ManşetSiyasət

Bakının Rusiyayönümlü addımları Azərbaycana qarşı sanksiyalara səbəb ola bilər – Ə.Oruclu

Cümə günü Bakıda Azərbaycan nümayəndəsi Rusiya və İranla Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı haqqında bəyannamə imzalayıb. Elə həmin gün Bakıda beynəlxalq silah sərgisi başa çatıb. Sərgidə ən böyük ekspozisiya silahları Ukraynada ölümlərə səbəb olan Rosoboroneksport-a məxsus idi. Rusiya dinc ölkəyə qarşı təcavüzə görə Qərbin sanksiyalarına məruz qalıb, İran isə atom bombası əldə etmək cəhdinə görə Qərb tərəfindən cəzalandırılır. Azərbaycanın bu ölkələrlə belə sıx əlaqəsinə Qərbin aparıcı ölkələri biganə qala bilməz.

Turan “Şərq-Qərb” Analitika Mərkəzinin direktoru Ərəstun Orucludan Azərbaycan rəhbərliyinin özünü atdığı riskləri qiymətləndirməyi xahiş edib.

“Bakıda silah sərgisinin keçirilməsi normal haldır, bir çox ölkələrdə belə sərgilər keçirilir. Amma məsələ ondadır ki, sərgidə Rusiyanın iştirakı ölkəmiz üçün yalnız mənfi nəticələrə gətirib çıxara bilər”, deyə Oruclu bildirib.

Onun fikrincə, son vaxtlar ABŞ Azərbaycanın siyasətinə mənfi reaksiya nümayiş etdirir. Dövlət katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna həmsədr təyin edib, Qarabağ ermənilərinə maliyyə yardımı ayırıb. Bu, Vaşinqtonun Bakının Rusiyayönümlü siyasətinə cavabı kimi başa düşülə bilər.

“Dünyanın parçalandığı bir vaxtda Azərbaycan öz xarici siyasətində birmənalı prioritet nümayiş etdirmir. Bakı, aydın deyil, Rusiyadan qorxduğu və ya ondan asılı olduğu üçün Qərb və Moskva ilə eyni dərəcədə əməkdaşlıq etməyə çalışır. Xüsusən, Rusiya silahlarının – 2020-ci il müharibəsinin Qənimətləri Parkında sərgilənən silahların Bakıda nümayişi həddindən artıq axmaq hərəkətdir ki, biz bunun cavabını mütləq görəcəyik”, deyə o bildirib.

Oruclu Rusiya silahlarının nümayiş olunduğu sərgi ilə bağlı çaşqınlığını ifadə edib: “Dünya Ukrayna hadisələrindən Rusiya silahının nə olduğunu görür. Rusiya küncə sıxışdırılıb, hətta Çin belə RF-yə qarşı sanksiyalara riayət edir və birdən məlum olur ki, Bakıda Ukraynaya qarşı istifadə olunan silahlar – helikopterlər, zirehli maşınlar, haubitsalar sərgilənir… Azərbaycan rəhbərliyi nə düşünür?”.

Ekspertin sözlərinə görə, təəssüf ki, biz hakimiyyətimizin fəaliyyətində tez-tez izah olunması mümkün olmayan hərəkətlər görürük. Azərbaycan özünü Rusiyanın və Belarusun müttəfiqi kimi göstərir, bir halda ki, Ukrayna 44 günlük müharibədə birmənalı olaraq bizim xalqımızı dəstəkləyib. Bakının Rusiya ilə oyunları Kiyevin Bakıya qarşı münasibətinin dəyişməsinə səbəb ola bilər.

Oruclu hesab edir ki, rəsmi Bakı qərar verməlidir: “Azərbaycan rəhbərliyinin xarici siyasət doktrinası, prioritetləri, ciddi strategiyası yoxdur. Ölkə vəziyyət dəyişikliklərinə reaksiya verir, hamı ilə dostluq etməyə çalışır. Bəlkə bizimkilər silahla Ukraynanı dəstəkləyən və dəfələrlə Rusiya ilə strateji tərəfdaş olduğunu bəyan edən, eyni zamanda Moskvanın Ukrayna əleyhinə bəyanatlarına qarşı çıxan Türkiyənin siyasətini təkrar etmək istəyirlər. Amma Türkiyə böyük ölkədir, o, Azərbaycanın gücünün çatmayacağı addımları ata bilər”.

“Bakı Qarabağ separatçılarına mane ola bilmirsə, “DQR-in xarici işlər naziri” ABŞ-a gedir və orada konqresmenlərlə və universitetlərdə görüşlər keçirirsə, bu, Bakının xarici siyasətini dəyişdirməsi üçün Amerikanın Azərbaycana mesajıdır. Burada bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinin ələ keçirilməsini yada salmaq olar. Amma Azərbaycan rəhbərliyi eyhamları başa düşmədiyi üçün bir gün sanksiyalarla qarşılaşacağını istisna etmirəm”, deyə Ə.Oruclu müsahibəsini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button