GündəmManşetSiyasət

Erməni mənbə Azərbaycan Silahlı Qüvvələrinin 50 kvadrat kilometr yox, daha çox ərazini tutduğunu bildirir

Ermənistanın “Hayaliq” (erməni dalğası) analitik saytı 12-14 sentyabr tarixlərində baş vermiş hərbi əməliyyatların nəticələrilə bağlı araşdırma dərc edib.

Bu resurs bildirir ki, həmin döyüşlər nəticəsində Azərbaycan qoşunları Qeqarkunik vilayətində xeyli irəliləyib.

Material müəllifləri açıq mənbələrdən məlumatlara istinad edərək bildirirlər ki, müxtəlif hissələrdə düşmən Ermənistan ərazisinin 4,5 kilometrdən 8 kilometr dərinliyinə qədər irəliləyib.

Əsasən Axpradzor, Çermakakara (2747,8 metr), Uxtasar (2851 metr) yüksəklikləri və Verin Şorj kəndindən 700 metr aralıdakı 2484 metr yüksəklik tutulub.

Azərbaycan Silahlı Qüvvələri Norabak kəndi istiqamətində bu kənddən 2 kilometr aralıdakı 2338 metr yüksəkliyi tutub.

Araşdırmada deyilir ki, 2021-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulmuş ərazilər nəzərə alınmaqla, ermənilər 150 kvadrat kilometr ərazi itiriblər.

Xatırladaq ki, ötən gün baş nazir Paşinyan bu müddətdə 50 kvadrat kilometr ərazinin itirildiyini bildirib.

Bundan öncə Azərbaycan Müdafiə Nazirliyi 12-13 sentyabr döyüşləri zamanı strateji yüksəkliklərin tutulduğunu bildirmişdi.(Turan)

Bənzər yazılar

Back to top button