GündəmManşetSiyasət

“Tərtər işi”: İstintaqın gedişi ilə bağlı ortada ciddi suallar var (MÜSAHİBƏ)

Baş Prokurorluğun sentyabrən 5-də yaydığı məlumata görə, “Tərtər işi” üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovla yanaşı, daha bir neçə nəfər həbs olunub. Onların arasında Ramil Əhmədov, Rahib Məmmədov da var. Beləliklə, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Əvvəlki dövrdəki zərərçəkmişlər də nəzərə alınaraq, hazırda ümumilikdə 405 nəfər zərərçəkmiş qismində tanınıb.

İcraat yenilənəndən sonra zərərçəkmiş qismində tanınanlar arasında mərhum leytenant Təmkin Nizamioğlu da var. 2017-ci ildə onun ağciyər xəstəliyindən ölməsi barədə rəy verilsə də, onun meyiti ekskumasiya edilib, məhkəmə-tibbi ekspertizasının rəyi də onun işgəncə nəticəsində öldüyünü təsdiqləyib.

Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ittihamlarla həbs edilən, lakin son nəticədə dövlətə xəyanət yox, hərbi sahəyə aid başqa ittihamlarla məhkum edilən 26 nəfərin işi üzrə araşdırma aparılıb. Onlardan 19 nəfər barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib. Daha 7 nəfərə isə ittihamların bir qismi üzrə bəraət verilib, bəzi epizodlar üzrə isə bəraətverici olmayan əsaslar olsa da, onların da haqqındakı cinayət təqibinə xitam verilib.

Dövlətə xəyanətdə təqsirləndirilərək uzunmüddətli həbs cəzasına məhkum edilmiş 19 nəfərin barəsindəki məhkəmə hökmlərilə bağlı da qərar qəbul edilib. Baş prokuror onların barəsindəki məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəməsinin Plenumuna müraciət edib.

Ba. Prokurorluğun bu hesabat tipli açıqlaması nədən xəbər verir?

“Tərtər işi”ni gündəmdə saxlayan siyasi şərhçi Ərəstun Oruclu ASTNA-nın suallarına cavab verib.

***

– Ərəstun bəy, Baş Prokurorluğun bu məlumatı ilə nələr üzə çıxır? Bu məlumatla Prokurorluq nəyi göstərməyə çalışır?

– Açıqladığı son məlumatla Baş Prokurorluq göstərmək istəyir ki, o yerli instintaq qrupunun fəaliyyət göstərdiyi təxminən 9 aya yaxın müddətdə hansısa bir iş görüb. Bir növ cəmiyyətə hesabat verir ki, prokurorluq bu 9 aya yaxın vaxtı hədər etməyib, hansısa nəticələrə, qənaətlərə gəlib. Eyni zamanda da indiyədək toxunulmayan məqamlara toxunulub. Daha doğrusu, bir məqama. Orada söhbət həbsdə olan və vaxtı ilə “Tərtər işi” zamanı şərlənərək tutulmuş hərbçilərin məhkəmə qərarlarının dəyişdirilməsi ilə bağlı Ali Məhkəmənin pleniumuna müraciət edildiyini göstərib. Amma əslində prokurorluq bir şeyi nəzərdən qaçırır. Son məlumatda göstərilən rəqəmə inansaq, 405 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. May ayında verilən açıqlamada həmin rəqəm 397 nəfər idi. Söhbət son 3 aydan artıq müddətdə əlavə cəmi 10 nəfərə yaxın şəxsin zərərçəkmiş kimi tanınmasından gedir. Onda sual olunur ki, bu 4 aya yaxın müddətdə prokurorluq hansı işlərlə məşğul olub? İstintaq qrupu nələri müəyyən edib? Aydın olan odur ki, bu 4 ay da heç bir iş görülməyib. Baş prokurorluğun istintaq qrupu və Baş prokurorluq oturub gözləyir ki, siyasi hakimiyyət tərəfindən hansı qərarlar gələcək, hansı tapşırıqlar veriləcək. Son açıqlamanın üzə çəxmasının səbəbi isə o oldu ki, “Tərtər işi”nin qurbanları, onların valideynləri sentyabr ayının ortalarından başlayaraq davamlı kütləvi aksiyalara start verəcəklərini bəyan etmişdilər.

– Baş Prokurorluğun yaydığı məlumata görə, “Tərtər işi” üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovla yanaşı, daha bir neçə nəfər həbs olunub. Onların arasında Ramil Əhmədov, Rahib Məmmədov da var. Kimdir bu şəxslər? Onların “Tərtər işi” ilə bağlı hansı əlaqəsi var?

