Analitika

Azərbaycan nəqliyyat dəhlizinə görə bu hərbi ittifaqa qoşulmayacaq

Rusiya, İran və Çinin Oman körfəzində keçirdiyi birgə hərbi təlimlər 3 ölkə arasında hərbi əməkdaşlığın güclənməsinə işarədir. İran dəniz qüvvələrinin admirallarından biri açıqlama verərək, Hind okeanının şimalında yeni alyansın formalaşdığını bildirib.

3 ölkənin hərbi dəniz qüvvələri arasında birgə hərbi təlimlər 2018-ci ildən keçirilir. Bu hərbi təlimlər Kreml üçün Ukrayna müharibəsi fonunda daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bununla Kreml Qərbə mesaj göndərir ki, onun bölgədə hərbi müttəfiqləri də var.

Çinin birgə hərbi təlimlərdə raketlərlə təhciz olunmuş 6 gəmisi iştirak edib. Bu təlimlərdə Çinin Afrikanın Cibuti dövlətindəki hərbi bazasındakı gəmilər də iştirak edib. Hərbi gəmilər dəniz quldurlarına qarşı birgə mübarizəni və girovların azad edilməsini məşq ediblər. Bundan başqa təlimlərdə İran və Çinin xüsusi təyinatlıları da iştirak edib. Pekin Moskvadan fərqli olaraq birgə hərbi təlimlərin Qərbə qarşı yönəlmədiyini göstərmək istəyib. Çinli rəsmilər birgə hərbi təlimləri sadəcə dənizlərdə təhlükəsizlik tədbirləri kimi dəyənləndirməyə çalışıblar. Ancaq buna inanan azdır. Qərb ölkələri Rusiya-İran-Çin birgə təlimlərini bölgədə yeni üçlü ittifaq kimi qiymətləndiriblər. ABŞ və Böyük Britaniya hərbi gəmilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən husilərə qarşı mübarizəsi davam edərkən, Rusiya, İran və Çinin hərbi təlimlərini husilərlə mübarizə aparanlara qarşı qiymətləndirənlər var. Misal üçün Çin bugünə qədər husilərin ticarət gəmilərinə hücumunu pisləyən bəyanat yayımlamayıb. Halbuki, “Reuters” agentliyinin məlumatına görə, Çin mallarının Süveyş kanalı üzərindən Avropaya idxalı azalıb.

“The New York Times” yayımlanan məqalədə Rusiya-İran-Çin strateji yaxınlaşmasının ideya müəllifinin Kreml olduğu iddia edilib. Məqalə müəllifinin fikrincə, Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşəndən sonra Kreml Asiya bazarlarına çıxış əldə etməyə çalışır. Rusiya həm quru, həm də dəniz yollarıyla Asiya ölkələriylə ticarəti genişləndirmək istəyir. Hərbi təlimlərin əsas məqsədi də məhz budur.

Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsi Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakı Çindən və Hindistandan Avropaya uzanan nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə çalışır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çinə son səfərinin əsas qayəsini bu təşkil edirdi. Bakının nəqliyyat mövsuzuyla bağlı Dehli ilə də dialoqu mövcuddur. Buna baxmayaraq, rəsmi Bakı Rusiyanın İran və Çinlə formalaşdırmağa çalışdığı regonal hərbi ittifaqda yer almayacaq. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button