Cəmiyyət

Aqrar Xidmətlər Agentliyinin işdən çıxardığı alim-aqronom dövlət başçısına müraciət etdi

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı qardaşı Həsənov Naməddin Tofiq oğlu Prezident İlham Əliyev cənablarına müraciət ünvanlayıb.

AzToday.az qlobal.az-a istinadən Naməddin Həsənovun məktubunu təqdim edir:

“Cənab prezident!

Nəzərinizə çatdırıram ki, mən alim-aqronom olaraq kənd təsərrüfatının bütün sahələrini və hətta heyvandarlıq sahəsini də mükəmməl bilirəm. Bir ziyalı və mütəxəssis olaraq kənd təsərrüfatının ölkəmizdə inkişafına öz töhvələrimi də verə bilərəm. Elə ona görə də Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov başda olmaqla bütün nazirlik əməkdaşlarını debata çağırıram və bu gün Kənd Təsərrüfatı nazirliyində və onun struktur bölmələrində savadsız, təcrübəsiz və qeyri ixtisas sahiblərinin işlədiyini sübuta yetirməyə hazıram. Bildirirəm ki, Kənd Təsərrüfatı nazirliyində kadr korpusu məhv edilib və hüquqşünas, regionşünas, politoloq, neftçi, tarixçi, riyaziyyatçı və coğrafiya müəllimləri məsul vəzifələrə təyin olunub. Qeyd etdiyim kimi mənim ixtisasım alim-aqronom olmasına baxmayaraq məni artiq 11 aydır ki, Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi işdən azad edib. Bildirirəm ki, ömrü boyu kənd təsərrüfatı sahəsində işləmişəm və son 13 ili isə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda çalışmışam. Çox gülməli də olsa həmin quruma respublika üzrə rəhbərlik edən Rəşad Vahabzadənin ixtisası neft mühəndisidir. Mən isə peşəkar mütəxəssisəm, şəhid və Qarabağ veteranı qardaşıyam, üç azyaşlı uşağım var, qoca və xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası mənim himayəmdə yaşayır, yeganə qazanc yerim işlədiyim müəssisə idi və ən başlıcası odur ki, Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmişəm, Ermənistanla sərhəd kənddə yaşayıram, müharibədə evimizə ciddi ziyan dəyib, 1996-cı ildən YAP-ın üzvüyəm və mənə Ulu Öndərimizin şəxsi imzası ilə 133543 nömrəli üzvlük vəsiqəsi verilmişdir. Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vhabzadənin mənim şəhid ailəsinə borcum yoxdur deməsi və onun digər qanunsuz əməlləri barədə bu günə qədər yazdığım 10 kq-dan çox çəkisi olan şikayətlərim isə nəticəsiz qalıb.

Əlavə olaraq bildirirəm ki, məni siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz deyib təhqir edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov 10 gün əvvəl REAL TV-də təkrar əkinlərlə bağlı çıxış edərək bildirib ki, təkrar əkinlərdə qisa müddətə bara düşən sortlar olmalıdır. Cəfər Məhərrəmovun bu çıxışına rəğmən mən bir mütəxəssis olaraq izah verirəm ki, kənd təsərrüfatında qisa müddətə bara düşən termini yoxdur, tez yetişən, orta yetişkən və gec yetişən sortlar vardır ki, təkrar əkinlərdə də tez yetişən sortlardan istifadə olunmalıdır. Cəfər Məhərrəmovun mənə siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz deməsinə cavab olaraq bildirirəm ki, Şəhidlər vətənin əsl sahibləridir.

Qeyd etdiyim kimi artıq 11 aydır ki, işdən azad olunmuşam və bütün müraciətlərim cavabsız qalıb, heç bir tədbir görülməyib və Aqrar Xidmətlər Agentliyi bildirir ki, şəhid və Qarabağ veteranı ailəsi olmağınıza baxmayaraq əmək müqavilənizin müddətini uzatmırıq.

Mən isə bütün lazımi sənədləri toplayaraq ölkə vətəndaşlığından imtina etmək üçün aidiyyəti qurumlara müraciət etmişəm”.

Bənzər yazılar

Back to top button