Siyasət

“Bufer zona”nın yaradılması Azərbaycan ərazilərinin müdafiəsi üzrə Bakının yeni siyasətidir?

Azərbaycanın işğaldan azad olunmuş Ermənistanla qonşu ərazilərinə qayıdan minlərlə insanın təhlükəsiz yaşaması, habelə sərhəddə əsgərlərimizin təhlükəsiz xidmət göstərə bilməsi üçün Azərbaycan Ermənistan ərazisində “bufer zona” yaratmalıdır”, Bakıda politoloqlar belə hesab edirlər.

Bu barədə Üzeyir Cəfərov, Elçin Mirzəbəyli, İlqar Vəlizadə, Fərhad Məmmədov, Rizvan Hüseynov və Bakıdakı digər ekspertlər bildirirlər. Sosial şəbəkələrdə tarixçi R.Hüseynovun Ermənistan ərazisində 2022-ci ilin sentyabrında bir günlük müharibənin yekunlarına görə yaranmış “bufer təhlükəsizlik zonasını” göstərməklə tərtib etdiyi xəritə yayılıb.

Ermənistan KİV-ləri iddia edirlər ki, 12-13 sentyabr 2022-ci il tarixlərində döyüş əməliyyatları nəticəsində Azərbaycan ordusu sərhədin demarkasiyasının həyata keçirilmədiyi bölgədə 100 kv km-dən çox ərazini ələ keçirib və Ermənistanda əraziləri nəzarəti altına götürüb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazilərinin ələ keçirilməsi haqqında məlumatı “cəfəngiyyat” adlandırıb. Eyni zamanda, MN dəqiqləşdirmə edir: “Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır”.

Rusiya XİN-in dördüncü MDB ölkələri departamentinin direktoru Denis Qonçarın bugünki bəyanatına görə, “Avropa İttifaqında “əsas məqsədin Rusiyanı Zaqafqaziyadan sıxışdırıb çıxarmaq olduğunu gizlətmirlər belə”. Brüssel Moskvanın Bakı və Yerevanla üçtərəfli işinə müdaxilə etmək istəyir, Moskvanın 12-13 sentyabr hərbi əməliyyatlarının nəticələri ilə razı olduğunu qeyd edir. Moskva hərbi əməliyyatlara görə Azərbaycanı qınamayıb, KTMT isə təşkilatın baş katibi St.Zası regiona ezam etmək qərarı ilə kifayətlənib.

Gürcüstanlı politoloq Tengiz Ablotiya Turan-la söhbətində Aİ-nin Yerevanın Azərbaycan əleyhinə siyasətini dəstəklədiyi haqqında versiya ilə razılaşmayıb. “Aİ və ABŞ-ın Yerevanı Bakı ilə danışıqlarda güzəştsiz mövqeyə sövq etməsi haqqında fikir klassik konspirasiya nəzəriyyəsidir. Paşinyanın inadının səbəbi Ermənistanda onillər boyunca Türkiyə və Azərbaycan fobiyasını təkcə öz ideologiyasının deyil, həm də Ermənistanın mövcudluğunun mühüm məsələsinə çevirən ictimai rəydir. Onlar öz ərazilərində Azərbaycan nömrə nişanlı yük maşınları karvanları ilə barışa bilmirlər. Bu, onlar üçün təsəvvürolunmaz, qeyri-mümkündür, bu, bir ideya kimi ermənilikdən imtinadır”, deyə Ablotiya qeyd edib.

Amma ABŞ və Fransa rəsmi nümayəndələrinin məhz “Dağlıq Qarabağın statusunun” müzakirəsi üçün ATƏT-in Minsk Qrupunun işinin bərpa edilməsi zərurəti haqqında çox sayda bəyanatı var. Bu səbəbdən Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa razılaşmır və bu yaxınlarda sərhədin o tayında “təhlükəsizlik zolağının” yaranmasına gətirib çıxaran gərginliyin əsas səbəbi burada gizlənir.

Azərbaycan ekspertləri Ermənistan ərazisində Azərbaycan sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün bufer zona yaradılmasının məqsədyönlü olduğunu izah edərkən Dağlıq Qarabağ ətrafında 28 il mövcud olmuş “təhlükəsizlik zolağını” xatırladırlar. Bakıda ictimai xadimlər hakimiyyətdən bizim ərazilərimizi ermənilərin hərbi təxribatlarından qorumaq üçün Ermənistanda “bufer zona” yaratmağı tələb edirlər.

Amma bir müddət əvvəl, bu ilin fevralında Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ermənilərə “zolağı” xatırladıb. Ermənistan İctimai Televiziyasına müsahibəsində Rusiyanın Ukraynada hərbi əməliyyatları başladıqdan sonra hadisələrin necə inkişaf edəcəyi haqqında suala cavabda o, Birinci Qarabağ müharibəsi ilə müqayisə aparıb.

“90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi yarandıqda və Dağlıq Qarabağın özünümüdafiə qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə qarşıdurmaya girdikdə, bir müddət sonra onlar qələbə qazanaraq Dağlıq Qarabağ respublikasının sərhədlərinə qədər gedib çatdılar və bütün bunların nəticəsində Azərbaycanla qonşuluqda bir sıra rayonları – yeddi rayonu ələ keçirdilər”, deyə Zatulin bildirib.

“Hər yerdə və həmişə danışıqlar prosesində Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını müdafiə edərək (ermənilər – red.) qəti nizamlanma üçün bufer zonanın zəruri olduğunu gizlətmirdilər. Sonra nə oldu, bilirik. Ermənistanın istədiyi kimi olmadı. Amma, istənilən halda, 20 ildən çox məhz bu mövqeyi tuturdular (ermənilər – red.)”, deyə Zatulin qeyd edib.

Rusiya Gürcüstan ərazisində “bufer zonalar” yaradıb, Putin bu məqsədlə Ukraynada müharibə aparır. İsrail Misirlə sərhəd boyunca və Qəzzə bölgəsində yəhudilərin təhlükəsizliyi üçün bufer zonalar yaradıb. Türkiyə qoşunlarının Suriya ərazisinə yeridilməsi ilə Ankara orada kürd terrorçuların Türkiyəyə qarşı hücumlarına qarşı mübarizə üçün 30 km enində bufer zona yaratdı. Türkiyənin Suriyadakı əsas vəzifələrindən biri öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.

Azərbaycan aralarında Ermənistan da olmaqla, digər ölkələrin sınaqdan keçirdiyi öz sərhədlərinin qorunması üsulunu – bufer zonanı tətbiq edir, deyə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

Kamal Əli

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button