Siyasət

Partiyalar haqqında yeni qanun layihəsi mürtəce xarakter daşıyır, müxalifətçilər belə hesab edirlər

Siyasi partiyalar haqqında yeni qanun layihəsi ölkənin müxalif təşkilatlarının tənqidinə səbəb olub. Sənəd mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi belə hesab edir.

“İlk növbədə, bu, partiya təsisçilərinin mütləq son 20 il ərzində ölkə ərazisində yaşaması tələbidir. Bir halda ki, prezidentliyə namizəd üçün bu hədd cəmi 10 il təşkil edir”, deyə Həzi Turan Agentliyinə bildirib.

Bu norma müəyyən müddət təhsil, elmi fəaliyyət, biznes məqsədilə xaricdə yaşayan şəxslərin siyasi həyatda fəal iştirakdan kənarlaşdırılmasına yönəlib.

Eyni zamanda, partiya üzvlərinin siyahısının dövlət reyestrinə təqdim edilməsinin icbariliyi haqqında norma mürtəce xarakter daşıyır, belə ki, bu, müxalifət üzvlərini təqib etməyə imkan verir.

Dövlət qeydiyyatı olmayan siyasi partiyaların fəaliyyətinin yolverilməz olması haqqında norma da məhdudlaşdırıcıdır, çünki bu, birləşmək azadlığını məhdudlaşdırır.

Qanun layihəsi faktiki olaraq Azərbaycanda ÇXR modeli üzrə birpartiyalı sistemin qurulmasına yönəlib, deyə Seymur Həzi qeyd edib.

“Respublikaçı Alternativ” Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli qanun layihəsini tamamilə qəbuledilməz adlandırıb. Belə ki, partiyaların fəaliyyəti sərt rəqəmlərə bağlı normalara tabe tutulur, sanki söhbət hansısa istehsalat müəssisələrinin tənzimlənməsindən gedir.

Partiyaların fəaliyyəti rəqəmlil göstəricilər və partiya üzvlərinin sayı ilə deyil, ideologiya, dünyagörüşü ilə müəyyən edilməlidir. “Partiyaların qeydiyyatı onların say tərkibi ilə əlaqələndirilməməlidir. Partiyaların cəmiyyətdəki mövqeyini seçkilərdə yığılan səslərin sayı müəyyən edir”, deyə Cəfərli Turan Agentliyinə bildirib.

Məsələn, ABŞ-da demokratların və respublikaçıların rəsmi üzvlərinin sayı çox deyil, amma seçkilərdə onlar 70-80 milyon səs yığır. Böyük Britaniyada 55 funt ianə ilə partiya üzvü olmaq olar.

Cəfərli hesab edir ki, qanun layihəsi bu formada qəbul edilməyəcək. “Hakimiyyətin ilkin olaraq maksimum sərt tələblər müəyyən etmək ənənəsi var ki, sonradan onların bir hissəsini ləğv edərək, özünü “konstruktiv” qələmə versin”, deyə Cəfərli qeyd edib.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli də sənədi tənqid edib, “partiyaları icra hakimiyyətinin nəzarəti altına vermək” məqsədi daşıdığını qeyd edib.

O da hesab edir ki, partiyaların son 20 il ərzində ölkədə yaşayan şəxslər tərəfindən təsis edilməsi tələbi sağlam düşüncəyə ziddir.

Bütün partiya üzvlərinin siyahısının Ədliyyə Nazirliyinə təqdim edilməsi və yeni daxil olan üzvlər haqqında müntəzəm olaraq məlumat verilməsi haqqında norma da mürtəcedir. “Azərbaycan reallıqlarında bundan vətəndaşların təqibi üçün istifadə oluna bilər”, deyə Hacıbəyli Turan Agentliyinə bildirib.

“Ümid” partiyasının lideri İqbal Ağazadə də facebook-da yerləşdirdiyi postda sənədi tənqidi qiymətləndirib.

O, dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətinin yolverilməz olması haqqında normanın konstitusiyaya zidd olduğunu hesab edir. Siyasi partiyada birləşən bir qrup şəxs siyasi fəaliyyət həyata keçirirsə, buna görə onları təqib etmək olmaz. Bu, Konstitusiyada zəmanət verilən azadlıqlara, birləşmə azadlığına ziddir, deyə Ağazadə qeyd edib.

Partiyalar ardıcıl olaraq iki dəfə seçkilərdə iştirak etmədiyi təqdirdə onların dövlət qeydiyyatından məhrum edilməsi haqqında norma da yanlışdır. “Partiyalar həm seçkilərdə iştirak etmək, həm də seçkiləri boykot etmək hüququna malikdir. Onlar hansı hüquqlarından istifadə edəcəklərinə özləri qərar verməlidir. Seçkilərdə iştirak inzibati metodlarla tənzimlənməməlidir”, Ağazadə belə hesab edir. (Turan)

Bənzər yazılar

Back to top button