Cəmiyyət

Məişət zorakılığı: Qurumlar effektiv işləmir

Son bir ayda 14 yaşlı qızın Bərdədə bir neçə şəxs tərəfindən təcavüzə məruz qalması, 13 yaşlı qızın ana olması, Ağsuda qadının atası tərəfindən başının kəsilməsi kimi xəbərlər ard-arda gündəmi zəbt edir. Zaman-zaman bu mövzular ictimaiyyət və mediada geniş müzakirə olunsa da, bu kimi hallar qınanılsa da biz bu xoşagəlməz halların yenə də azalmadığının şahidi oluruq. Nədir bunun səbəbi? Femisid Azərbaycan platformasının təsisçisi Nərgiz Muxtarova ASTNA-nın suallarını cavablandırıb.

***

– Nərgiz xanım, son günlər yenə məişət zorakılığı, qadın qətlləri, azyaşlı qızlara qarşı təcavüz, zorlama xəbərləri artıb. Sizcə, nədir bunun səbəbi?

-Bununla bağlı vahid səbəbdən danışmaq çox çətindir. Bu, kompleks məsələdir və ona uyğun da yanaşma tələb edir. Zorakılığı araşdıran tədqiqatçılar hazırda daha çox “ekoloji yanaşmaya” istinad edirlər. Bura müxtəlif faktorların qarşılıqlı təsirləri aid edilir. Buna görə də buna səbəb kimi siyasi, sosial, iqtisadi, mədəni faktorların bir-birilə əlaqəli formada təsirini göstərmək olar. Siyasi səbəblər qadınların zorakılıqla qarşılaşdıqda onlara lazımi xidmətlərin, hüquq mühafizə orqanlarında qadınlara qarşı zorakılıq məsələlərinə xüsusi yanaşmanın, gender əsaslı zorakılıq problemlərinə yönəlik həll addımlarını atmağa siyasi iradənin olmamasının göstərmək olar. Digər tərəfdən sosial iqtisadi vəziyyətin də cəmiyyət də aqressiyanı artırdığına şahidlik edirik. Bu da tətikləyən səbəb kimi çıxış edə bilir. Bundan əlavə zorakılıq adətən qadınların statusunun aşağı olduğu, onların səlahiyyətləndirilməsinə daha çox qarşı çıxılan cəmiyyətlərdə daha geniş yayılıb. Bu da mədəni və sosial səbəblərdən biri kimi göstərilə bilər.

Lakin konkret olaraq Azərbaycan konteksində bu sualı cavablandırmaq xüsusilə çətindir. Çünki Azərbaycanda bu istiqamətdə tədqiqat işləri aparılmır və buna görə də zorakılıqla bağlı götəricilər deyilsə də, əsaslı tədqiqatlar olmadığı üçün səbəb-nəticə əlaqəsi qurmaq mümkünsüz olur. Rəsmi statistika göstərir ki, 2021-ci ildə məişət zorakılığı nəticəsində öldürülənlərin 72 faizi qadınlardır. 2020-ci ilin göstəricilərinə nisbətdə artım olduğu görünür. Amma burada sosioloji tədqiqat aparılmadığı üçün bu qətlləri tətikləyən səbəblərin nə olduğunu məhz Azərbaycan konteksində demək mümkünsüz olur.

– Sizin əlinizdə olan statistika nə deyir? Biz mediaya çıxan xəbərləri bilirik. Reallıqda vəziyyət necədir? Daha pisdirmi vəziyyət?

– Əslində təəssüf ki, bizim hazırda əldə etdiyimiz statistika da məhz mediada işıqlandırılan qətl xəbərlərinə əsaslanır. Çünki Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bizim istədyimiz formada məlumatların onlarda olmadığını bildirir və nəticədə biz sadəcə mediada işıqlandırlan xəbərlərlə kifayətlənməli oluruq. Bu da təbii ki reallığı tam əks etdirə bilməz. Ötən illə bağlı bizim monitorinq nəticələrinə əsasən 63 qadın məhz dar mənada femisid sayıla biləcək hadisələr nəticəsində öldürülüb (geniş mənada bütün qadın ölümləri bura aid edilir). Rəsmi statistik göstəricilərə görə isə 2021-ci ildə 46 qadın məişət zorakılığı zəmnində öldürülüb. Bu hesablamaların necə aparıldığına dair isə məlumatım yoxdur.

– Zaman- zaman bu məsələ gündəmə gəlir, müzakirə olunur, dövlət qurumları tənqid olunur və bitir. Amma bütün bunlardan yenə dərs çıxaran olmur. Bir qədər sonra yenə biz bu kimi xəbərlərlə rastlaşırıq. Sizcə, vəziyyətin düzəlməsi üçün hansı dövlət qurumları ciddi addımlar atmalıdırlar?

-2020-ci ildə Məişət zorakılığının qarşısının alınması haqda Fəaliyyət planı imzalandı. Bu plan 2023-cü ilə qədərki dövrü əhatə edir. Orada müxtəlif qurumların üzərinə düşən öhdəliklər qeyd olunub. Eyni zamanda bu plan yerli qanunvericiliyin beynəlxalq praktikaya inteqrasiyasını da nəzərdə tutur. Lakin təəssüf ki, 2023-cü ilə cəmi 1 il qalmasına baxmayaraq məişət zorakılığının qarşısının alınmasında hansısa əhəmiyyətli addımların həmin qurumlar tərəfindən atıldığının şahidi olmuruq. 2015-ci ildə yerli icra orqanlarında məişət zorakılığı halları üçün monitorinq qurumları yaradıldı, bu qurumların da demək olar ki, praktikada işləkliyi şübhə altındadır.

