GündəmHadisə

Müharibə iştirakçıları aksiya keçirib

İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslər Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Onlar “müharibə iştirakçısı” statusunun verilməməsindən şikayətçidirlər.

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar.

“Biz arxa cəbhədə olmuşuq. Əlimizdə silah da olub. Qarda, palçıqda da xəstə əsgərlərin əvəzinə xidmət etmişik. Hərbi hissənin yarısı döyüş əmrində olub. Qalanlar isə həmin döyüşənlərlə bir yerdə status alıb. Onlardan bizim fərqimiz nədir? Hətta İkinci dünya müharibəsində arxa cəbhədə olan şəxslərə müharibə iştirakçısı statusunu verirdilər,” o qeyd edib.

Etirazçılar Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət etdiklərini bildirib.

“Gah deyirlər ki, ilin axırı veriləcək, gah deyirlər ki, sizə düşmür. Niyə düşmür? Məni səfərbər edib voenkomata göndərmisən. Mən voenkomatdan çıxmışamsa, deməli döyüş əmri ilə hərbi hissəyə daxil olmuşam. Hətta orada təlimdə olmuşam,” digər aksiya işrirakçısı qeyd edib.

Daha sonra aksiya iştirakçılarından 5 nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub. Aksiya insidentsiz başa çatıb.

“Müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətlərə cavab olaraq Müdafiə Nazirliyindən bildirilib:

“Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir. Təqdim edilmiş sənədlər və daxil olmuş müraciətlər araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

Dəfələrlə qanunvericiliyin tələblərinin çatdırılmasına baxmayaraq, verilən cavabla qane olmayan 9 nəfər vətəndaş sentyabrın 12-də Müdafiə Nazirliyinin qarşısına toplaşaraq yenidən əsassız iddialar səsləndirməklə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışıblar.

Həmin şəxslər Müdafiə Nazirliyində aidiyyəti şəxslər tərəfindən qəbul edilib və onların bir daha diqqətinə çatdırılıb ki, səfərbərliklə cəlb edilərək tamamlama məntəqələrində olduqlarına və birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Bütün vətəndaşları, xüsusən də sosial şəbəkə istifadəçilərini əsassız təxribatlara uymamağa, Vətən müharibəsində qazanılan qələbəyə kölgə salmamağa və Azərbaycan Ordusunun imicinə xələl gətirilməsi məqsədilə yayılan fikirləri paylaşmamağa çağırırıq.

Bildiririk ki, döyüş əməliyyatındakı iştirakı təsdiqlənən bütün vətəndaşların, sənədləri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilmək üçün aidiyyəti komissiyaya təqdim olunacaqdır.(Turan)

Bənzər yazılar

Back to top button