Cəmiyyət

Məlahət Zeynalova: “Bu, çox böyük oyundur gedir…”

Bakı Apelyasiya Məhkəməsində “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Məhkəmədə onun özü də iştirak edib.

Əvəz Zeynallı onun işinə baxan hakimlər kollegiyasına (Həsən Əhmədov, İlqar Murquzov və Habil Məmmədov) etiraz verib. Amma etirazı təmin edilməyib.

Rüşvət ittihamının uydurma olduğunu vurğulayan Əvəz Zeynallı deyib ki, sifarişlə həbs edilib. Onun sözlərinə görə, ona qarşı ittihamda yazılanlar 2011-ci ildə həbsi zamanı istifadə olunan ssenarinin yeni versiyasıdır.

“Xural TV” rəhbəri prokurorluq əməkdaşlarının sentyabrın 10-da onun evində axtarış zamanı övladlarının təhsil pulunu götürdüklərini bildirib.

Onun sözlərinə görə, götürülən vəsaitin bir hissəsi Avropa Məhkəməsinin qərarı əsasında ona ödənilən kompensasiya idi. Qalan məbləğ isə “Youtube” kanalındakı baxışlara görə oradan ona ödənilən vəsait olub. Əvəz Zeynallı bildirib ki, iki övladı ali təhsil alır və həmin pullar onların təhsili üçün saxlanmışdı. O, pulun qaytarılmasını tələb edib.

Əvəz Zeynallının özü ilə yanaşı, vəkili Aqil Layıc da həbs qərarının əsassız olduğunu bildirib və Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sentyabrın 10-dan 11-nə keçən gecə çıxardığı bu qərarın ləğv olunmasını istəyib. Lakin məhkəmə bunu təmin etməyib.

Aqil Layıc alternativ addım kimi, Əvəz Zeynallının ev dustaqlığına buraxılması məsələsini də qaldırıb. Lakin məhkəmə bu məsələni də təmin etməyib.

Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılsa da, o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Vəkili Meydan TV-yə açıqlamasında bildirib ki, onun saxlanma şəraitindən narazılığı yoxdur. Aqil Layıc deyir ki, müvəkkili özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətinə müdaxilə hesab edir.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalova baş verənləri “böyük oyun” adlandırıb: “Bu, çox böyük oyundur gedir. Mən onsuz da apelyasiya məhkəməsinin Əvəz Zeynallını buraxacağını gözləmirdim. Bu, 2011-ci ildə olan ssenarinin təkrarıdır. Başqa ssenari fikirləşməyə ağılları çatmadı. O zaman oyunun içində olanların başına sonra nələr gəldiyini gördük. İndi də gözləyək, indiki oyunda olanların da aqibəti eyni olacaq”.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.

O, “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı isə bu ittihamın yalan olduğunu deyir.

Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.(Meydan TV)

Bənzər yazılar

Back to top button