Dünya

ABŞ-ın Kremlin köməkçilərinə mesajı və Ankaraya təşəkkürü

ABŞ Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etməyə davam edəcək, bu barədə cümə günü Bayden administrasiyasında sanksiya məsələlərini kurasiya edən yüksək vəzifəli diplomat bildirib.

Rusiyalı müxalifətçi Aleksey Navalnının komandası Ukraynaya qarşı müharibədə Kremlin ideyasını təşviq edən 200 Rusiya məmurunun siyahısını dərc edib. ABŞ bu şəxslərə qarşı sanksiya tətbiq etməyi düşünürmü? Dövlət Departamentinin sankisyaların əlaqələndirilməsi üzrə İdarəsinin rəhbərinin keçirdiyi brifinqdə Turan-ın müxbirinin bu sualına cavabda səfir Cim O’Brayen belə deyib: “Ruslar üçün mesajım belədir – sabah daha da pis olacaq. Kremlin xəttini dəstəkləmək qərarına gələnlər, çox güman ki, bunun əvəzini ödəyəcəklər. Bunu necə edəcəyimiz gələcəyin məsələsidir, biz sanksiyalar üzərində işləməyə davam edəcəyik”, deyə o əlavə edib.

Onun sözlərinə görə, Rusiya təbliğatının yaydığı məlumatlara baxmayaraq, ABŞ-ın Rusiyanın ərzaq məhsulları və gübrələri ilə bağlı sanksiyaları yoxdur. “Ayrı-ayrı şəxslərin, şirkətlərin və ya ölkələrin ənənəvi mexanizmlər vasitəsilə ödəniş həyata keçirməsinin çətin olduğu barədə şikayətlər var, amma biz bu problemlərin insanların Rusiyadan taxıl almasına mane olmaması üzərində işləyirik”, deyə səfir bildirib.

Bu arada, 2012-ci ilin göstəriciləri ilə müqayisədə Rusiyadan ərzaq və gübrə ixracı artır. Buna görə, Moskvanın sanksiyaların taxıl satışına mane olduğu barədə şikayətləri dezinformasiyadır.

Putinin sanksiyalarla bağlı mövqeyini təkrar edən Türkiyənin bəyanatları haqqında suala cavabda diplomat deyib ki, Vaşinqton Odessa limanının açılmasında yardıma görə Ankaraya “çox minnətdardır”.

“Türkiyə Ukraynadan və Rusiyadan həyata keçirilən ticarətdə böyük rol oynayır. O, Ukraynadan daxil olan taxılın 20%-ni alır və bu, bu həcmi yenidən satan Türkiyə müəssisələri üçün çox vacibdir”, deyə o əlavə edib.

Onun sözlərinə görə, Ankara Rusiya və Qaradəniz limanlarının daha çox taxıl həcmi üçün açılmasında maraqlıdır.

Bənzər yazılar

Back to top button