Vəziyyətin düzəlməsi üçün təbii ki, ilk növbədə yerli qanunvericilikdəki problemlər aradan qaldırılmalı, beynəlxalq praktika həqiqətən inteqrasiya edilməlidir. Buna İstanbul Konvensiyasını imzalayıb, ratifikasiya edərək başlaya bilərlər. Digər tərəfdən hazırda adları olan lakin faktiki fəaliyyətsiz yuxarıda qeyd etdiyim qurumların effektiv işləməsini təmin etmək, həmin qurumların yerlərdə vəziyyətlə bağlı monitorinq nəticələrini açıqlanması, bu nəticələr üzrə preventiv tədbirlər həyata keçirilməsi ilkin addımlar ola bilər. Bundan əlavə hüquq mühafizə orqanlarının məhz məişət zorakılığı ilə bağlı xüsusi təlimatlandırılması, həmin qurumlarda bu hadisələrə xüsusi yanaşmanın təmin olunması əhəmiyyətli addımlardan hesab oluna bilər. Ən əhəmiyyətlisi isə zorakılıqdan zərəçəkənlər üçün sığınacaqların sayının artırılması ola bilər. Hazırda bildiyim qədərilə ölkədə tutumu 100 nəfərə yaxın olan, 3 sığınacaq fəaliyyət göstərir. Bu isə 10 milyon əhalisi olan və bu sayın yarısını qadınların təşkil etdiyi bir ölkə üçün əhəmiyyətli dərəcədə azdır.

– Elm və Təhsil Nazirliyi, Daxili İşlər nazirliyi, məhkəmələr, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi daha çox qınanılır. Niyə məhz bu qurumlar? Problem bu qurumlardadımı?

– Problem təkcə bu qurumlarda deyil, amma təbii ki daha çox bu qurumların qınanılmasının əsaslı səbəbləri var. Bu gün Azərbaycanda doğulan uşaqların 1.5 faizi (bölgələrdə bu 2 faizdir) azyaşlılar tərəfindən dünyaya gətirilir. Bu da o deməkdir ki, həmin uşaqlar təhsildən kənarda qalaraq uşaq evliliyinə məcbur edilirlər və Təhsil nazirliyi bu halda təbii ki cavabdehdir. Tədrisdən yayınma hallarını bilən qurumlar bununla bağlı heç bir tədbir görmədiyi üçün birbaşa olaraq bu uşaq evliliklərinin qarşısının alınmasında hərəkətsizliklərinə görə haqlı olaraq qınanılır.

Daxili İşlər Nazilriyi və məhkəmələrlə bağlı isə zorakılıqdan zərərçəkənlərin ilk müraciət etməli olduqları və hüquqlarını bərpa etməli olan qurumlar olaraq qınaq obyekti olmaları indiki halda təbiidir. Çünki məişət zorakılığı ilə əlaqəli cinayətlərdən zərərçəkənlərin 75.9 faizi (son rəsmi göstəricilərə görə) qadınlardır. Lakin bu saya baxmayaraq böyük əksəriyyət polisə müraciət etməkdən çəkinir. Buna səbəb isə hələ də polisin məişət zorakılığı zərərçəkənləri ilə qərəzli rəftarlarının davam etməsi, ümumiyyətlə gender əsaslı zorakılıqları effektiv araşdırmamasıdır. Yuxarıda qeyd etdiyim saya baxmayaraq bu gün Azərbaycanda mühafizə orderi alanların sayı 10 nəfərə yaxın olursa, deməli bu qurumlar effektiv işləmir. İnsanlar arasında inamsızlıq mövcuddur.

Ailə Qadın Uşaq məsələləri üzrə Dövlət Komitəsinin isə xüsusilə mandatı bu məsələlərə aid olduğu üçün təbii olaraq ilk ağla gələn qurumdur. Lakin digər dövlət qurumlarında olduğu kimi orda da mandatı üzrə fəaliyyətlərində effektivlik nəzərə çarpmır.

-Sizin təklifləriniz nədir? Məişət zorakılığının, qadın qətllərinin, zorlama hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliklər edilməsi, daha konkret desək, barışdırmanı nəzərdə tutan müddəanın çıxarılması, mühafizə orderi ilə bağlı onu effektiv alətə çevirmək üçün dəyişikliklər edilməsi, məişət zorakılığının kriminallaşdırılması və ya ağırlaşdırıcı hal kimi cinayət məcəlləsinə daxil edilməsi, ödənişsiz hüquqi yardımla bağlı mexanizmlər yaradılması, məişət zorakılığı ilə işləyən hüquq mühafizə orqanlarında zərərçəkənlərlə adekvat rəftarla bağlı təlimatların olması, olmadığı halda məsuliyyət daşımaları, sığınacaq saylarının artırılması, bu sahədə səbəblərin öyrənilməsi və qarşısının alınması üçün tədqiqatlar aparılmasına şərait yaradılması-məsələn məişət zorakılığı ilə bağlı məxfi hesab olunmayan məlumatların ictimaiyyətə açıq olması kimi məsələləri atılmalı addımlar kimi sadalaya bilərəm.

Bənzər yazılar

Back to top button