– Baş prokurorluğun yaydığı məlumatda əvvəlkilərə əlavə olaraq 3 nəfərin həbsi gözlənilir. Bunlardan biri general Bəkir Orucov, digərləri isə Ramil Əhmədov və Rahib Məmmədov adlı Müdafiə Nazirliyinin rəsmiləridir. General- mayor Bəkir Orucovun həbsi cəmiyyətdə xeyli müzakirələr doğurub. Ona görə ki, uzun müddət Azərbaycan mediasında “Tərtər işi” qurbanlarının iştirakı ilə, zərərçəkmişlərin özlərinin bilavasitə açıqlamalarını cəmiyyətə çatdırılması ilə geniş müzakirələr gedib. Orada bütün cinayət iştirakçıları və təşkilatçıları adbaad çəkilib, müxtəlif epizodlar qeyd olunub. Bu işlə yaxından intensiv məşğul olan bir şəxs kimi deyim ki, Bəkir Orucovun adını ilk dəfə eşidirdim. Ümumiyyətlə. Ramil Əhmədov və Rahib Məmmədov haqqında isə ümumiyyətlə heç vaxt söhbət olmayıb. Bəkir Orucovun adı yalnız bir cinayət işində iştirak edənlərin siyahısında cəmi bir dəfə çəkilib. Mais Bərxudarovun komandanı olduğu ikinci ordu korpusunda qətlə yetirilmiş Sabirlinin qətli ilə bağlı cinayət işində Bəkir Orucovun adı keçir. Orada da adı fəal iştirakçı kimi keçmir. Onun “Tərtər işi” ilə bağlı həbs olunması çoxlu suallar doğurur. “Tərtər işi”ndə 90 faiz yer alan birinci ordu korpusunun sıralarında, hərbi hissələrində həyata keçirilmiş işgəncələr, zorakılıqlar, qətllər olub. General Bəkir Orucov isə ikinci ordu korpusunun qərargah rəisi olub. Düzdür, orada da Tərtər olaylarından əvvəl işgəncələr olub. Amma orada işgəncələr 87 nəfəri əhatə edib. Birinci ordu korpusunda, yəni Tərtərdə isə bu rəqəm təxminən 2 minə yaxındır. Birdən birinci korpusdakı işgəncələrlə bağlı yüzlərlə şəxs tərəfindən adı çəkilən təşkilatçıların, cinayətkarların deyil, əksinə ikinci ordu korpusunda generalın həbs olunması suallar doğurur. Ramil Əhmədov və Rahib Məmmədov barədə dəqiq məlumatım yoxdur. Onu bilirəm ki, Ramil Əhmədov Müdafiə Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşıdır. Təhqiqat idarəsinin “Tərtər işi” ilə əlaqəsi ondan ibarət olub ki, onlar şərlənib həbs olunmuş, işgəncələrə məruz qalmış hərbçilərlə bağlı təhqiqat aparıblar. Və bir növ Hərbi prokurorluğun verdiyi ittihamları təsdiqləyiblər. Halbuki onların işi daxili təhqiqat aparmaq olub. Onlar istintaq apara bilməzdilər. Yalnız müstəsna hallarda onlar istintaq apara bilərlər. Onların səlahiyyəti yoxdur. Ona görə də Bəkir Orucovun həbsi çoxsaylı suallar doğurur ki, istintaq əsas təşkilatçıları, cinayətkarları kənarda qoyub, başqa bir korpusda niyə həbs aparır? Halbuki, birinci ordu korpusunun keçmiş komandanı Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin, onun müavini Şəfayət İmranovun və digər generalların adı durmadan çəkildiyi halda nədən bu həbs baş verir? Bu ciddi suallar doğurur.

– Baş prokurorluğun son məlumatındakı yeni faktlar onu deməyə əsas verirmi ki, bu dəfə məsələ ciddi və obyektiv araşdırılır?

