidə, həm də dəyər ifadəsində nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 7 ay ərzində süd idxalı fiziki çəkidə 18,3%, kərə yağı 32,9%, həmçinin dəyər ifadəsində ət idxalı 4,5%, süd 30,9%, kərə yağının idxal dəyəri isə 52,2% artmışdır.

Qeyd etməliyəm ki, bu ilin iyul ayında BMT-nin FAO təşkilatının hazırladığı və yaydığı son məlumatda iyun ayında FAO Süd Məhsullarının Qiymətləri İndeksinin 2021-ci ilin iyun ayı səviyyəsindən orta hesabla 24,9 faiz yuxarı olduğu və iyun ayında bütün növ süd məhsullarının bahalaşdığı bildirilir. FAO-nun məlumatında daha çox pendirin, süd tozunun, kərə yağının bahalaşdığı və bahalaşmaya səbəbin Avropada tələbatın artması və və Avropa İttifaqı ölkələrində süd istehsalının həcminin azalması olduğu qeyd edilir.

Bu ilin iyun ayında FAO-nun Ət Qiymətləri İndeksi orta göstəricisi 2021-ci ilin iyun səviyyəsindən 12,7% yüksək olub. Yayılan məlumatda qeyd edilir ki, dünya bazarında bütün növ ətin qiymətləri artıb, lakin quş ətinin qiyməti digərlərindən daha çox artaraq rekord səviyyəyə çatıb, çünki Ukraynadakı müharibə və Şimal yarımkürəsində quş qripinin yayılması səbəbindən dünya bazarında təklif hələ də məhduddur. Çinin Braziliyadan ət idxalına qadağasını aradan qaldırması ilə mal ətinin qiyməti qalxıb. Qlobal qoyun ətinin qiymətinin qalxmasına Yeni Zelandiyada ixrac ehtiyatlarının azalması səbəb olub.

FAO-nun Bitki Yağı Qiymət İndeksi iyulda 19,2 faiz azalaraq son 10 ayda ən aşağı səviyyəyə endiyi qeyd edilir.

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 154,6 milyon dolları dəyərində 429,8 min ton buğda idxal edilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı fiziki çəkidə 5,1%, dəyər ifadəsində isə 49% artmışdır (Cədvəl 1). Bundan əlavə əvvəlki illərə nisbətən bu ilin yanvar-iyul aylarında düyü idxalı fiziki çəkidə 16,9%, dəyər ifadəsində isə 34,8% artıb.

Onu da qeyd etməliyəm ki, iyul ayında FAO-nun Orta Taxıl Qiyməti İndeksi 147,3 bənd təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 19,1 bənd (11,5 faiz) az, lakin 2021-ci ilin iyul ayı ilə müqayisədə 21,0 bənd (16,6 faiz) çoxdur. Beynəlxalq qiymətlərin aşağı düşməsi bu indeksə daxil olan bütün taxıl növlərinə təsir edib. İyulda dünya bazarında buğdanın qiyməti 14,5 faiz ucuzlaşıb. Bu, qismən Ukrayna ilə Rusiya Federasiyası arasında Ukraynanın əsas Qara dəniz limanlarının blokdan çıxarılmasına dair əldə edilmiş razılaşma ilə bağlıdır. Bundan əlavə, Şimal yarımkürəsində məhsul yığımına başlanılması və nəticədə tədarükün artması hesabına baş verib.

İyul ayında dünya bazarında buğdanın qiyməti 14,5 faiz ucuzlaşsa da, hesablamalar göstərdi ki, Azərbaycana gətirilən buğdanın idxal dəyəri iyuı ayında əvvəlki aya nisbətən cəmi 4% ucuzlaşmışdır. Belə ki, iyun ayında buğdanın idxal dəyəri 419,29 dollar, iyul ayında isə 402,47 dollar təşkil etmişdir.

Ümumilikdə isə 2022-ci ilin 7 ayı ərzində ölkəyə 307 milyon 914 min dollar dəyərində dənli bitkilər, unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları idxal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 93,2% çoxdur.

Bu ilin yanvar-iyul aylarında əvvəlki ildən fərqli olaraq bir sıra yeyinti məhsullarının idxal dəyərində də ciddi artım olduğunu görürük (Cədvəl 2). Belə ki, süd məhsulları, yumurta, bal, və sair 24,9%, tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 13,5%, yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və sair 9,2%, heyvan və bitki mənşəli piylər və yağlar, hazır yeyinti piyləri və sair 13,5%, taxıldan, undan, nişastadan və süddən alınan hazır məhsullar və s. 22,4%, dənli bitkilər 49,5%, unüyütmə-yarma sənayesi məhsulları; buğda kleykovinası 45,7%, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 2,3%, müxtəlif ərzaq məhsulları 10,6% artmışdır.

