Hadisə

“Naxçıvan DİN 2500-dən artıq gəncə “təhlükəsizlik kamerası” rolunu oynamağı tapşırıb”

“Naxçıvanda 2500-dən artıq gənc, “sahə müvəkkilinin köməkçisi” adı ilə Daxili İşlər Nazirliyi ilə əməkdaşlığa cəlb olunub. Onlara kənd və qəsəbələrdə “təhlükəsizlik kamerası” rolunu oynamaq tapşırılıb”.

Bu barədə “Gündəlik Naxçıvan”a hazırda ehtiyatda olan bir qrup polis zabiti məlumat verib.

Onlardan Zakir Məmmədov deyib ki, bu işə, əsasən, kənd və qəsəbələrdə yaşayan işsiz və təhsilsiz olan cüssəli gənclər cəlb olunur:

“Rayon mərkəzləri və şəhərlər təhlükəsizlik kameraları ilə nəzarətdədir. Buna görə də burada onlara bir o qədər ehtiyac yoxdur. Kəndlərdə, xüsusilə ucqar yerlərdə bu gənclərə çox böyük ehtiyac var. Onlar “təhlükəsizlik kamerası” rolunu oynayırlar və buna görə, ayda 250-300 manat maaş alırlar. Muxtar respublika üzrə ümumi sayları 2500-dən çoxdur. Təkcə Ordubad rayonunun payına 250 belə “əməkdaş” düşür”.

Z.Məmmədov bildirib ki, onlara nə edəcəkləri ilə bağlı təlimatlar verilir:

“Yaşadıqları, eləcə də qonşu kəndləri nəzarətdə saxlayır, baş verən hadisələr, gəlib-gedən kənar şəxsləri araşdırır və “yuxarı”ya məlumat verirlər. Bir hadisə baş verdikdə isə, sahə müvəkkilinə kömək edirlər. Sovetlər dövründə də “drujinniklər”, polislə gizli əməkdaşlıq edənlər var idi. İndi isə bu, rəsmi formadadır. Kənd yerlərində hər bir ev, həyət izlənilir. Bu, insanların azadlığının məhdudlaşdırılmasıdır. Hər zaman nəzarətdə olmaq hissi onlara psixoloji basqı təsiri yaradır”.

Polislə əməkdaşlıq edən, adının çəkilməsini istəməyən gənclərdən biri deyib ki, işsizlik ucbatından bu işə razı olub:

“Uzun müddət işsiz qaldım. Təsərrüfatla ailəmi dolandıra bilmirdim. Sonradan eşitdim ki, belə bir iş var. Mən də müraciət etdim. Sağ olsunlar, çağırıb yoxladılar, danışdırdılar və qəbul etdilər. Bir müddətdir ki, bu işdəyəm. Zamanım olanda təsərrüfatla da məşğul oluram. Əsas odur ki, daimi işim, gəlir yerim var. Nə əmr edirlərsə, canla-başla yerinə yetirirəm”.

Bənzər yazılar

Back to top button