Cəmiyyət

Bakıda “Avropada təhsil” sərgisi keçirilir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa ali məktəblərində təhsil almaq istəyənlər üçün “Avropada təhsil” sərgisi keçirir.

Noyabrın 18-də tədbirin açılış mərasimində Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəsi Peter Mixalko bildirib ki, Bakıda təhsil sərgisi Aİ missiyasının, üzv ölkələrin səfirliklərinin, habelə Aİ-nin nüfuzlu ali məktəblərinin dəstəyi ilə ardıcıl olaraq artıq ikinci ildir keçirilir.

Təhsil Aİ və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətidir. Bir çox azərbaycanlı artıq Aİ-də təhsil alıb və ümid edirəm ki, sizin də əksəriyyətiniz Avropa ali məktəblərinin tələbələri sırasına qoşulacaq”, deyə Mixalko qeyd edib. O, Avropa İttifaqının ali təhsil sahəsinin dünya səviyyəli ali məktəblərə və araşdırma proqramlarına çıxış imkanı ilə təmin etdiyini bildirib. “Avropa ali məktəbləri Azərbaycandan və bir çox digər ölkələrdən tələbələr üçün açıqdır. Aİ ölkələrindən birində təhsil almaq tələbələrin təkcə keyfiyyətli ali təhsil almasına deyil, həm də səyahət etməsinə və yeni dostlar qazanmasına imkan verəcək”, deyə Mixalko əlavə edib.

“Avropada təhsil” sərgisi 2023-cü ildə Aİ-də həyata keçirilən “Avropa bacarıqlar ili” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərdən biridir.

Onun məqsədi müasir bacarıqlar əldə etməyin və peşəkar təhsili təkmilləşdirməyin vacibliyinə diqqət cəlb etməkdir. Bu, Aİ və digər ölkələrdəki şirkətlərin kəskin kadr çatışmazlığı problemini həll etməsinə kömək edəcək.

“Avropada təhsil” sərgisi 18-19 noyabr tarixlərində Bakıda Hilton otelində keçirilir.

Avropada təhsillə maraqlanan hər kəs www.studyineu.az veb-saytında qeydiyyatdan keçib tədbirdə iştirak edə bilər.

Bənzər yazılar

Back to top button