Hadisə

Vəkil: “Mühafizə olunan sahələrdə tikinti aparılması cinayət məsuliyyətinə səbəb olur”

Əgər hüquqi və fiziki şəxslər tərəfindən neft boru kəmərlərindən mühafizə qaydaları pozularsa, bu inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur.

Bunu “Report”a Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova bildirib.

O qeyd edib ki, İxrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması barədə Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları var. Həmin qaydalarda göstərilib ki, xüsusi normalar tətbiq edilən Bakı-Tbilis-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri istisna olmaqla, digər boru kəmərlərin hər tərəfdən 50 metr mühafizə zonası müəyyən olunur: “Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur. Su hövzələrində isə sahilboyu hər tərəfdən 25 metr mühafizə zonası müəyyən edilir. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan olunub. Bu işlər aparılarsa, müvafiq razılıq olmalıdır. Burada Fövqəladə Hallar, Energetika Nazirlikləri, yəni aiddiyyatı qurumların icazəsi alınmalıdır. Eyni zamanda, bu neft boru kəmərlərinin həmin göstərilən qaydalarla mühafizəsi tənzimlənir”.

Onun sözlərinə görə, əgər hüquqi və fiziki şəxslər tərəfindən bu neft boru kəmərlərindən mühafizə qaydaları pozularsa, bu inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur. “İnzibati məsuliyyətə cəlbolunma İnzibati Xətalar Məcəlləsinin 342 maddəsinə əsasən tənzimlənir. Həmin maddədə göstərilir ki, xüsusi qaydada mühafizə olunan torpaq sahəsindən istifadənin pozulmasına görə məsuliyyət daşınır. Vətəndaşlar bilməlidirlər ki, hər hansı fiziki şəxs bu qaydaları pozursa, məsələn, mühafizə zonasında kənd təsərrüfatı işləri aparırsa, onda o, 400 manatdan 600 manata qədər cərimə oluna bilər. Hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunur”.

Vəkil qeyd edib ki, cinayət məsuliyyəti isə o vaxt yaranır ki, həmin o mühafizə olunan sahələrdə tikinti işləri aparır. “Məsələn, mühafizə olunmuş sahədə ev tikirsə və yaxud orada hər hansı tikinti işləri aparırsa, artıq 322-2 maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə var. Yəni minimum cəza 2 ilədək islah işləri, maksimum cəza 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Lakin eyni əməllər ağır nəticələrə səbəb olursa, məsələn, mühafizə zonasında hər hansı tikinti işi aparılırsa, həmin o boru kəmərinə ziyan dəyir və ya digər ağır nəticələrə səbəb olursa, bu da artıq 3 ildən 6 ilədən azadlıqdan müddətə məhrumetmə ilə nəticələnir. Bu artıq ağırlaşdırıcı haldır”,- vəkil qeyd edib .

Bənzər yazılar

Back to top button