Hadisə

1000-dən çox vətəndaş “lotoreya” təşkili dələduzluğunun qurbanı olub

Son aylar Whatsapp ani mesajlaşma sistemində onlayn lotoreyaların təşkili, iştirakçıların qoyduqları pulun 5 qatını əldə edəcəkləri vədlərilə vətəndaşlar aldadılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.

Məlumata görə, bu işlə bağlı həm zərər çəkənlərin, həm də onları aldadanların əhatə dairəsi müəyyən edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vatsap qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Gennadi Pavlov saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçilər üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri iki (2) “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminliyi Gennadi Pavlov, qadınların qrupunda isə Aida Əliyeva həyata keçirib.

Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq üçün ödəniş etmələri barədə saxta ödəniş qəbzləri hazırlayaraq paylayıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, Aida Əliyeva və Gennadi Pavlov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button