Bu ilin yanvar-iyul aylarında ölkənin əsas ixrac məhsullarından olan meyvə-tərəvəz ixracı fiziki çəkidə 4,1% azalmışdır. Azalma əsasən tomat ixracında 5,7%, alma ixracında 28,5%, xurma ixracında isə 7,7% baş vermişdir. Eyni zamanda nar ixracı da əvvəlki ilə nisbətən xeyli azalmışdır. Belə ki, bu ilin 7 ayı ərzində əvvəlki illin eyni dövrü ilə müqayisədə nar ixracı fiziki çəkidə 19,3%, dəyər ifadəsində 18,8% azalıb.

Onu da qeyd etməliyəm ki, yeyinti məhsullarının idxalı üçün xərclər artdığı halda, təəssüflər olsun ki, ixrac olunan məhsullardan əldə edilən gəlirlər azalmaqda davam edir. Yuxarıda qeyd edildiyi kimi bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarından əsasən tomat, kartof, meşə fındığı, alma, xurma və nar olub. Xurma istisna olmaqla digər məhsulların ixracı fiziki çəkidə azalıb. Bununla yanaşı son iki ildə tomat ixracı kəskin şəkildə aşağı düşmüşdür. Belə ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövrü ərzində tomat ixracı dəyər ifadəsində 19,4% , fiziki çəkidə isə 26,9% azalıb. Bu il tomat ixracatçıları iki il əvvəlkindən 32,4 milyon dollar az gəlir əldə etmişlər. Meşə fındığı ixrac isə 2019-cu ilin yanvar-iyul ayları göstəricisi ilə müqayisədə fiziki çəkidə 19,1%, dəyər ifadəsində 17,5% az olub. 2019-cu ilinin 7 ayı ilə müqayisədə fındıq ixracatçılarının gəlirləri 12,6 milyon dollar azalmışdır. Əvvəlki ilin yanvar-iyul aylarına nisbətən bu il kartof ixracı fiziki çəkidə 14,8%, dəyər ifadəsində 12,0% azalmışdır (Cədvəl 3).

Onu da qeyd etməliyəm ki, DSK bu ilin 6 ayı ərzində heyvandarlıq məhsulları istehsalında 2,8% artım göstərdiyi halda heyvandarlıq məhsullarıın qiymətlərində ciddi artım baş vermiş, həmçinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas heyvandarlıq məhsulları idxalı xeyli artmışdır. Belə ki, ət idxalı 6,3%, əsasən kəsim üçün nəzərdətutulan diri heyvanların idxalı 9,3%, kərə yağı 32,9%, süd idxalı isə 18,3% artıb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda heyvandarlıq məhsullarının idxalının ciddi artması və həmin məhsulların kəskin bahalaşması istehsalın azalmasının göstəricisidir.

Bu ilin 7 ayı ərzində əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxal dəyəri əvvəlki ilə nisbətən 9,3% artaraq 29 milyon 420 min dollar təşkil etmişdir.

DSK-nın 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz təşkil etmişdir.

DSK-nın yaydığı məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur.

Apardığımız araşdırmalar göstərdi ki, ixrac olunan ərzaq məhsullardan əldə edilən gəlirlər get-gedə azaldığı halda yeyinti məhsullarının idxalı üçün ölkədən çıxarılan valyutanın həcmi ciddi olaraq artmaqda davam edir.

Yuxarıda qeyd edildiyi kimi bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarından əsasən tomat, kartof, meşə fındığı, alma, xurma və nar olub. Xurma istisna olmaqla digər məhsulların ixracı fiziki çəkidə azalmışdır. Bununla yanaşı son iki ildə tomat ixracı kəskin şəkildə aşağı düşmüşdür.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 181,5 milyon dollar dəyərində daha çox yeyinti məhsulları idxal edilmişdir. Bu da o deməkdir ki, idxalla məşğul olan sahibkarlər əvvəlki illərdən fəqli olaraq yuxarıda adı sadalanan məhsulların idxalı üçün daha cox valyuta xərcləməli olmuşlar. Təəssüflə qeyd etməliyəm ki, son illər yeyinti məhsullarının idxalı üçün çıxarılan 1,9 milyard dollardan çox vəsait digər ölkələrin fermerlərinin biznesini genişləndirir, onların sosial durumunu daha da yaxşılaşdırır. Halbuki Azərbaycan kəndlilərinin, fermerlərinin həmin vəsaitlərə daha çox ehtiyacı var.

Ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı olduğu bir zamanda yeyinti məhsullarının idxalının ilbəil artmasını kənd təsərrüfatı məhsullarının istehsalının azalması ilə əlaqələndirmək olar. Ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, ölkənin yeyinti məhsullarına olan təlabatı idxaldan aslı vəziyyətdə salınır. İdxalda marağı olan inhisarçıların maraqlarına uyğun olaraq bu aslılıq get-gedə artmaqda davam edir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə bu kimi səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır. Kənd təsərrüfatı məhsulu istehsalından yerli fermerlərin yaxşı gəlir əldə etmək imkanı olduğu halda, çox təəssüflər olsun ki, bu imkanlar əldən verilir.

Azərbaycan özünün ərzaq məhsullarına olan təlabatını daxili istehsal hesabına tam ödəyə bilər. Azərbaycanda əsas ərzaq malları və kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti mövcuddur. Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, digər ölkələrə böyük həcmdə bir sıra ərzaq malları, kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Bunun üçün sahədə mövcud olan problemlər aradan qaldırılmalı və sahəyə yüksək səviyyəli peşəkarlar, mütəxəssislər cəlb edilməlidir.


ƏLAVƏLƏR

ƏLAVƏ 1

Cədvəl 1. 2021-ci və 2022-ci ilin yanvar-iyul ayları üzrə yeyinti məhsullarının idxalı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

2021 2021 2022 2022 2021/2022 2021/2022
Miqdarı Dəyəri Miqdarı Dəyəri Miqdarda fərq %-lə Dəyərdə fərq %-lə
Ət, ton 22 141 37 920 23 556 39 798 +6,3 +4,5
Süd, ton   4 851 7 134   5 743 9 342 +18,3 +30,9
Kərə yağı 9 051 44 915  12 031 68 401 +32,9 +52,2
Meyvə-tərəvəz 223 669 128 192 231 933 141 998 +3,7 +10,7
Çay, ton 8 732 36 946 8 427 42 177 -3,4 +14,1
Buğda, ton 408 825 103 772  429 806 154 660 +5,1 +49
Bitki,heyvan yağı 91 234  126 588 84 369   143 679 -7,5 +13,5
Düyü 31 468 23 145 36 817 31 202 +16,9 +34,8

 

ƏLAVƏ 2

Cədvəl 2. 2021-ci və 2022-ci ilin yanvar-iyul ayları üzrə yeyinti məhsullarının idxalı ( dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

Mal qrupunun adı  2021  2022  Fərq %-lə
 Süd məhsulları, yumurta, bal, və sair 86 988 108686 +24,9
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 45 807 52 030 +13,5
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və sair 82 384 89 968 +9,2
Heyvan və bitki mənşəli piylər və yağlar, hazır yeyinti piyləri və sair 126588 143679 +13,5
Taxıldan, undan, nişastadan və süddən alınan hazır məhsullar və s. 66 401 81 341 +22,4
Dənli bitkilər 138920 207712 +49,5
Unüyütmə-yarma sənayesi məhsulları; buğda kleykovinası 12 942 18 861 +45,7
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 109331 111886 +2,3
Müxtəlif ərzaq məhsulları 77 526 85 785 +10,6

 

ƏLAVƏ 3

Cədvəl 3. 2021-ci və 2022-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ixracı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

2021 2021 2022 2022 2021/2022 2021/2022
Miqdarı Dəyəri Miqdarı Dəyəri Miqdarda fərq %-lə Dəyərdə fərq %-lə
Meyvə-tərəvəz 365 533 338 074 350 404 376 948 -4,1 +
ondan:
Kartof 91 813 39 851 78 156 35 059 – 14,8 -12,0
 tomat 119 040 128 161 112 204 134 126 -5,7 +4,6
meşə fındığı 7 097 42 286 10 677 59 384 +50,4 +40,4
alma 27 571 12 616 19 703 13 226 -28,5 +4,8
xurma 42 342 31 865 39 075 29 669 -7,7 -6,8
Nar 1 910 2 986 1 541 2 424 -19,3 -18,8
Bitki, heyvan yağı 13 563 17 825 10 383 18 957 -23,4 +6,3

 

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button