– Prokurorluq açıqlamasında bildirir ki, məsuliyyətə cəlb olunan, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və hansısa şəkildə ittiham verilmiş şəxslərin sayı 17 nəfərə çatıb. Eyni zamanda prokurorluq bildirir ki, zərərçəkmiş kimi tanınanların sayı 405 nəfərdir. Bu 407 nəfərə işgəncə verən cəmi 17 nəfər olub? Qətllərin bir çoxunda səbəb gizlədilib. Leytenant Təmkin Nizamioğlunun barəsində verilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilirdi ki, hansısa ağciyər xəstəliyindən dünyasını dəyişib. Ekskumasiyadan sonra ortaya çıxır ki, o işgəncələr nəticəsində dünyasını dəyişib. Halbuki fakt olaraq bəlli idi ki, ona ağır işgəncələr verilib. Onurğası sındırılıb, qabırğası sındırılıb, yuxarı ətrafların sümükləri sındırılıb. Bundan sonra aparıb Gəncədə xəstəxanaya yerləşdirilib. Onu orada da qapalı saxlayaraq tibbi personala ona yardım etməyə imkan verməyiblər. Nəticədə o dünyasını dəyişib. Digər tərəfdən, mühakimə olunmuş 17 nəfərlə bağlı Baş Prokurorluğun Ali Məhkəmənin pleniumuna bəraətlə bağlı müraciəti elə bir məsələdir ki, burda qərar verilməsi aylarla çəkə bilər. Ola bilər ki, hətta qərar müsbət olmasın. Ona görə ki, bu gün həbsdə olan bütün “Tərtər işi” qurbanlarının və Müdafiə Nazirliyinin kəşfiyyat baş idarəsinin rəisinin köməkçisi olmuş, mayor Fərid Qəribov da ictimaiyyət qarşısında bəyan edib ki, bir nəfərin də olsun erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamı öz təsdiqini tapmayıb. Deməli, həmin şəxslər də günahsızdır. Amma bütün məhkəmə instansiyalarda və yekun olaraq Ali Məhkəmənin hərbi kollegiyasında onlara qarşı irəli sürülmüş ittihamlar, saxta məhkəmə hökmləri öz təsdiqini tapıb. Ali məhkəmənin tərkibində dəyişiklik olmadan, Məhkəmənin hərbi kollegiyasının sədri Əziz Seyidov öz vəzifəsində qaldığı bir halda prokurorluğun müracətinin təmin olunacağı inandırıcı görünmür. Əziz Seyidovun oğlu Cəfər Seyidov Dəniz Xüsusi təyinatlılarının komandiri həmin işgəncələrdə bilavasitə iştirak edib. Işgəncələrin əsas hissəsində onlara rəhbərlik edib. Belə olduğu halda Ali Məhkəmənin pleniumundan hansısa hökmlərin dəyişdirəcəyini gözləmək yəqin ki sadəlövhlük olardı. Ola bilər ki, cəzaları azaldacaqlar, amma saxta ittihamlarla həbs olunmuş o şəxslərin günahları üzərlərində qalacaq. Bu baxımdan prokurorluğun işi heç də məqbul sayıla bilməz. Mehman Hüseynov və Elxan Ağazadənin haqqındakı qərarı yaxınlarının bəraət tələbi ilə Baş prokuror ləğv edərək yenidən araşdırması o demək deyil ki, məsələ obyektiv araşdırılacaq. Bu addımların əksəriyyəti vaxt udmağa yönəlib. Görünən budur.

– Mindən çox zərərçəkənin olduğu deyilir. Amma ümumilikdə 405 nəfər zərərçəkmiş qismində tanınıb. Niyə? Səbəb nədir? İnsanlar niyə istintaqdan çəkinir?

