Cəmiyyət

Səfir: 600-dən çox azərbaycanlı tələbələ hələ də Macarıstanda qalır

“Üç çətin, narahat gün arxada qaldı. Dünən axşam saat 20-də AZAL şirkətinin təyyarəsi fövqəladə vəziyyət elan edilmiş Macarıstandan 123 Azərbaycan vətəndaşını Bakıya apardı. Dövlət və hökumət təşkilatlarının operativ reaksiyasına, həssas münasibətinə sevindim”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib. Səfirin sözlərinə görə, o, insanlarımızın, xüsusən də gənclərimizin dar ayaqda göstərdikləri birlik və həmrəylik hissinə sevindim.

“Martın 16-da uçuşa 3 saat qalmış VİZZ-Air şirkətinin reysi ləğv olunanda aeroporta bu gecə vətənə yola düşəcəkləri üçün bəlkə son sentlərin də xərcləyən, vizalarının son günündən istifadə edən soydaşlarımız arasında bir çaşqınlıq yaranmışdı. Onları yerləşdirmək, çarter reysi gələnə qədər ən elementar tələblərini qarşılamaq lazım idi. Bu məqamda Budapeştdə təhsil alan tələbələrimiz yardıma qoşdular. Səfirliyin virtual müraciətindən sonra dərhal tanımadıqları həmvətənlərinə yer təklif etdilər, sadə süfrələrini onlarla bölüşdülər. Aralarında kiçik yaşlı uşaqların da olduğu idmançılara imkanımız daxilində daha artıq diqqət yetirməyə çalışdıq. Hər şey yaxşı sonluqla başa çatdı. Gənclərimiz göstərdi ki, biz gücük, güclü millətik. Onların hər birinə təşəkkür edirəm”.

V.Quliyevin sözlərinə görə, 600 nəfərdən çox tələbəmiz hələ də Macarıstanda qalır:

“Bu gün 600 nəfərdən çox tələbəmiz hələ də Macarıstandadır. Onları Səfirliklə daha intensiv əlaqə saxlamağa çağırıram. İnanıram ki, koronavirusa da, torpaqlarımızı işğal altında saxlayana haylara da qalib gələcəyik. Millətimiz çox şeyə qadirdir! Sadəcə hər təsadüfdə belə birlik, həmrəylik, kiçik də olsa fədakarlıq göstərmək lazımdır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button