İdman

“Qarabağ” fransızları darmadağın etdi

Cümə axşamı futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda keçirilən Ağdamın “Qarabağ” klubu Fransanın “Nant” komandasını 3:0 iri hesabla məğlub edib.

Hər üç qol ikinci hissədə ev sahiblərinin çoxgedişli kombinasiyalarından sonra vurulub.

60-cı dəqiqədə hesabı “Qarabağ”ın hücumçusu Ovusu Kvabena açıb. Beş dəqiqə sonra Abdellah Zubir hesabı artırıb. 72-ci dəqiqədə Marko Veşoviç üçüncü qolu vurub.

“Qarabağ” FK bugünkü qələbədən sonra ilk üç xalı toplayaraq qrupda ikinci pilləyə yüksəlib.

Birinci yerdə bu gün Yunanıstan “Olimpiakos”una 3:0 hesabı ilə qalib gələn və 6 xal toplayan Almaniyanın “Frayburq” komandasıdır.

“Nant” 3 xalla 3-cü pillədə qərarlaşıb, heç bir xal qazanmayan “Olimpiakos” qrupda sonuncu yerdədir.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçının əvvəlində Tofiq Bəhramov adına Respublika stadionunda tamaşaçılar sentyabrın 12-14-də Ermənistanla sərhəddə gedən döyüşlərdə həlak olan Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bənzər yazılar

Back to top button