– Mindən çox zərərçəkmişin olduğu deyildiyi halda cəmi 405 nəfərin zərəçəkmiş qismində tanınması ondan irəli gəlir ki, istintaqa ilk gündən etimad olunmayıb. Burda bir çox səbəblər var. Səbəblərdən biri budur ki, işgəncə görmüş şəxslər Tərtər qətliamı kimi bir prosesdən keçdikdən sonra onların dövlətin istintaqına etimadı ola bilməz. Bu təbii nəticədir. Zərərçəkmişlərin bir hissəsi həmin işgəncələrdən qurtulduqdan sonra ordu sıralarından uyğunsuzluq maddəsi ilə tərxis olunduğundan onlar Azərbaycanda heç mülki sahədə də adi fəhlə işi də tapa bilmədiklərindən ölkəni tərk etməyə məcbur olublar. Digər hissə isə növbəti faciələrlə üzləşmək qorxusundan ölkəni tərk etməli olublar. Bir hissəni həmin o cinayəti törətmiş ordu rəhbərliyi yenidən dilə tutaraq orduya xidmətə qəbul edib. Bu ümumiyyətlə nonsensdir. Xidməti uyğunsuzluqla ordudan tərxis olunan şəxsləri yenidən orduya xidmətə qəbul ediblər. Burda söhbət bərpadan getmir, çünki bərpa olsaydı, onlara kompensasiya ödənməli idi. Bu o qədər ciddi pozuntudur ki, bunu heç izah etmək mümkün deyil. Bir hissəyə isə qeyri-leqal yollarla pul verilərək ələ alıblar. Onlar bu gün səsini çıxarmaqdan qorxurlar. Bir hissə isə müxtəlif ifşaedici materiallarla, o cümlədən zorlama videoları ilə təhdid olunduğuna görə müraciət etmir. Bir hissəni açıq şəkildə öldürməklə, yenidən həbs etdirməklə, işgəncə verməklə təhdid etdikləri üçün müraciət etmir. Yəni cinayətkar dəstə aktiv şəkildə müqavimət göstərir. O müqavimətin də əsas hissələrindən biri zərərçəkmişlərə qarşı göstərilən təzyiq, təhdid və digər vasitələrdir. Bax bundan qənaətə gələrək demək olar ki, təxminən 2 minə yaxın zərəçəkmişdən söhbət getdiyi halda 405 nəfərin müraciət etməsi və zərərçəkmiş kimi tanınması istintaqa, dövlətə, prokurorluğa etimadın olmamasıdır. İnsanlar inanmırlar ki, ədalət zəfər çalar, 5 ildən sonra başlanan istintaq onların haqqını bərpa edər. Yeri gəlmişkən, 9 mayda aparılan işdə bunu deməyə əsas verir. Başqa bir məqam da var. İnsanların bir çoxu bu illər ərzində işsiz qaldığından, ağır sosial duruma düşdüyündən gözləyirdi ki, istintaq bərpa olunar, cinayət işi açılar, hüquqi qiymət alar və onlar kompensasiya alarlar. Prokurorluq müstəntiqləri isə sorğuladıqları, şahid ifadəsi aldıqları zərəçəkmişlərə birmənalı şəkildə bildirirlər ki, heç bir kompensasiya söhbəti olmayacaq. İstintaq qrupu bunu məqsədli şəkildə edir ki, bununla zərəçəkmişlərin sayını azaltsınlar. Bu faktdır.

– Növbə yuxarılara da çatacaqmı?

– Proses belə öz axarı ilə getsə, təbii ki, çatmayacaq. Keçmiş korpus komandiri Hikmət Həsənov, onun müavinləri, hərbi prokurorluqda başda Xanlar Vəliyev və müavini Şəfayət İmranov olmaqla bu cinayətin təşkilində iştirak etmiş böyük bir komandanın böyük əksəriyyəti hələ də vəzifələrində qalır. Tərtər qətliamının təşkilatçılarından biri keçmiş Baş prokuror Zakir Qaralov və digər təşkilatçı onun müavini olmuş Rüstəm Usubova toxunulmur. Müdafiə Nazirliyinin keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıqova , onun bacısı oğlu Ramil Əsgərova toxunulmur. Belə olduğu halda hansı inamla demək olar ki, növbə yuxarılara çatacaq. Amma biz bu qətliamda əli olan təşkilatçıların hamısının cəzalanmasına qədər davam edəcəyik.

– İstintaqın obyektiv gedişi üçün hansı addımlar atılmalıdır?

– İstintaqın obyektiv gedişi və “Tərtər işi”nin tam açılması üçün ilk növbədə istintaqa cəlb olunmalı şəxslər Xanlar Vəliyev, Hikmət Həsənov, Ramil Əsgərov, Nəcməddin Sadıqov, Mədət Quliyev, Zakir Həsənov, Zakir Qaralov, Rüstəm Usubovdur. Bütün bu şəxslər vəzifələrindən kənarlaşdırılanda, onların qeyri- leqal toxunulmazlığı aradan qaldırılanda əksər məsələlərə aydınlıq gələcək. Bu o zaman olacaq ki, cəmiyyyətdən yetəri qədər təpki olsun. Təpki isə zamana bağlıdır. Siyasi hakimiyyət bu hadisənin ifşasını uzatmaqla yalnız özünə əlavə problemlər yaradacaq. Ona görə də bu cinayəti törədənlərin kimliyindən asılı olmayaraq hər kəsin cəzalandırılmasına qərar vermək lazımdır. Bu hadisə Azərbaycan dövlətinə qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Bunun arxasında Rusiya xüsusi xidmət orqanları dayanıb. Bakıda isə Rusiyadan qorxurlar. Nə qədər ki Rusiya çökməyib, həmin ölkə ilə bütün sahələrdə əl altından əməkdaşlıq edən Azərbaycan hakimiyyəti bu cinayətin açılmasına getməyəcək. Yalnız o halda gedə bilər ki, o cəmiyyətdən özünə təhlükə hiss edəcək. Bu isə zaman məsələsidir.

Bənzər yazılar

Back to top button