Siyasət

Dunya Miyatoviç Elçin Sadıqov və Əvəz Zeynallını azad etməyə çağırıb

Hüquq müdafiəçisi-vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media mütəxəssislərinin üzləşdikləri düşmənçilik mühitini bir daha nümayiş etdirdi. Bu barədə çərşənbə axşamı Avropa Şurasının insan hüquları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında deyilir.

«Tanınmış hüquqşünas Sadıqov mənim ofisimin tərəfdaşıdır, uzun illərdir Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti və müxalifətçini cəsarətlə müdafiə edir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox digər fəallar kimi o da öz qanuni hüquq-müdafiə fəaliyyətinə görə daim qorxutmaya və təqiblərə məruz qalır. Öz növbəsində, Zeynallı müstəqil jurnalist kimi tanınır, o, tənqidi mövqeyinə görə əvvəllər də təhdidlərə məruz qalıb”, – Miyatoviç qeyd edib.

Sadıqov və Zeynallının həbsilə bağlı məhkəmə prosesinin gecə saatlarında keçirilməsi bu prosesin insan hüquqları sahəsində Avropa standartlarına uyğun olub-olmamasına dair ciddi suallar yaradır.

“Məhkəmə iclası qapalı rejimdə, elementar prosessual təminatlar olmadan keçirilib ki, bu da onların həbsinin qanuniliyinə şübhələri artırır”, – Avropa komissarı qeyd edib.

Sadıqovun həbsi onun ofisində aparılan axtarışdan və peşə sirri haqqında qanunla qorunmalı olan məxfi məlumatların müsadirəsindən sonra baş verib. “Bu aktlar Azərbaycanda vəkillərə və hüquqşünaslara, ifadə və KİV azadlığına mənfi təsiri daha da gücləndirir ki, bu da uzun müddətdir narahatlıq doğuran məsələdir”, – Miyatoviç qeyd edib.

O, Azərbaycan hakimiyyətini Sadıqov və Zeynallını dərhal azad etməyə, onların hüquq və azadlıqlarını tam təmin etməyə çağırıb.

“Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı qorxutmalara və təqiblərə dərhal son qoyulmalıdır. Hakimiyyət hüquq müdafiəçilərinin və KİV işçilərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməyə borcludur”, – Avropa komissarı vurğulayıb. (Turan)

Bənzər yazılar

Back to top button