Hadisə

“Baş Prokurorluq Əvəz Zeynallının timsalında vəzifəli şəxs imici yaratmağa cəhd edib”

“Baş Prokurorluq açıqlama verib və jurnalist Əvəz Zeynallını “Xural Yayınları” MMC-nin direktoru kimi təqdim edərək onun timsalında vəzifəli şəxs imici yaratmağa cəhd edib. Bu non-sensdir”.

Bunu Əvəz Zeynallının vəkili Aqil Layıc feysbuk hesabında yazıb.

“Xural Yayınları” MMC Əvəz Zeynallının təsis etdiyi müstəqil şirkət olaraq buklet və kitapçaların nəşri, lüğətlərin və ekslopediyaların hazırlanması xidmətini göstərib və Cəmiyyətin qeydiyyatının əsasları da bu olub. Bu şirkətin Əvəz Zeynallının jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, fəaliyyət sferası başqadır.

Müdafiə tərəfi olaraq hesab edirik ki, AR CM 311-ci maddəsində qeyd olunan vəzifəli şəxs anlayışı hazırkı ittihamda qəti şəkildə oturmuş məfhum hesab edilə bilməz.

Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalıdır. Və ya rüşvət aldığı iddia edilən şəxslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər.

Nəticə, de jure olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyil, vəzifəli şəxs hesab edilə bilməz.

De fakto, rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmamışdır, olması da mümkün deyildir.
Müdafiə tərəfi olaraq verilmiş ittihamı uğursuz və əlaqəsiz hesab edirik”, – deyə o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilib və bununla bağlı səs yazısı yayılıb. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmiş, sözügedən səsyazısında haqqında danışılanların Rasim Məmmədovun işi ilə bağlı əhəmiyyətli sənədlər olduğu bildirilmişdi.

Baş Prokurorluq əməkdaşları ötən gün – sentyabrın Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlandığı elan olunub.
Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Gecə keçirilən məhkəmə prosesində hakim Fərid Əmirəliyev Ə.Zeynallı və E.Sadıqov barəsində 4 ay həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.

Bənzər yazılar

Back to top button